Kardinal Parolin: Ümid edirik ki, İstanbuldakı danışıqlar sülhə yollar açacaq
Salvatore Çernutsio tərəfindən
Bütün diqqətlər Türkiyəyə yönəlib – həm I Nikeya Konsilinin (Kilsə Məclisinin) 1700 illiyi münasibətilə Papa XIV Leonun ilk səfəri üçün mümkün ölkəyə kimi, həm də 15 may cümə axşamı başlayacaq İstanbul sammitinin keçiriləcəyi məkana kimi. Həmin sammitin məqsədi Rusiya və Ukrayna prezidentlərini atəşkəs məqsədilə birbaşa danışıqlar masasına gətirməkdir. Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin, Ukrayna Yunan Katolik Kilsəsinin himayəsi altında təşkil olunan “Ukrayna üçün və Ukraynadan gələn ümid teologiyasına doğru” adlı tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. Kardinal, ABŞ-ın vasitəçiliyi ilə baş tutacaq bu birbaşa danışıqların – əgər baş tutarsa – Prezident Zelenski ilə Prezident Putini ilk dəfə üz-üzə gətirə biləcəyini və bununla bağlı ümidlərini bölüşüb.
“Biz həmişə sülh üçün fürsətlərin olmasına ümid edirik” – kardinal müxtəlif media nümayəndələrinə bildirib. “Birbaşa görüşün mümkün olması bizi sevindirir. Ümid edirik ki, orada mövcud problemlər həll olunar və həqiqi bir sülh prosesi başlaya bilər.” Dövlət Katibinin sözlərinə görə, nə baş verəcəyini əvvəlcədən demək “hələ tezdir”, lakin ümid budur ki, İstanbulda keçiriləcək bu görüş müharibənin sona çatması üçün “ciddi bir başlanğıc nöqtəsi” olacaq
Papanın Kiyevə səfərini düşünmək üçün hələ tezdir
Kardinal Parolin, həmçinin, Papa XIV Leonun Ukraynaya səfəri ilə bağlı danışmağın “hələ tez olduğunu” bildirib. Bu, Prezident Zelenskinin bazar ertəsi səhər etdiyi telefon zəngi zamanı etdiyi dəvətə toxunaraq qeyd olunub. Papa, bazar günü oxunan “Regina Caeli” (“Səmavi Mələkə” duası) zamanı və həmin gün Şərq Kilsələrinin Yubileyində etdiyi çıxışda müharibədən əziyyət çəkən bölgələr üçün çağırışlar edib. “O, pontifikatının başlanğıcından bəri dəfələrlə etdiyi kimi, müharibənin bitməsi üçün çağırışlarını davam etdirəcək,” – Kardinal əminliklə bildirib. “Biz görüşlərə şərait yaratmaq üçün məkan təqdim etməyə də hazırıq. Bu mərhələdə vasitəçilikdən danışmaq bəlkə də artıq olar, lakin ən azından yaxşı niyyətli təşəbbüslərlə prosesə töhfə verməyə hazırıq.” Vatikan eyni zamanda “digər davam edən təşəbbüslərə müdaxilə etmək istəmir.”
Uşaqların geri qaytarılması prosesi hələ də davam edir
Dövlət Katibi deyir ki, Müqəddəs Taxt-Tacın mövqeyi “tərəfləri bir-birinə yaxınlaşdırmaq, yeni ayrılıqlar yaratmamaq” məqsədi daşıyır. O, kardinal Matteo Zuppinin rəhbərlik etdiyi missiya çərçivəsində Rusiyaya zorla aparılmış bəzi Ukraynalı uşaqların geri qaytarılmasına səbəb olan bu mexanizmin “hələ də fəaliyyətdə” olduğunu təsdiqləyir. Bu proses əsasən “Nunsiaturalar vasitəsilə adların ötürülməsi, daha sonra isə yerli yoxlama və cavablardan” ibarətdir. Bu uşaqların sayı “çox mübahisəlidir,” amma əsas odur ki, “onlar tədricən ailələrinə, evlərinə və sevdiklərinin yanına qayıdırlar.”
Qəzzadakı münaqişənin sona çatdırılması
Yaxın Şərqə gəlincə, Papa və Müqəddəs Taxt-Tac, Papa Fransiskin müəyyən etdiyi yolla davam edəcəklər: Qəzzadakı münaqişənin dayandırılması, girovların azad olunması və Qəzzaya humanitar yardım göstərilməsi ilə bağlı davamlı çağırışlar ediləcək. Bu mövzularda, Konklavdan əvvəl keçirilən ümumi toplantılarda “ciddi müdaxilə üçün güclü çağırış” səsləndirilib, eyni zamanda Yaxın Şərqdə xristianların sayının getdikcə azalması ilə bağlı “narahatlıq” ifadə olunub. Kardinal Parolin deyib: “Bu ciddi problemə cavab tapmalı olacağıq.”
Papa XIV Leo-nun sülh səyləri
Konklav öncəsi və zamanı keçirilən müzakirələrin məzmunu ilə bağlı suallardan yayınaraq (“bizə cavab verə bilməyəcəyimiz suallar verməyin,” – deyə təbəssümlə bildirdi), kardinal Parolin yeni seçilmiş Papa barədə danışmağa üstünlük verdi. Onun haqqında “çox müsbət” şərhlər və reaksiyalar alındığını bildirdi. “O, özünü çox sakit və təmkinli bir şəkildə təqdim etdi. O, sülh adamıdır, sülh arzulayır və ilk salamlaşmasından etibarən vurğuladığı körpülər vasitəsilə sülh quracaq.”
Nikeaya mümkün səfər
Nəhayət, Papa XIV Leo-nun ilk səfəri barədə sualı cavablandıran Kardinal dedi: “Mən Nikeanı düşünürəm. Bu, Katolik Kilsəsi və ekumenizm üçün mühüm bir andır. Papa Fransiskin ora səfər etməsi planlaşdırılmışdı. Düşünürəm ki, Papa Leo da eyni yol ilə gedəcək.”