MAP

+ Parolin: Ucraina? Prima condizione � mettere fine aggressione +

Kardinal Parolin: Qəzzanın bombalanmasının dayandırılmasına və Ukraynada atəşkəsə çağırırıq

Dövlət Katibi kardinal Pietro Parolin “Vatican News”-a verdiyi müsahibədə Qəzzada beynəlxalq humanitar hüquqa riayət etməyə, HƏMAS-ı bütün girovları azad etməyə çağırıb, antisemitizmi pisləyib və Vatikanın Rusiya və Ukrayna arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Andrea Tornielli tərəfindən

Müqəddəs Taxt-Tacın Dövlət Katibi Kardinal Pietro Parolin, “Vatican News” portalına hazırda Müqəddəs Taxt-Tacın diqqət mərkəzində olan bir neçə məsələ barədə danışıb.

Bunlara Qəzzadan gələn dəhşətli görüntülər, Vaşinqtonda antisemit hücumu, Ukrayna ilə bağlı sülh sammitinin mümkünlüyü və Papa XIV Leo-nun pontifikatının ilk günləri daxildir.

Kardinal həzrətləri, Qəzzada uşaqlar aclıqdan ölür, əhalinin həyat gücü tükənir; məktəblərə və xəstəxanalara bombalar yağır. Hələ də bombalanmanı dayandırmaq niyyəti görünmür...

Qəzzada baş verənlər qəbuledilməzdir. Beynəlxalq humanitar hüquq bütün hallarda tətbiq edilməli və hamıya şamil edilməlidir. Biz bombardmanların dayandırılmasına və əhaliyə lazımi yardımın çatdırılmasına çağırırıq: hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu faciəyə son qoymaq üçün əlindən gələni etməlidir.

Eyni zamanda, HƏMAS-ın hələ də saxladığı bütün girovları dərhal azad etməsi və 7 oktyabr 2023-cü ildə İsrailə qarşı vəhşicəsinə hücumundan sonra öldürülənlərin cəsədlərinin qaytarılması tələbini bir daha təkrar edirik.

Bu yaxınlarda Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürüldüyü hücuma münasibətiniz necə oldu?

Bu məni dərindən sarsıtdı. Oktyabrın 7-də olduğu kimi, burada da günahsız qurbanlar var və onlar da sülh və humanitar təşəbbüslərə sadiq idilər. Biz ayıq-sayıq olmalı və hələ də tam məğlub olmayan antisemitizm xərçənginin yenidən baş qaldırmasına imkan verməməliyik.  

Son günlər İstanbul görüşün təvazökar nəticələrindən sonra Vatikanın ev sahibliyi ilə yeni danışıqların mümkünlüyü qeyd olundu, baxmayaraq ki, ruslar artıq “yox” demişdilər. Bu cəbhədə nə baş verdiyini bizə deyə bilərsinizmi?

Papa Leo, Müqəddəs Taxt-tacın neytral, qorunan bir məkan təmin edərək istənilən danışıqlara ev sahibliyi etmək üçün tam hazır olduğunu təklif etdi. Bu vasitəçilik deyildi, çünki vasitəçilik tərəflər tərəfindən istənilməlidir. Bu halda, mümkün görüş üçün yalnız açıq qonaqpərvərlik təklifi olmuşdur. Hazırda Cenevrə kimi digər potensial yerlər müzakirə olunur.

Hər halda, ruslar və ukraynalılar arasında danışıqların - bizim hamımızın ümid etdiyimiz danışıqların - harada aparılacağı vacib deyil. Həqiqətən vacib olan odur ki, bu danışıqlar nəhayət başlasın, çünki müharibə təcili olaraq dayandırılmalıdır.

Hər şeydən əvvəl, dağıntılara, dağıdılmış şəhərlərə, dinc əhalinin həyatını itirməsinə son qoymaq üçün atəşkəs lazımdır. Daha sonra təcilli olan - hər iki tərəfin qəbul etdiyi və razılaşdığı sabit, ədalətli və davamlı sülhə nail olmaqdır.

“Sülh” sözü yeni Papanın seçildiyi ilk dəqiqələrdən onun dilində idi.

Bəli, Papa XIV Leo öz sələflərinin yolu ilə qətiyyətlə getməyə davam edir. Roma Papası Fransiskin sülh və tərksilahdan danışaraq imanlılara sonuncu xeyir-duasını verdiyi məkan olan Müqəddəs Peter Bazilikasının mərkəzi eyvanından ilk “Səmavi Mələkə” müraciətində Regina Papa Leo-nun Papa Müqəddəs VI Paulun BMT-də dediyi “Bir daha müharibə olmasın!” sözlərini təkrarlaması məni heyrətə gətirdi.

Papa və bütün Müqəddəs Taxt-Tac sülh quruculuğuna sadiqdir və dialoq və danışıqlar üçün bütün təşəbbüsləri dəstəkləyir.

