MAP

FILE PHOTO: Vatican Secretary of State Cardinal Pietro Parolin receives a Distinguished Guest recognition in Mexico City

Kardinal Parolin: "Biz təslim olmamalıyıq"

Kardinal Pietro Parolin, Neapolda keçirilən 75-ci Milli Liturgiya Həftəsinin açılışında çıxış edərək, Qəzzada və Ukraynada davam edən hərbi münaqişələrin yaratdığı insan faciəsindən və "bütün ümidsizliyə rəğmən" ümid etməyin vacibliyindən danışıb.

Vatican News tərəfindən

“Qəzzada baş verənlərə görə dəhşətə gəlirik,” – deyə kardinal Parolin bildirib və vurğulayıb ki, “hadisələri pisləməkdə yekdil fikir var.” Liturgiya Həftəsinin açılış tədbiri çərçivəsində çıxış edən kardinal, Xan Yunisdəki Nasser Xəstəxanasına edilən İsrail hücumuna da toxunub. Bu hücum nəticəsində aralarında beş jurnalistin də olduğu 20 nəfər həyatını itirib. “Bunun heç bir mənası yoxdur,” – deyə o bildirib. O əlavə edib ki, “həll üçün heç bir yol görünmür” və vəziyyət “getdikcə daha da çətinləşir, humanitar baxımdan isə daha da təhlükəli olur; bunun nəticələrini hər gün görürük.”

Ukraynadakı müharibə ilə bağlı kardinal “çoxlu siyasətə” ehtiyac olduğunu vurğulayıb, çünki “nəzəri cəhətdən çoxsaylı mümkün həll yolları və sülhə aparan cığırlar var. Amma onlar həyata keçirilməlidir və bu da qəlbin hazır olmasını tələb edir.”

Kardinal Parolin sözünə davam edərək, “bütün dünyanın ümidə ehtiyac var” – deyə bildirib və Papa Fransisk tərəfindən elan edilən və məhz bu mövzuya həsr olunmuş Yubileyi xatırladıb. O, Yubiley ilinin məqsədini “ümidi yenidən qazanmaq anı” kimi təsvir edib.  Dövlət Katibinin sözlərinə görə, "xüsusən beynəlxalq səviyyədə ümid üçün çox səbəbin olmadığı bir zamanda, bu bütün ümidsizliyə rəğmən bir  ümiddir".  Son günlər, – deyə o əlavə edib, – bir daha göstərdi ki, münaqişə vəziyyətlərində sülh yollarını işə salmaq çox çətindir. Amma, o israrla vurğulayıb ki, “biz təslim olmamalıyıq”, əksinə “sülh və barışıq üçün işləməyə davam etməliyik.”

27 avqust 2025, 15:51