Roma Papası Yerusəlimin Latın Patriarxına zəng edib
Devin Uatkins tərəfindən
Yerusəlimin Latın Patriarxı kardinal Pierbattista Pitsaballa cümə günü Yunan Pravoslav Patriarxı III Teofilos ilə birlikdə Qəzzadakı yeganə katolik kilsəsini ziyarət edib.
Onlar anklavın ərazisinə daxil olarkən Papa XIV Leo, “yaxınlığını, qayğısını, duasını, dəstəyini və təkcə atəşkəsə nail olmaq üçün deyil, həm də bu faciəyə son qoymaq üçün mümkün olan hər şeyi etmək niyyətinində olduğunu bildirmək üçün” Patriarx Pitsaballa-ya zəng edib.
"Papa Leo dəfələrlə bildirib ki, bu qətliamı dayandırmağın vaxtı çatıb, baş verənlərə bəraət qazandırmaq olmaz və biz daha qurbanların olmamasını təmin etməliyik", - Patriarx “Vatican News”-a danışıb.
Latın Patriarxlığı və Müqəddəs Torpağın bütün Kilsələri adından danışan Patriarx Pitsaballa Papaya “bizimlə həmrəy olduğu üçün və bizə görə etdiyi duaları üçün” təşəkkür edib və Qəzzanın bütün katolik icmasının minnətdarlığını bildirib.
Papanın Qəzzadakı vəziyyətə görə narahatlıqı
Cümə axşamı İsrail tankından atılan mərmi Müqəddəs Ailə kilsəsinə dəyib, 3 nəfər ölüb, 10 nəfər, o cümlədən kilsənin baş keşişi ata Qabriel Romanelli yaralanıb.
2023-cü ilin oktyabrında İsrail-Həmas müharibəsi başlayandan bəri mərhum Papa Fransisk ata Romanelli ilə demək olar ki, hər gün telefonla danışırdı.
Cümə axşamı Papa XIV Leo Qəzzadakı kilsəyə teleqram göndərərək, həlak olanlar və kilsə kompleksinə sığınan hər kəs üçün dua etdiyini söylədi.
Qəzzaya ekumenik səfər
Yerusəlimin Latın Patriarxlığının verdiyi açıqlamaya görə, Patriarxlar Pitsaballa və III Teofilos cümə günü “son hadisələrdən zərər çəkənlərin yanında olmaq” üçün Qəzzadakı Müqəddəs Ailə katolik kilsəsini ziyarət ediblər.
Onlar həm xristian icması, həm də Qəzza zolağındakı digər ailələr üçün hazırlanmış yüzlərlə ton ərzaq yardımı, ilk yardım dəstləri və tibbi avadanlıqlara çıxışı təmin etmək üçün humanitar tərəfdaşlarla işləyiblər.
“Patriarxlıq hücum zamanı yaralanan şəxslərin Qəzzadan kənarda müalicə alacaqları tibb müəssisələrinə təxliyyə edilməsini təmin edib”, - deyə məlumatda bildirilir.
Latın Patriarxlığı xristian icmasına və Qəzzanın bütün əhalisinə sadiq qaldığını bildirib. "Onlar unudulmayacaq və tərk edilməyəcəklər."
Kilsə başçıları ibadət evinə hücumu pisləyib
Yerusəlimin Patriarxları və Kilsə Başçıları birgə bəyanat yayaraq Qəzza katolik kilsəsində sığınan insanlarla həmrəy olduqlarını ifadə ediblər.
"Biz bu cinayəti sarsılmaz həmrəylikdə olaraq qətiyyətlə pisləyirik. İbadət evləri qorunmalı olan müqəddəs yerlərdir. Onlar beynəlxalq hüquqla da qorunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da daxil olmaqla 600-ə yaxın qaçqının sığınacaq tapdığı kilsəyə hücum bu qanunların pozulmasıdır. Bu, həm də insan ləyaqətinin təhqir olunması, insan həyatının müqəddəsliyinin taptalanması və müqəddəs məkana qarşı küfrdür”.
Kilsə başçıları Qəzza ictimaiyyətini onlar üçün dua etdiklərinə əmin ediblər və beynəlxalq ictimaiyyəti Qəzzada müharibənin sona çatması ilə nəticələnəcək təcili atəşkəsə nail olmağa çağırıblar.
"Biz həmçinin onlardan bütün dini və humanitar obyektlərin qorunmasına zəmanət vermələrini və Qəzza zolağında aclıqdan əziyyət çəkənlərə yardım göstərmələrini xahiş edirik” – bəyanatda deyilir.