Bəziləri Vatikanın dünya səhnəsində “baş qəhrəman rolunu” bərpa etməsindən danışır...

Mən XIV Leo-nun Sikstin kapellasında kardinallarla keçirdiyi ibadət zamanı və Pontifikatının başlanğıcına həsr olunmuş ibadət zamanı söylədiyi dərin mənalı sözlərə istinad etmək istərdim: biz arxa plana keçməliyik, çünki baş qəhrəman Məsihdir; xristianlar özlərini başqalarından üstün hesab etmirlər, lakin onlar məhəbbət, birlik və sülhə şəhadət verməklə “xəmirin mayası” olmağa çağırılıblar.

“Baş qəhrəman”dan danışmaq əvəzinə, mən sülh və qardaşlığa xidmət kontekstində diplomatik təşəbbüslər irəli sürərdim.

Jurnalistlərə müraciət edən Papa Leo “fərqli ünsiyyət növü”nə çağırış etdi. Sizcə dünyada “söz savaşı” da var?

Jurnalistlər - və ümumiyyətlə, rabitəçilər - xüsusilə müharibə dövründə qiymətli bir vəzifəni yerinə yetirirlər. Papa "aqressiv sözlərlə maskalanmayan" və "təvazökarlıqla axtarmalı olduğumuz həqiqətin axtarışını sevgidən heç vaxt ayırmayan" ünsiyyətə çağırdı. Sözlər həm də müharibə alətinə çevrilə bilər və ya bir-birimizi başa düşməyə, dialoqa girməyə, bir-birimizi qardaş və bacı kimi tanımağa kömək edə bilər. Sülh hər birimizdə başlayır və biz başqaları ilə necə ünsiyyət qurduğumuzdan başlayaraq sülh qurmağa çağırılmışıq. Papa Leo-nun izah etdiyi kimi, biz ünsiyyətimizdə belə “müharibə paradiqmasını rədd etməliyik”.

Həqiqət axtarışından danışarkən: Papa Fransiskin pontifikatının son günlərində, konklavdan əvvəlki günlərə qədər, Kuriyadakı müxtəlif Dikasteriyalar rəhbərlərinin əvvəllər aldıqları sui-istifadə ittihamları ilə necə davrandıqları barədə şərhlər var idi. Bunlar təhlil edilibmi?

Yeparxiya yepiskopları kimi fəaliyyət göstərdikləri müddətdə sui-istifadə halları barədə məlumatlarla əlaqədar Roma Kuriyasının bəzi Dikasteriyalar rəhbərlərinin davranışları ilə bağlı şərh və şayiələrə gəlincə, səlahiyyətli orqanlar tərəfindən obyektiv və sənədli sübutların əsasında aparılan araşdırmalar göstərdi ki, işlərə “ad normam iuris”, yəni o zaman qüvvədə olan qaydalara uyğun olaraq  o vaxtkı yeparxiya yepiskopları tərəfindən ittihamların nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün səlahiyyətli Dikasteriyaya göndərilmişdir.

Səlahiyyətli orqanlar tərəfindən aparılan yoxlamalar yeparxiya yepiskoplarının hərəkətlərində heç bir pozuntu aşkar etməyib.

Leo adını seçməklə, yeni Papa özünü “Rerum Novarum” ensiklikasının müəllifi olan Papa XIII Leo-nun davamçısı kimi elan edib: XIX əsrin sonunda Sənaye İnqilabı baş verdi; bu gün biz rəqəmsal inqilab dövründə yaşayırıq və süni intellektin çağırışları ilə üzləşirik. Bu çağırışlara necə cavab verməliyik?

Biz Peterin Varisinin bu mövzuda ifadə etmək istədiyi fikirləri gözləyirik. İnanıram ki, doğru yol nə tənqidsiz qəbul, nə də demonizasiyadır

Texnologiyanın bizə təqdim etdiyi getdikcə daha mürəkkəb və güclü imkanlar həmişə yaxşılıq üçün istifadə edilən alətlər olaraq qalmalıdır və heç vaxt unutmamalıyıq ki, biz insanların həyatı və ya ölümü ilə bağlı qərarları maşına həvalə edə bilmərik.

Rəqəmsal sferanın və süni intellektin saxta mesajlarla ictimai rəyə təsir göstərmək üçün təbliğat vasitəsi kimi istifadəsinin  - təəsüf ki, bu hərdən baş verir -  qarşısını almaq üçün ayıq-sayıq olmalıyıq. Həbsdə olan jurnalistləri xatırlayan XIV Leo “xalqların ləyaqətini, ədaləti və məlumat almaq hüququnu müdafiə edənlərin” cəsarətindən danışdı, çünki yalnız məlumatlı insanlar azad seçim edə bilər.

28 may 2025, 13:57