XIV Leo: İsa – imanımızın ölçüsüdür
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 24 avqust 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Bugünkü Incil (Luka 13, 22-30) İsanın yalnız bir neçəsinin xilas olacağına dair suala cavab verərkən istifadə etdiyi “dar qapılar” təsvirinə əsaslanır. İsa deyir: “Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək” (Luka 13, 24).
İlk baxışdan bu təsvir bizi düşündürə bilər: əgər Allah həmişə qucaq açıb bizi qarşılayan məhəbbət və mərhəmət Atasıdırsa, nə üçün İsa xilas qapılarının dar olduğunu deyir?
Əlbəttə, Rəbb bizi ruhdan salmaq istəmir. Əksinə, Onun sözləri, ilk növbədə, artıq xilas olduqlarını düşünənlərin, dini mərasimləri yerinə yetirənlərin və bunun kifayət olduğunu düşünənlərin əminliyinə etiraz etmək məqsədi daşıyır. Onlar başa düşməyiblər ki, qəlb dəyişmədikcə, təkcə dini mərasimlə kifayət etməz. Rəbb ibadətin həyatdan ayrı qalmasını istəmir. Qurbanlar və dualar qonşularımıza məhəbbətin artmasına və bacı-qardaşlarımızla ədalətli davranışımıza səbəb olmadıqca, Rəbbə məqbul deyillər. Buna görə də, belə insanlar Onunla birlikdə yeyib-içdiklərinə görə və küçələrdə Onun təlimini eşitdiklərinə görə öyünərək Rəbbin hüzuruna gələndə, Onun bu cavabını eşidəcəklər: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” (Luka 13, 28).
Qardaşlar və bacılar, bugünkü İncilin çağırışını nəzərdən keçirməyə dəyər. Biz bəzən imandan uzaq olanları qınasaq da, İsa “imanlıların təhlükəsizliyini” şübhə altına alır. O, bizə deyir ki, imanı sözlərlə bəyan etmək, Yevxaristiyada Onunla birlikdə yeyib-içmək və ya xristian təlimini yaxşı bilmək kifayət deyil. İmanımız o zaman həqiqi olur, nə zaman ki o bütün həyatımızı əhatə edir, qərarlarımızın meyarına çevrilir, bizi, kişiləri və qadınları, İsa kimi saleh işlərə sadiq və məhəbbətdən ötrü riskə getməyə hazır olanlardan edir. İsa, uğurun və ya gücün asan yolunu seçmədi; əvəzində bizi xilas etmək üçün O, Çarmıxın “dar qapısından” keçəcək qədər bizi sevdi. İsa imanımızın həqiqi ölçüsüdür; O, onun məhəbbətini yaşamaqla və gündəlik həyatımızda ədaləti və sülhü təşviq etmək üçün çalışmaqla xilas olmaq üçün keçməli olduğumuz qapıdır (Yəhya 10,9).
Bunun üçün hərdən çətin və qeyri-populyar qərarlar qəbul etmək, eqoist meyllərimizə müqavimət göstərmək, başqalarına xidmət etmək və şərin məntiqi üstün görünəndə belə israrla doğru olanı etmək və s. tələb olunur. Ancaq o həddi keçdikdən sonra həyatın yenidən çiçək açdığını görəcəyik. O andan etibarən biz Allahın ölçüyəgəlməz qəlbinə daxil olacağıq və Onun bizim üçün hazırladığı əbədi ziyafətin sevincini yaşayacağıq.
Gəlin Məryəm Anadan İncilin “dar qapısından” keçmək üçün cəsarət tapmaqda bizə kömək etməsini xahiş edək ki, özümüzü sevən Atamız Allahın geniş qucağına sevinclə aça bilək.