MAP

Il Papa riceve il gruppo di pellegrinaggio del cardinal Tobin

Pravoslavların və katoliklərin birliyi naminə imanın köklərinə qayıtmaq

İyulun 17-də səhər XIV Leo Kastel Qandolfoda (Castel Gandolfo) ABŞ-dan olan ekumenik pravoslav-katolik zəvvar səfərinin iştirakçıları ilə görüşdü və qeyd etdi ki, bu səfər imanın köklərinə - Romada müqəddəs həvarilər Peter və Paulun və Konstantinopolda həvari Andreyin xatirəsinə qayıdışa bənzəyir. Bu, “həvarilər tərəfindən ötürülən Müjdəni eşitməkdən doğan imanı yenidən və konkret şəkildə yaşamaq” üçün bir fürsətdir.

Viktor Vladimirov tərəfindən

“Birinci Nikeya Kilsə Məclisinin 1700 illik yubileyi bu zəvvar səfərinə xüsusi əhəmiyyət verir: Nikeyada qəbul edilmiş və Konstantinopolda əlavə edilmiş iman şəhadəti bütün xristianların ümumi irsi olaraq qalır”, deyə Papa xatırladıb. Bundan əlavə, bu il Şərq və Qərb təqvimlərində Pasxa tarixləri üst-üstə düşdü və bayramın “Məsih dirildi!” nidası bir ağızdan səsləndi. “Günahın və ölümün qaranlığı bizim üçün qurban kəsilən Quzu, Rəbbimiz İsa Məsih tərəfindən məğlub edildi”: bu, ürəkləri ümidlə doldurur və iman şahidliyinə təşviq edir.

Katolik Kilsəsinin Yubiley ilini “Ümid zəvvarları” devizi altında qeyd etdiyini xatırladan Roma Papası pravoslav qonağı, mitropolit Elpidoforosa müraciət edərək dedi: “Sizin adınızın özü “ümid gətirən” deməkdir”.

“Bilirik ki, zorakılığın günahsız qurbanlarının heç bir fəryadı, övladına yas tutan anaların heç bir ah-naləsi eşidilməmiş qalmayacaq. Ümidimiz Allahadır və məhz Onun lütfünün tükənməz mənbəyindən daim qüvvət aldığımız üçün biz bu ümidin şahidləri və daşıyıcıları olmağa çağırılmışıq.”

XIV Leo arzusunu ifadə etdi ki, bu ekumenik zəvvar səfəri  xristianları imanlarında gücləndirəcək və onları birlik yolu ilə getməyə ruhlandıracaq. O, həmçinin pontifikliyinin başlanğıcı Messasında iştirak edən Patriarx Varfolomeyə qardaş salamlarını çatdırmağı xahiş etdi və Nikea Məclisinin yubileyinin ekumenik qeyd edilməsində zəvvarlarla yeni görüşə ümid etdiyini bildirdi. Papanın sözlərinə görə, “tam və görünən birliyin peyğəmbərlik əlaməti” olan bu cür təşəbbüslər, son onilliklərdə ekumenik dialoqun bəhrələri sayəsində mümkün olub. Onların arasında 1965-ci ildə imzalanmış və 1054-cü ilin qarşılıqlı anafemalarını qaldıran VI Paul və Patriarx Afinaqorun birgə bəyannaməsi də var.

“Biz də birlik və qardaşlıq məhəbbəti yolu ilə getmək lütfünə nail olmaq üçün Parakleti, Təsəllivericini çağırmalıyıq. Məsihə iman edənlər arasında birlik -  Allahın təsəlli ənamının əlamətlərindən biridir.  Müqəddəs Yazı vəd edir ki, “siz Yerusəlimdə təsəlli tapacaqsınız” (Yeşaya 66, 13). Roma, Konstantinopol və başqa kafedralar birincilik uğrunda mübarizə aparmamalıdır; Məsih şagirdlərinə gələcək əzabları haqqında danışanda belə, kimin ən böyük olduğu barədə mübahisə edən onlar kimi olmamalıyıq (Mark 9, 33-37)”.

Müraciətin sonunda XIV Leo həvarilərin Müqəddəs Ruhu qəbul etdiyi və Müjdəni bütün dünyaya yaymağa başladıqları Sülh Şəhəri Yerusəlimə ruhən qayıtmağa çağırdı:

“Qoy imanımızın köklərinə qayıdaraq, hamımız Allahın təsəlli ənamına nail olaq və Xeyirxah Samariyalı kimi müasir bəşəriyyətin yaralarına təsəlli yağı və sevinc şərabını tökə bilək”.  

 

17 iyul 2025, 16:24