Papa XIV Leo: Əlimizi uzatmağa utanmayaq
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 03 sentyabr 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 3. Çarmıxa çəkilmə. “Susadım!” (Yəhya 19, 28)
Əziz bacılar və qardaşlar,
İsanın Əzabları hekayəsinin tam mərkəzində, İsanın həyatının ən parlaq və ən qaranlıq məqamında Yəhyanın İncili bizə böyük bir sirr ehtiva edən iki söz təqdim edir: “Susadım” (19, 28) və ondan dərhal sonra: “Tamam oldu” (19,30). Bunlar Onun son sözləridir, lakin bu sözlər Onun bütün həyatı ilə doludur və Allahın Oğlu kimi Onun bütün varlığının mənasını açır. Çarmıxda İsa fəth edən bir qəhrəman kimi deyil, sevgi üçün yalvaran kimi görünür. O, Özünü yüksəltmir, heç kəsi qınamır, Özünü müdafiə etmir. O, Özünə heç vaxt verə bilmədiyini təvazökarlıqla istəyir.
Çarmıxa çəkilmiş Rəbbin susuzluğu yalnız işgəncə görmüş bir bədənin fizioloji ehtiyacı deyil. Bu həmçinin və hər şeydən əvvəl, dərin bir istəyin ifadəsidir: sevgi, münasibət, ünsiyyət. Bu səssiz fəryad - insanın hər şeyini bölüşmək istəyən, bu sususluğa məğlub olmağı seçən Allahın fəryadıdır. Bir qurtum üçün yalvarmaqdan çəkinməyən Allah, bu jestdə bizə deyir ki, sevgi həqiqi sevgi olsun deyə yalnız bəşx etməyi deyil, həm də xahiş etməyi öyrənməlidir.
İsa “Susadım” deyir və bunnunla da həm Özünün insanlığını, həm də bizim insanlığımızı aşkar edir. Heç birimiz özümüzə kifayət edə bilmərik. Heç kim özünü xilas edə bilməz. Həyat, biz güclü olduğumuz zaman yox, qəbul etməyi öyrəndiyimiz zaman “məmnunluq” bəxş edir. İsa, şərab sirkəsinə batırılmış sünqgəri naməlum əllərdən qəbul etdikdən sonra deyir: “tamam oldu”. Sevgi özünü ehtiyac duyan etdi və məhz bu səbəbdən işini tamamlamış oldu.
Bu, xristian paradoksudur: Allah etməklə deyil, Özünə etmək imkanı verməklə xilas edir. Şərə güc göstərərək qalib gəlmir, sevginin zəifliyini sona qədər qəbul etməklə qalib gəlir. Çarmıxda İsa bizə öyrədir ki, insan özünü güc vasitəsilə reallaşdırmır, başqalarına, hətta rəqib və düşmən olanlara belə güvənli açıqlıqda reallaşdırır. Xilas muxtar şəkildə əldə edilmir, ehtiyaclarımızı təvazökarlıqla dərk edib, onları sərbəst şəkildə etiraf etməklə tapılır.
Allahın niyyətinə görə bizim insanlığımızın yerinə yetirilməsi güc əməli deyil, etimad jestidir. İsa dramatik bir dönüşlə xilas etmir, Özünün Özünü verə bilməyəcəyini istəməklə xilas edir. Və bununla da həqiqi ümidin qapıları açılır: bir halda ki Allahın Oğlu belə Özü ilə kifayətlənməməyi seçir, o zaman bizim də sevgiyə, mənaya, ədalətə susamağımız məğlubiyyət deyil, həqiqət əlamətidir.
Bu həqiqəti, çox sadə görünənsə, qəbul etmək çətindir. Biz “özün ilə kifayətlənmək”, “səmərə”, “nümayişin” təqdir edildiyi zamanda yaşayırıq. Yenə də İncil bizə insanlığımızın ölçüsünün nəyə nail ola biləcəyimizdə deyil, sevilmək və lazım olduqda, yardım edilmək qabiliyyətimizdə olduğunu göstərir.
İsa bizə xahiş etməyin alçaldıcı olmadığını, əksinə azadedici olduğunu göstərməklə bizi xilas edir. Bu, günahın dərinliklərindən çıxış, ünsiyyət məkanına qayıtmaq yoludur. Əzəldən bəri günah utanc verir.. Amma bağışlanma – əsl bağışlanma – ehtiyacımızı açıq şəkildə etiraf edə bildiyimiz və artıq rədd edilməkdən qorxmadığımız zaman doğulur.
İsanın çarmıxda susaması həm də bizim susamağımızdır. O, həyat suyu axtaran yaralı bəşəriyyətin fəryadıdır. Və bu susuzluq bizi Allahdan uzaqlaşdırmır, əksinə, Onunla birləşdirir. Bunu etiraf etmək üçün cəsarətimiz olsa, hətta kövrəkliyimizin də Səmaya aparan körpü olduğunu kəşf edə bilərik. Azadlığa gedən yol sahib olmaqda deyil, istəməkdə açılır, çünki biz özümüzə yetərmiş kimi davranmağı dayandırırıq.
Qardaşlıqda, sadə həyatda, utanmadan xahiş etmək və təmənnasız təklif etmək sənətində dünyaya məlum olmayan bir sevinc doğulur. Bizi varlığımızın əzəli həqiqətinə qaytaran sevinc: biz sevgi bəxş etmək və qəbul etmək üçün yaradılmış məxluqlarıq.
Əziz qardaşlar və bacılar, Məsihin susamasında biz öz susuzluğumuzu dərk edə bilərik. Və öyrənə bilərik ki, “ehtiyacım var” söyləməkdən daha insani, daha ilahi heç nə yoxdur. Xahiş etməkdən çəkinməyək, xüsusən də buna layiq olmadığımızı düşünən anlarda. Əlimizi uzatmağa utanmayaq. Xilas məhz orada, o həlim jestdə gizlənir.