MAP

MAP Leo XIV leads the Angelus prayer

Papa: Həyatınızın xəzinəsini sevgi və mərhəmətə sərmayə qoyun

Papa XIV Leo imanlıları təkcə maddi nemətləri deyil, həm də zamanı, iştirakı və şəfqəti bölüşməyə dəvət edir.

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbbin günü, 10 avqust 2025

Əziz bacılar və qardaşlar,

Bu günkü İncil oxunuşunda İsa bizi həyatımız adlı xəzinəni necə dəyərləndirəcəyimizi düşünməyə dəvət edir (Luka 12, 32-48). O deyir: “Əmlakınızı satın və sədəqə verin”

O, Allahın bizə bəxş etdiyi hədiyyələri özümüz üçün saxlamamağa, əksinə, onları başqalarının, xüsusilə də köməyimizə ən çox ehtiyacı olanların xeyrinə səxavətlə istifadə etməyə təşviq edir. Burada söhbət təkcə sahib olduğumuz maddi sərvətləri bölüşməkdən getmir, həm də bacarıqlarımızı, vaxtımızı, sevgimizi, varlığımızı və mərhəmətimizi başqalarının xidmətinə verməkdən gedir. Bir sözlə, Allahın planında hər birimizi əvəzsiz və təkrarsız bir dəyərə, canlı və nəfəs alan bir sərvətə çevirən hər şey inkişaf etdirilməli və artırılmalıdır ki, böyüsün. Əks halda, bu hədiyyələr tükənir, dəyərdən düşür, yaxud onları oğru kimi əlindən qapıb, sadəcə istifadə olunacaq bir şey kimi görənlərin əlinə keçir.

Allahın bizə bəxş etdiyi hədiyyə bu cür istifadəyə görə verilməyib. Bizim kamilləşmək və özümüzü ifadə etmək üçün məkana, azadlığa və münasibətlərə ehtiyacımız var. Bizə sevgi lazımdır — yalnız sevgi mövcudiyyətimizin hər bir tərəfini dəyişdirir və ucaldır, bizi getdikcə daha çox Allaha bənzədir. Təsadüfi deyil ki, İsa bu sözləri Yerusəlimə gedərkən söyləyir; orada O, xilasımız üçün çarmıxda Özünü fəda edəcək.

Mərhəmət işləri həyatımızın xəzinəsini əmanət edə biləcəyimiz ən etibarlı və ən gəlirli bankdır. Çünki İncil bizə öyrədir ki, “iki kiçik mis sikkə” ilə hətta kasıb dul qadın da dünyanın ən zəngin insanına çevrilir (Mk 12, 41-44).

Bu barədə Müqəddəs Avqustin deyir: “Əgər sən bir funt mis verib bir funt gümüş alsaydın, ya da bir funt gümüş verib bir funt qızıl alsaydın, buna çox sevinərdin. Sənin verdiyin mütləq dəyişəcək; bu nə qızıldır, nə də gümüşdür, sənə veriləcək şey əbədi həyatdır” (Xütbə 390, 2, PL 39, 1706). Və o, bunun səbəbini belə izah edir: “Bu dəyişəcək, çünki sən özün dəyişəcəksən”.

Onun nə demək istədiyini anlamaq üçün bir ananı uşaqlarını qucaqlayarkən təsəvvür edə bilərik: o, dünyanın ən gözəl və ən varlı adamı deyilmi? Yaxud iki sevgili, birlikdə olduqları zaman: özlərini kral və kraliça kimi hiss etmirlərmi? Daha çox misallar gətirə bilərik.

Buna görə də, harada olsaq da – ailədə, kilsədə, məktəbdə və ya iş yerində – sevgi ilə hərəkət etmək fürsətini əldən verməməyə çalışmalıyıq. İsanın bizdən istədiyi ayıqlıq da məhz budur: daim bir-birimizə qarşı diqqətli, hazır və həssas olmaq vərdişini inkişaf etdirmək. Necə ki, O, hər an bizimlə belədir.

Bacıılar və qardaşlar, gəlin bu arzu və məsuliyyətimizi Məryəm Anaya həvalə edək: qoy O, Səhər Ulduzu, bizə bölünmələrlə dolu dünyada mərhəmət və sülh “keşikçiləri” olmağımız üçün yardım etsin. Müqəddəs II İoann Pavel bizə bunu öyrətmişdir. Və gözəl bir şəkildə, Romaya Yubiley üçün gələn gənclər də bizə bunu öyrədiblər.

11 avqust 2025, 12:56

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >