Müharibədən zərər çəkmiş dünya üçün sülh quruculuğunun dini aspektləri
Linda Bordoni tərəfindən
Vatikanda keçirilən iki günlük beynəlxalq konfrans Üçüncü Dünya Müharibəsi ilə parçalanmış bir dünyada, dini fiqurların sülh quruculuğundakı rolunu araşdırır.
2025-ci il iyulun 10–11-də baş tutan tədbir “Sülh Quruculuğunun Dini aspektləri” adlanır və Sosial Elmlər üzrə Pontifik Akademiyası (PASS), Notr Dam Universitetinin Qlobal Münasibətlər üzrə Keoh(Keough) Məktəbi və Oslo Sülh Araşdırmaları İnstitutu (PRIO) birgə təşkilatçılığı ilə keçirilir.
Çıxış edənlər arasında Notr Dam Universitetində Sülh Razılaşmaları Matriksi layihəsinin direktoru professor Cosefina Eçavaria da var. “Vatican News” portalına verdiyi açıqlamasında professor Eçavaria bu tədbiri “iman əsaslı dəyərlərin və dini rəhbərliyin həm sülh danışıqlarına, həm də müharibədən parçalanmış cəmiyyətlərin sağalmasına necə töhfə verdiyini araşdırmaq üçün bir imkan” kimi xarakterizə edib.
İnanc — legitimlik və barışığın mənbəyi kimi
Professor Eçavaria izah edib ki, dini liderlər çox zaman, xüsusilə, qarşıdurma tərəfləri arasında etimadın zəif və ya tamamilə olmadığı hallarda sülh proseslərinə mənəvi nüfuz və legitimlik gətirirlər.
Kolumbiyalı olan Eçavaria, münaqişədən əziyyət çəkmiş bir ölkədə yaşamaq və sülh prosesində iştirak təcrübəsinə də əsaslanır. “Məsələn, Kolumbiyada,” – deyə o bildirib – “Katolik Kilsəsi, Karitas Kolumbiya və digər təşkilatlar vasitəsilə 2016-cı il sülh razılaşmasının icrası zamanı böhranların həllində mühüm rol oynayıb.”
Sülh Razılaşmaları Matriksi layihəsindəki fəaliyyəti barədə danışan Eçavaria qeyd edib ki, “biz sülh tədqiqatlarını sülh quruculuğu praktikası ilə, sülh danışıqları ilə birləşdiririk, vətəndaş cəmiyyətinə yerli səviyyədə dəstək verməklə, müharibədən sülhə keçid prosesinə və eyni zamanda barışığa töhfə verməyə çalışırıq.”
O, həmçinin Cənubi Afrikadakı Həqiqət və Barışıq Komissiyası, eləcə də Mozambikdə Sant Egidio İcmasının fəaliyyəti kimi nümunələrə istinad edərək vurğulayıb ki, ruhanilər çox zaman illərlə davam edən zorakılıqdan sonra dialoq və sağalma üçün əvəzsiz rol oynaya bilər.
“Ona görə ki, müharibədən sonra insanlar təkcə təhlükəsizlik deyil, eyni zamanda ləyaqət, iştirak və ümid istəyirlər. Və çox zaman bu ehtiyacları ən yaxşı şəkildə, ürəyə və vicdana xitab edən ruhanilər qarşılaya bilir,” – deyə o əlavə edib.
Dialoq və əməkdaşlıq üçün platforma
Konfrans aşağıdakı mövzuları araşdıracaq: Müqəddəs Taxt-Tac diplomatiyasının rolu; dini aspektləri olan münaqişələrdə dünyəvi vasitəçilik; və dinlərarası təşəbbüslərin önəmi. Təşkilatçıların bildirdiyinə görə, konfrans yekun sənəd hazırlamaq məqsədi daşımır, əksinə akademik institutlar, dini icmalar və sülh qurucuları arasında davamlı əməkdaşlığı təşviq etməyi hədəfləyir.
“Ümid edirik ki, bu uzunmüddətli tərəfdaşlığın başlanğıcıdır,” – deyə professor Eçavaria bildirib və Latın Amerikası, Afrika və Avropadan müxtəlif kontekstlərdən olan vasitəçilərin iştirakını vurğulayıb.
Təhsil, imkanların artırılması, uzunmüddətli dəyişiklik
Professor Eçavaria sülhə yönəlmiş təhsilinin əhəmiyyətini vurğuladı, bunun yalnız məktəblərdə deyil, həm də ünsiyyətin, vasitəçiliyin və empatiyanın inkişaf etdirilə biləcəyi qeyri-rəsmi mühitlərdə də vacib olduğunu bildirdi.
“O dedi ki, sülh quruculuğunun texniki tərəfi var — danışıqların necə asanlaşdırılmasından tutmuş zorakılıq qurbanlarına necə dəstək olunmasına qədər. Amma həmçinin insani tərəfi də mövcuddur: zəifləri görmək üçün hazır olmaq, etimadı qurmaq, insanları yeni yollar seçməyə ruhlandırmaq.”
Müasir münaqişələrin artan şəkildə mülki əhalini hədəf aldığı bir dünyada, o əlavə etdi ki, sülh proseslərində qurbanların nəzərə alınması və onların səslərinin eşidilməsi çox vacibdir.
Papanın sülh çağırışları
Papa tərəfindən sülh çağırışlarının təsiri barədə soruşulduqda, professor Eçavaria onların həm silahlı münaqişədə iştirak edənlər, həm də barış axtaranlar üçün əhəmiyyətini təsdiqlədi.
“Papanın səsi milyonlara çatır: döyüşçülərə, qurbanlara və sülh qurucularına. Bu, vicdana və cəsarətə çağırışdır,” – deyə o vurğuladı.
“Biz böhran rejimindən yaradıcı əməkdaşlığa keçməliyik,” – dedi. “Və bu konfrans da həmin istiqamətdə bir addımdır” – Eçavaria əməkdaşlığın vacibliyini önə çəkərək əlavə etdi.
O, həmçinin təkrarladı ki, “biz bu vəziyyətə böhran rejimində, sadəcə sağ qalmaq üçün cavab verməyə davam edə bilmərik. Biz bir addım daha irəli getməliyik; birlikdə düşünməliyik ki, necə irəliləmək və körpülər qurmaq olar.”