MAP

MAP Leo XIV holds the weekly general audience in the Paul VI Hall at the Vatican

Papa Leo Yerusəlim Patriarxlarının Qəzza üçün sülh çağırışına qoşulub

Roma Papası XIV Leo, Latın və Yunan Pravoslav Patriarxların Qəzzada müharibənin dayandırılması və humanitar yardımın bölgəyə maneəsiz çatdırılması çağırışı ilə həmrəy olduğunu bildirib.

Devid Uotkins tərəfindən

Yerusəlimin Latın və Yunan Pravoslav Patriarxları avqustun 26-da Qəzzada sülh üçün birgə müraciət yayaraq bildiriblər ki, “mülki əhalinin qəsdən və zorla kütləvi şəkildə köçürülməsinə” haqq qazandırmaq üçün heç bir əsas yoxdur.

Avqustun 27-də, çərşənbə günü, Papa XIV Leo onların müraciəti ilə həmrəy olduğunu bildirib və 22 avqust tarixində baş tutan sülh üçün dua və oruc gününü xatırladıb.

“Bu gün mən həm əlaqədar tərəfləri, həm də beynəlxalq ictimaiyyəti, Müqəddəs Torpaqda bu qədər dəhşətə, dağıntılara və ölümə səbəb olan münaqişəyə son qoyulmasına təkidlə çağırıram”, - Papa bildirib.

O, həmçinin humanitar yardımların Qəzzaya təhlükəsiz daxil olmasına və mülki şəxslərin müdafiəsinə çağırıb.

“Mən bütün girovların azad edilməsinə, daimi atəşkəsin əldə olunmasına, humanitar yardımın təhlükəsiz daxil olmasının asanlaşdırılmasına və humanitar hüquqa tam riayət olunmasına, xüsusən də mülki şəxslərin qorunması öhdəliyinə və kollektiv məsuliyyətə, hədəf seçilmədən güc tətbiqinə və əhalinin məcburi köçürülməsinə dair qadağalara riayət olunmasına çağırıram”.

Papa müraciətini Müqəddəs Məryəmi sülh üçün dua etməyə çağırmaqla yekunlaşdırıb.

"Gəlin, təsəlli və ümid mənbəyi olan Sülhün Mələkəsi Məryəmə üz tutaq. Onun şəfaəti hamımız üçün əziz olan bu torpağa barışıq və sülh gətirsin."

Sülh üçün birgə çağırış

Yerusəlim Patriarxları birgə müraciətdə bildiriblər ki, zorakılıq dövrü sona çatmalı və ümumi rifaha üstünlük verilməlidir.

“Yetər həm ərazilərdə, həm də insanların həyatında bu qədər dağıntı oldu. Mülki şəxslərin ağır şəraitdə əsir və girov kimi saxlanmasına haqq qazandırmaq üçün heç bir əsas yoxdur. Münaqişənin hər iki tərəfindən olan əzabkeş ailələrə şəfa vermək vaxtıdır”.

Patriarxlar dua etdilər ki, ürəklər dəyişilsin, və “biz Qəzzə və bütün Müqəddəs Torpaq üçün ədalət və həyat yolları ilə addımlaya bilək”.

27 avqust 2025, 21:02

Ən son Audiensiyalar

Həmçinin oxuyun >