MAP

Papa Leone XIV, udienza generale a San Pietro

Papa XIV Leo: Allahın məhəbbəti bizim gözləntilərimizi qabaqlayır

Çərşənbə günü, Ümumi Audiensiyası zamanı Papa Leo, "hazırlamaq" sözünün xristian həyatında yeri və mənası haqqında düşüncələri ilə bölüşüb və imanlıları “bizi yükləyən şeylərdən azad olmağa, tələblərimizi azaltmağa və qeyri-real gözləntilərə son qoymağa" çağırıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 06 avqust 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. III. İsanın Pasxası. 1. Şam süfrəsinin hazırlanması. “Orada bizim üçün hazırlıq işləri görün” (Mark 14, 15)

Əziz bacılar və qardaşlar,

Gəlin ümidimizin forma və daimilik tapdığı Məsihin Simasını kəşf edərək yubiley səyahətimizə davam edək. Bu gün biz İsanın əzablarının, ölümünün və dirilməsinin sirri üzərində düşünməyə başlayacağıq. Gəlin sadə görünən, lakin xristian həyatının qiymətli sirrini özündə saxlayan bir söz üzərində düşünməklə başlayaq: hazırlamaq.

Markın İncilində deyilir ki, “Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»” (Mark 14, 12). Bu sual praktik olmağına baxmayaraq, intizarla doludur. Şagirdlər mühüm bir şeyin baş verəcəyini hiss edirlər, lakin təfərrüatları bilmirlər. İsanın cavabı, az qala, tapmaca kimi səslənir: “Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq” (Mark 14, 13). Təfərrüatların rəmzi mənası var: səhəng daşıyan kişi -  o dövrdə qadına xas olan tipik hərəkəti; artıq hazırlanmış yuxarı otaq; naməlum ev sahibi. Sanki hər şey əvvəlcədən nəzərə alınmışdır. Əslində də belə idi. Bu epizodda İncil, sevginin təsadüflərin deyil, şüurlu seçimin nəticəsi olduğunu göstərir. Bu, sadə bir reaksiya deyil, hazırlıq tələb edən bir qərardır. İsa öz əzablarını fatalizmə görə deyil, azad və şüurlu şəkildə qəbul etdiyi və addımladığı yola sadiqliyinə görə  qarşılayır. Bizə təsəlli verən budur: Onun həyatının ənamı hansısa qəfil təkandan deyil, şüurlu niyyətindən gəldiyini bilmək.

Həmin “artıq hazır olan yuxarı otaq” bizə deyir ki, Allah həmişə bizi qabaqlayır. Biz qarşılanmalı olduğumuzu dərk etməmişdən əvvəl, Rəbb artıq bizim üçün özümüzü tanıya biləcəyimiz və Onun dostları olduğumuzu hiss edə biləcəyimiz bir məkan hazırlamışdır. Bu məkan, əslində, bizim qəlbimizdir: bu “otaq” boş görünə bilən, ancaq o, tanınmağı, dolmağı və sevilməyi gözləyir. Şagirdlərin hazırlamalı olduqları Pasxa süfrəsi, əslində, İsanın qəlbində artıq hazırlanıb. O, artıq hər şeyi düşünüb, hər şeyi nizamlayıb, hər şeyi qərara alıb. Lakin O, dostlarından üzərlərinə düşəni etmələrini xahiş edir. Bu, bizə ruhani həyatımız üçün vacib olan bir şeyi öyrədir: lütf bizi azadlıqdan məhrum etmir, əksinə, onu oyadır. Allahın ənamı bizi məsuliyyətdən məhrum etmir, əksinə onu məhsuldar edir.

O vaxt olduğu kimi bu gün də hazırlamalı olduğumuz süfrə var. Söhbət təkcə liturgiyadan getmir, həm də bizdən üstün olan bir hərəkətə hazır olmağımızdan gedir. Yevxaristiya yalnız qurbangahda deyil, həm də gündəlik həyatda qeyd olunur; o həyatda ki, orada hər şeyi bir qurban və bir şükür kimi yaşamaq mümkündür Bu şükürü qeyd etməyə hazırlaşmaq  - daha çox iş görmək deyil, boş yer buraxmaq deməkdir: bizi yükləyən şeylərdən azad olmaq, tələblərimizi azaltmaq və qeyri-real gözləntilərə son qoymaq deməkdir. Həqiqətən, biz çox vaxt illüziya ilə hazırlığı qarışdırırıq. İllüziyalar diqqətimizi yayındırır; hazırlıq bizə yol göstərir. İllüziyalar nəticə axtarır; hazırlıq qarşılaşmanı mümkün edir. İncil bizə xatırladır ki, əsl məhəbbət, qarşılıq almazdan əvvəl verilir. O, gözləntiləri qabaqlayan ənamdır. O, qəbul olunan deyil, insanın nə təklif etmək istədiyinə əsaslanır. İsa şagirdləri ilə belə yaşayırdı: onlar hələ heç nə başa düşmədiyi halda, biri Ona xəyanət etmək, digəri isə Onu inkar etmək ərəfəsində ola-ola, İsa, onalrın hamısı üçün süfrə hazırladı.

Əziz bacılar və qardaşlar, biz də Rəbbin “Pasxa süfrəsini hazırlamağa” çağırılmışıq. Yalnız ibadət mənasında deyil, həm də həyatımızla onu hazırlamağa çağırılmışıq. Hər bir hazırlıq nümayişi, hər bir səxavətli hərəkət, əvvəlcədən bəxş olunan hər bir bağışlanma, səbirlə göstərilən hər bir səy  - bunlar hamısı, Allahın məskən sala biləcəyi bir yerin hazırlanması üsuludur. O zaman gəlin özümüzdən soruşaq: həyatımın hansı məkanları nizama salmalıyam ki, onlar Rəbbi qəbul etməyə hazır olsunlar? Bu gün mənim üçün “hazırlaşmaq” nə deməkdir? Bəlkə də bu, tələbləri buraxmaq, başqalarının dəyişməsini gözləməyi dayandırmaq, ilk addımı atmaq. Ola bilsin ki, daha çox dinləmək, daha az hərəkət etmək və ya artıq hazırlanmış şeylərə etibar etməyi öyrənmək.

Əgər biz Allahla və bir-birimizlə ünsiyyət məkanı hazırlamaq dəvətini qəbul etsək, bizi dəstəkləyən və həmişə bizi qabaqlayan sonsuz sevgi sirrinin dayanmadan qeyd olunduğu geniş və artıq hazırlanmış otağa doğru istiqamətləndirən əlamətlər, görüşlər və sözlərlə əhatə olunduğumuzu kəşf edəcəyik. Rəbb bizə Onun hüzurunu təvazökarlıqla hazırlamağı nəsib etsin. Və bu gündəlik hazırlığımızda, hər şeyi azad ürəklə qarşılamağa imkan verən o qayğısız güvən də bizdə artsın. Çünki sevginin hazırlandığı yerdə həyat həqiqətən çiçəkləyə bilər.

06 avqust 2025, 16:40

Ən son Audiensiyalar

Həmçinin oxuyun >