Papa: Qoy Kilsə hər kəsi xoş qarşılayan təvazökarlıq məktəbi olsun
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 31 avqust 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Hər bir mədəniyyətdə, xüsusən də istirahət və bayram günlərində birlikdə süfrə arxasında oturmaq sülh və ünsiyyət əlamətidir. Bu Rəbb günün İncilində (Luka 14:1.7-14), İsa fariseylərin rəhbərlərindən biri tərəfindən yeməyə dəvət olunur. Başqalarını süfrəyə dəvət etmək qəlbin açıq olmasının əlamətidir, belə bir dəvəti qəbul etmək isə başqalarına və onların dünyasına açıq olmaq üçün təvazökarlıq tələb edir. İnsanları bir araya gətirən bu jestlər görüş mədəniyyətini inkişaf etdirməyə kömək edir.
Görüşmək hər zaman asan olmur. Müjdəçi qeyd edir ki, digər qonaqlar İsaya “göz qoyurdu”; həqiqətən də, ənənənin daha sərt təfsirçiləri Ona bir qədər şübhə ilə baxırdılar. Lakin, görüş İsanın səmimi iştirak etmək niyyətinə görə baş verir; yaxşı qonaq kimi, O, həqiqi ünsiyyətə mane olan nəzakətli rəsmiyyətçilikdən qaçaraq, hörmət və səmimiyyətlə hərəkət edir. İsa, adətinə uyğun olaraq, baş verənləri təsvir etmək üçün bir məsəldən istifadə edir və Ona baxanları həmin məsəl barədə düşünməyə dəvət edir. Çünki O, insanların fəxri yerlərdə oturmağa tələsdiklərini gördü. Bu, bu gün də ailələrdə olmasa da, insanların diqqəti özlərinə çəkməyi vacib hesab etdiyi hallarda baş verir və, beləliklə, bir yerdə olmaq bir yarışa, rəqabətə çevrilir.
Bacılar və qardaşlar, biz də Rəbbin Günündə Yevxaristiya süfrəsi arxasında əyləşəndə, İsanın danışmasına imkan yaratmalıyıq. O, qonağımız olur və bizi necə gördüyünü deyə bilər. Özümüzü Onun gözləri ilə görmək çox vacibdir: həyatı nə qədər tez-tez rəqabət dərəcəsinə endirdiyimizi, tanınmaq üçün nə qədər narahat olduğumuzu və özümüzü başqaları ilə nə qədər mənasız müqayisə etdiyimizi görmək çox vacidbir. Düşünməyi dayandırmaq, ürəyimizin prioritetlərinə meydan oxuyacaq bir kəlamla özümüzü heyrətləndirməyə icazə vermək – budur, İsanın bizi çağırdığı azadlığı yaşamaq.
İncildə İsa kamil azadlığı təsvir edərək “təvazökarlıqdan” danışır (Luka 14, 11). Təvazökarlıq mahiyyətcə özündən azad olmaqdır. O, Allahın Padşahlığı və Onun salehliyi bizim həqiqi qayğımıza çevrildikdə doğulur və biz gözümüzü qaldırıb irəliyə baxmağa başlayırıq: ayaqlarımızın altına deyil, qarşıda olanlara! Özünü ucaldanlar adətən elə bilirlər ki, özlərindən maraqlı heç nə yoxdur. Lakin daxildə onlar özlərinə qarşı çox inamsızdırlar. Halbuki Allahın gözündə dəyərli olduqlarını bilənlərin, Allahın övladları olduqlarını bilənlərin daha vacib qayğıları var; onların öz yüksək ləyaqəti var. Biz birinci yerlərə can atmamağı, sonuncu yerləri tutmağı öyrənən kimi bu ləyaqət özünü büruzə verəcək və biz asanlıqla və zəhmət çəkmədən irəli çıxacağıq.
Əziz dostlar, gəlin bu gün dua edək ki, Kilsə həmişə hamı üçün təvazökarlıq məktəbi, hər kəsin xoş qarşılandığı bir məkan, rəqabətin bir kənara qoyulduğu və İsanın hələ də bizimlə danışdığı və Öz təvazökarlığını və azadlığını təqlid etməyi öyrətdiyi bir ev olsun. Məryəm həqiqətən o evin Anasıdır; gəlin Onun şəfaətinə müraciət edək.