MAP

2025.05.20 Il cardinale Parolin riceve il Paith to Peace Foundation Award 2025

Kardinal Parolinə mükafat verildi: Ədalətli dünya naminə Papaya xidmət

Kardinal Parolin “Sülhə Aparan Yol” Fondu tərəfindən mükafatla təltif olunub və bildirib ki, bu mükafatı “dünyamızda ədalətin təşviqi naminə Papa üçün yorulmadan çalışan Dövlət Katibliyi adından” qəbul edir.

İzabella H. de Karvalho tərəfindən

Kardinal Pietro Parolin 19 may tarixində Müqəddəs Taxt-Tacın BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdiyi dövrdə, 1991-ci ildə arxiyepiskop Renato Raffaele Martino tərəfindən təsis edilmiş “Sülhə Aparan Yol” Fondu tərəfindən təqdim edilən mükafatı qəbul edib.

Nyu-Yorkda keçirilən mərasimdə kardinal bu mükafata görə minnətdarlığını ifadə edib: “Bu ilki ‘Sülhə Aparan Yol’ mükafatını almaq mənim üçün böyük şərəfdir” – deyə o bildirib və dərhal əlavə edib ki, bu mükafat yalnız onun deyil. “Bu mükafatı Müqəddəs Taxt-Tacın adından, xüsusilə də Papa naminə və onun adından dünyada ədalət və sülhün inkişafı üçün yorulmadan çalışan Dövlət Katibliyinin adından qəbul edirəm.”

Kardinal Parolin çıxışını belə davam etdirib: “Bu axşam təqdim olunan mükafat şəxsi sərhədləri aşaraq, dünyamızın şəfa və barışıq üçün hayqırdığı bir dövrdə müqəddəs missiyamıza əsaslanan əməkdaşlıq ruhunu təcəssüm etdirir.”

O vurğulayıb ki, Müqəddəs Taxt-Tacın missiyasının mərkəzində, Papaların münaqişəsiz bir dünya axtarışında qoyduqları yol dayanır.

2025-ci il üç önəmli hadisənin ildönümüdür: Papa Müqəddəs VI Pavelin 1965-ci ildə BMT-yə etdiyi tarixi səfərinin 60 ili, Müqəddəs II İoann Pavelin 1995-ci ildəki ikinci səfərinin 30 ili və Papa Fransiskin 2015-ci ildəki çıxışının 10 ili tamam olur. Kardinal Parolin bu hadisələri xatırladaraq bildirib: “Hər bir Papa, öz dövründə, daha ədalətli və dinc bir dünyaya aparan yolu sərhədləri aşan hikməti ilə işıqlandırıb.”

Keçmiş Papaların sözləri

Kardinal müxtəlif Papaların sözlərini xatırlatdı və 1965-ci ildə “peyğəmbərcəsinə aydınlıqla” daimi sülhün “mənəvi və ruhani yenilənməyə əsaslanmalı olduğunu” bəyan edən VI Pavel ilə başladı. Parolin bu sözlərin bu gün də son dərəcə aktual olduğunu vurğulayaraq qeyd etdi ki, “əxlaqi inkişaf olmadan texnoloji tərəqqi insanlığı təhlükəli dərəcədə tarazsız vəziyyətə salır.”

Daha sonra o, Müqəddəs II İoann Pavelin 1979-cu ildəki çağırışına toxunaraq, insanlığın həm xeyirxahlığa, həm də dəhşətli şərə qadir olduğunu qəbul etməyə çağırdığını xatırladıb. Polyak Papa totalitar rejimlər və müharibə dövrünün şahidi kimi, Holokostu və II Dünya Müharibəsini yalnız tarixi hadisələr deyil, “bugünkü dövr üçün də əxlaqi çağırış” kimi dəyərləndirmişdi.

Kardinal Parolin “Sülhə Aparan Yol” Fondu tərəfindən mükafatla təltif olunub
Kardinal Parolin “Sülhə Aparan Yol” Fondu tərəfindən mükafatla təltif olunub

Kardinal eyni zamanda, Papa XVI Benediktin 2008-ci ildə insan hüquqlarının təməlində duran “ümumbəşəri və dəyişməz həqiqətləri” təsdiq etdiyini və insan ləyaqətinin müdafiəsinin beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu vurğuladığını qeyd edib.

Ən son olaraq, Papa Fransiskin 2015-ci ildəki BMT çıxışına toxunan kardinal, onun “ətraf mühitin qorunması ilə sosial ədalət arasındakı ayrılmaz bağlılığa” və “istifadə edib atma mədəniyyətinə” yönəltdiyi güclü tənqidlərini yada salıb.

Daha sonra kardinal bildirib ki, bu ənənə Papa XIV Leo ilə davam edir. O, ilk çıxışında sülhü “silahsız və silahsızlaşdıran” – parçalanmış bir dünyada “müsbət güc” kimi təqdim etmişdi. Kardinal həmçinin Papa XIV Leo-nun ad seçimində də sosial təlimə diqqəti və sürətlə inkişaf edən texnologiyanın insan ləyaqətinə və ədalətə yaratdığı çağırışlara cavab olduğunu vurğulayıb.

Müqəddəs Taxt-Tac və BMT: sülh üçün əməkdaşlıq

Bu kontekstdə, Kardinal Parolin “Sülhə Aparan Yol” mükafatının Müqəddəs Taxt-Tacın Birləşmiş Millətlər Təşkilatı ilə bəzən tənqidi, lakin ümumilikdə dəstəkləyici münasibətinin tanınması olduğunu və Papaya öz missiyasında kömək edən bütün fədakar insanlara həsr olunduğunu söyləyib.

O bildirib ki, “sülhə aparan yol səbir və davamlılıq, cəsarət və yaradıcılıqla qət edilməlidir” və “Papalar bizə bu yolda örnək olublar.”

Kardinal həmçinin BMT-ni yalnız institusional baxımdan deyil, mənəvi və ruhani baxımdan da özünü yeniləməyə çağırıb. Bu tərz səylərin əsl təsirinin “sazişlərdə və qətnamələrdə deyil, insan qəlbinin ədalətə, mərhəmətə və hər bir insanın ləyaqətinə daha dərin ehtiramla dəyişməsində” görünəcəyini deyib.

Sonda Kardinal Parolin “Sülhə Aparan Yol” Fonduna, Müqəddəs Taxt-Tacın BMT-dəki Daimi Nümayəndəliyinin missiyasına verdiyi dəstəyə və Kilsənin sülh missiyasına verdiyi töhfəyə görə təşəkkür edib.

20 may 2025, 22:09