Papa XIV Leo: Ən qaranlıq anda belə sevmək və bağışlamaq üçün heç vaxt gec deyil
ÜMUMİ AUDİENSİYA
Audiensiya Zalı
Çərşənbə, 20 avqust 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 3. Bağışlama “O, dünyada Özünə məxsus olanları axıra qədər sevdi” (Yəhya 13, 1)
Əziz bacılar və qardaşlar,
Bu gün biz İncildəki ən təsirli və parlaq jestlərdən birinə baxacağıq: İsanın Son Şam yeməyi zamanı Ona xəyanət etməyə hazır olana bir tikə çörək təklif etdiyi an. Bu, sadəcə bir paylaşma jesti deyil - sevginin təslim olmamaq üçün son cəhdidir.
Müqəddəs Yəhya özünün dərin ruhani həssaslığı ilə bu an haqqında bizə belə danışır: “Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilird...Onları axıra qədər sevdi” (Yəhya 13:1-2). Sona qədər sevmək: Məsihin qəlbini başa düşməyin açarı budur. Rəddedilmə, məyusluq, hətta nankorluq qarşısında dayanmayan sevgi.
İsa vaxtı bilir, lakin ona tabe olmur: Özü onu seçir. Sevgisinin ən ağrılı yaradan – xəyanət yarasından keçməli olduğu anı tanıyan Odur. Və İsa, geri çəkilmək, ittiham etmək, Özünü müdafiə etmək əvəzinə... sevməyə davam edir: ayağı yuyur, çörəyi batırır və təklif edir.
“Bu çörək tikəsini batırıb kimə versəm, odur” (Yəhya 13, 26). Bu sadə və təvazökar jestlə İsa məhəbbətini baş verənlərə məhəl qoymadığı üçün deyil, dəqiq gördüyü üçün irəliyə, ruhun dərinliklərinə aparır. O, başa düşür ki, başqasının azadlığı, hətta şər içincə azıb qalsa da, yenə də mülayim bir jestin işığı ilə əldə edilə bilər, çünki O bilir ki, həqiqi bağışlama tövbəni gözləməz, lakin təmənnasız, hələ qəbul olunmamış hədiyyə kimi özünü təklif edir.
Yəhuda təəssüf ki, başa düşmür. İncildə deyilir ki, “Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi” (Yəhya 13, 27). Bu hissə bizi heyrətə gətirir: sanki o vaxta qədər gizlənmiş şər, sevgi özünün ən müdafiəsiz üzünü göstərdikdən sonra üzə çıxdı. Məhz buna görə də, qardaşlar və bacılar, o bir tikə çörək bizim xilasımızdır: çünki o, bizə deyir ki, Allah hər şeyi, hətta Onu rədd etdiyimiz anda belə, tam olaraq hər şeyi edir ki, bizə çata bilsin.
Məhz burada bağışlama bütün gücünü ortaya qoyur və ümidin əsl simasını göstərir. Bu unutqanlıq deyil, zəiflik deyil. Bu, digərini sona qədər sevərək azad etmək bacarığıdır. İsanın məhəbbəti ağrının həqiqətini inkar etmir, lakin şərə son sözü deməyə imkan vermir. Bu, İsanın bizim üçün yerinə yetirdiyi sirdir, biz də bəzən həmin sirdə iştirak etməyə çağırılırıq.
Neçə münasibətlər pozulur, neçə hekayələr qarışır, neçə sözlər söylənilmədən yarımçıq qalır. Bununla belə, İncil bizə göstərir ki, hər şey ümidsizcə pozulmuş görünən zaman belə, sevməyə davam etmək üçün həmişə bir yol var. Bağışlamaq pisliyi inkar etmək deyil, daha çox pislik yaratmağın qarşısını almaqdır; heç bir şeyin baş vermədiyini söyləmək deyil, incikliyin gələcəyi müəyyən etməməsi üçün mümkün olan hər şeyi etməkdir.
Yəhuda otaqdan çıxanda “gecə idi” (Yəhya 13, 30). Lakin dərhal sonra İsa deyir: “İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi” (Yəhya 13, 31). Gecə hələ də uzanır, amma işıq artıq parlamağa başlayıb. Çünki Məsih sona qədər sadiq qaldı və buna görə də Onun məhəbbəti nifrətdən daha güclüdür.
Əziz qardaşlar və bacılar, bizim də ağrılı və çətin gecələrimiz olur. Ruhun gecələri, xəyal qırıqlığı gecələri, kiminsə bizi incitdiyi və ya xəyanət etdiyi gecələr. Belə anlarda bağlanmaq, özümüzü qorumaq, eyni şəkildə cavab vermək istəyi yaranır. Ancaq Rəbb bizə başqa yolun olduğuna ümidi göstərir. O, bizə öyrədir ki, biz hətta bizdən üz döndərənlərə də bir tikə çörək təklif edə bilərik. Güvən susqunluğu ilə cavab verə bilərik. Və sevgidən imtina etmədən, ləyaqətlə irəliləyə bilərik.
Gəlin bu gün Rəbbdən lütf diləyək ki, hətta başa düşülmədiyimiz zaman, hətta tərk edilmiş hiss etdiyimiz zaman da bağışlaya bilək. Çünki sevgi məhz o saatlarda öz zirvəsinə çata bilir. İsanın bizə öyrətdiyi kimi, sevmək - başqasının azadlığı tanımaq, hətta xəyanət etmək azadlığını belə tanımaq deməkdir. Və bu yaralanmış və azıb-qalan azadlığın zülmətin buxovlarından alınıb xeyirxahlıq işığına qaytarıla biləcəyinə inanmağı davam etmək deməkdir.
Bağışlama nuru qəlbin ən dərin guşələrinə nüfuz etdikdə anlayırıqq ki, o heç vaxt əbəs olmur. Başqası onu qəbul etməsə də, puç görünsə də, bağışlama onu bəxş edənləri azad edir: kin-küdurəti dağıdır, sülhü bərpa edir, bizi özümüzə qaytarır.
İsa bir tikə çörək təklifi kimi sadə jestlə göstərir ki, hər bir xəyanət daha böyük məhəbbət məkanı kimi seçilərsə, xilas üçün fürsət ola bilər. Məhəbbət şərə təslim olmur, əksinə, ona yaxşılıqla qalib gəlir, şərin bizdə doğru olanı – sevmək qabiliyyətini söndürməsinə imkan vermir.
&ܳ;鴡İƏ
Gələn cümə günü, avqustun 22-də biz Müqəddəs Məryəmin Mələkə olduğunun xatirəsini qeyd edəcəyik. Məryəm yer üzündə imanlıların Anasıdır və eyni zamanda Sülhün Mələkəsi kimi çağırılır, halbuki dünyamız Müqəddəs Torpaqlarda, Ukraynada və dünyanın bir çox başqa bölgələrində müharibələrdən yaralanır.
Mən bütün imanlıları 22 avqust gününü oruc tutmağa və duaya həsr etməyə, Rəbbimizdən bizə sülh və ədalət bəxş etməsini və davam edən silahlı münaqişələr nəticəsində əziyyət çəkənlərin göz yaşlarını silməsini diləməyə çağırıram. Sülhün Mələkəsi Məryəm, şəfaət et ki, xalqlar sülhə gedən yolu tapsınlar.