MAP

2018.11.29 Santiago de Compostella, cammino santiago di compostela

Gənc Xristianlar Avropanın ruhunu yeniləmək üçün manifestə başlayırlar

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti “Avropa Gənc Xristianlarının Manifesti”ni təqdim etmək üçün konfrans keçirib. Romadan başlayıb Yerusəlimdə başa çatan zəvvarlıq yolundan ilhamlanan bu təşəbbüs Avropanın xristian kimliyini və ümidini canlandırmağı hədəfləyir.

Canina Eddi tərəfindən

Roma ’25 – Müqəddəs Yaqub Yolu (Santyaqo de Kompostela) ’27 – Yerusəlim ’33 – bu, bir qrup gənc tərəfindən yaradılmış və 1 iyul tarixində Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin ofisində keçirilən brifinqdə təqdim olunmuş layihənin adıdır. Bu layihə “Avropa Gənc Xristianlarının Manifesti”nin bir hissəsi kimi elan olunub.

Təşəbbüs zəvvarlıq səfərləri, yevangelizasiya və ruhani dirçəliş proseslərini əhatə edir və məqsədi “Avropanın ruhunu bərpa etmək”, çox zaman itirilmiş kimi görünən ümidi yenidən alovlandırmaqdır – bu da Papa Fransiskin “Spes Non Confundit” məktubunda yazılanlara uyğun gəlir.

Bu təşəbbüsə qoşulanlar dünyaya bildirmək istəyirlər ki, hər kəs üçün “Məsihin gözəlliyi, həqiqəti və sevgisi” ilə yenidən əlaqə qurmaq mümkündür, xüsusilə də çətinlik və mübarizə dövrlərində.

Yevangelizasiya üzrə Dikasteriyanın təşviq etdiyi pastoral və müjdəçilik prosesinə daxil edilən bu təşəbbüs, Gənclər Yubileyi üçün hazırlıq çərçivəsində həyata keçirilir. “Avropa Gənc Xristianları” 2025-ci il avqustun 1-də Trasteveredəki Müqəddəs Məryəm Bazilikasında Manifestin elan olunması ilə başlayacaq, 2027-ci ildə Santyaqo de Kompostelaya doğru davam edəcək və 2033-cü ildə Yerusəlimə çatacaq.

Hər kəsə səslənən bir hərəkat

Mətbuat konfransında Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin direktoru Matteo Bruni qeyd etdi ki, Gənc Xristianların Manifesti sadəcə bir “tədbir” deyil, həm də bir hərəkatdır – bütün Avropalı gənclərə onların imanları haqqında səslənmək üçün yaradılmış bir təşəbbüsdür və bu, qitə üçün böyük əhəmiyyət daşıyır.

İspaniyanın Palensiya yeparxiyasının yepiskopu Mikel Garsiandia bu təşəbbüsün əhəmiyyətindən danışaraq, bu “genesis”in (yəni “başlanğıcın”) vacibliyini vurğuladı və layihənin geniş şəkildə yayılmasının və məqsədinə – əsl xristian Avropasına çatmasının zəruriliyini qeyd etdi.

Avropa Yepiskoplar Konfransları Şurasının baş katibi ata Antonio Ammirati isə Papa Fransiskin sözlərini xatırladaraq belə dedi: “Sadəcə bir turist olmayın, zəvvar ayaqqabılarını geyinin”, və bu günün gənclərində dərin bir ümid olduğunu bildirdi.

Keşiş Gratsiano Borqonovo isə zəvvarlığın mahiyyətini belə izah etdi: “Biz səfərə çıxmağı seçirik, çünki Məsihi ardıca getmək hərkətsiz qalmaq demək deyil…”, Santyaqo de Kompostela arxiyepiskopu Fransisko Xose Prieto Fernandez isə Müqəddəs II İoann Pavelin sözlərini sitat gətirərək gəncləri Rəbbin çağırışına qulaq asmağa çağırdı.

Manifestin Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti ofisində təqdimatı
Manifestin Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti ofisində təqdimatı

Gənclər məna və məqsəd axtarışında

Nəhayət, “Roma 25 – Santyaqo 27 – Yerusəlim 33” layihəsinin Beynəlxalq Komitəsinin gənc nümayəndəsi və sözçüsü Fernando Moskardo Veqas qeyd etdi ki, Manifest yalnız gənc nəsilin məna və məqsəd axtarışının nəticəsidir. “Məsih yaşayır və Avropa öz ruhunu tapa bilər, əgər qulaq asarsa,” – deyə Veqas bildirdi və Müqəddəs Avqustindən belə bir sitat gətirdi: “Ey Rəbb, Sən bizi Özün üçün yaratdın və biz yalnız Səni tapsaq, sakitlik tapacağıq.” Onun izahına görə, bu Manifest daha çoxunu axtarmaqdan qorxmayan gənc nəslin iman çağırışıdır.

O sonda dedi ki, bu təşəbbüs təkcə bir kampaniya kimi yox, peyğəmbər ruhlu və missioner bir inqilab kimi görülməlidir. Bu, Məsihə doğru dərin və dəyişdirici bir dönüşü göstərir. Gənc Xristianlar anlayırlar ki, onlar Məryəmin müşayiəti ilə irəliləyirlər. Məryəm tərəddüd etmədən Rəbbə “razıyam” demişdi. Buna görə də Avropanın simvoluna çevrilmiş “ruhani qılınc” yenidən göylərə yönəlir və göstərir ki, Məryəm kimi biz də Məsihə dönərək həyatımızın itkin parçalarını tapa bilərik.

Fernando Moskardo Veqas
Fernando Moskardo Veqas
03 iyul 2025, 14:29