MAP

Udienza generale di Papa Leone a San Pietro

Papa XIV Leo: Qoy bizim sözlərimiz insanlara şəfa versin

Çərşənbə günü, Ümumi Audiensiyası zamanı Papa Leo, imanlıları başqalarına şəfa verən, onları yaralamayan sözlərdən istifadə edərək düzgün ünsiyyət qurmağa çağırıb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 30 iyul 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. Şəfalar. 12. Nitq qüsuru olan karın sağalması. “Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».” (Mark 7, 37)

Əziz bacılar və qardaşlar,

Bu katexizislə biz görüşlər, məsəllər və şəfalarla yadda qalan İsanın ictimai həyatı üzrə  səyahətimizi yekunlaşdırırıq.

Yaşadığımız bu dövrün də şəfaya ehtiyacı var.  Dünyamız insan ləyaqətini alçaldan zorakılıq və nifrət mühiti ilə səciyyələnir. Biz sosial media "bulimiyasından" əziyyət çəkən bir cəmiyyətdə yaşayırıq: əlaqələrlə həddən artıq yüklənmişik, bəzən yalan və ya təhrif olunmuş təsvirlərlə doluyuz. İçimizdə ziddiyyətli duyğuların fırtınasına səbəb olan saysız-hesabsız mesajlarla kəməndlənmişik.  

Belə olan halda içimizdə hər şeyi söndürmək istəyinin yaranması mümkündür. Artıq heç nə hiss etməməyi seçə bilərik. Hətta sözlərimiz səhv başa düşülmək riski ilə üzləşə bilər və biz,  yaxınlığımıza baxmayaraq, bir-birimizə ən sadə və ən dərin şeyləri deyə bilmədiyimiz halda, ünsiyyət yoxluğunda, susmağa çəkilmək istəyinə məğlub ola bilərik.

Bununla əlaqədar, bu gün mən Markın İncilindən, danışa bilməyən və eşitməyən bir insan haqqında bəhs edən parça üzərində düşünmək istərdim (Mark 7, 31-37). Ola bilsin ki, bu adam  səhv başa düşüldüyünü hiss etdiyi üçün daha danışmamaq qərarına gəlib. Bu, hərdən, bizim də başımıza gəlir. Həm də, eşitdiklərindən məyus olduğu və yaralandığı üçün bütün səsləri də susdurmaq qərarına gəlib. Əslində İsanın yanına şəfa üçün gələn o özü deyil, onu başqaları gətirir. Düşünə bilərik ki, onu Ustadın yanına aparan adamlar onun tənhalığından narahatdırlar.   Bununla belə, xristian icması bu insanlarda hər bir adamı, İsanın sözünü eşitsin deyə, Ona gedən yolda müşayiət edən Kilsə obrazını gördü. Bu epizod bütpərəstliyin yayıldığı ərazidə baş verir, bu elə bir vəziyyətdir ki, başqa səslər Allahın səsini boğur.

İsanın davranışı əvvəlcə qəribə görünə bilər, çünki O, bu şəxsi kənara çəkir (Mark 7, 33a). Bu yolla O, sanki bu insanın təcrid olunduğunu vurğulayır, lakin yaxından baxdıqda bu hərəkət, həmin insanın susqunluğunun və özünə qapanmasının arxasında nələrin dayandığını anlamağa kömək edir, sanki İsa onun yaxınlıq və ünsiyyətə ehtiyacını dərk edib.

İsa, hər şeydən əvvəl, ona görüşün dərinliyindən bəhs edən jestlərlə səssiz yaxınlıq təklif edir: O, insanın qulaqlarına və dilinə toxunur (Mark 7, 33b). İsa çox söz işlətmir.  Yalnız o anda lazım olanı deyir: “Açıl!” (Mark 7, 34). Mark aramey sözündən istifadə edir - Eph'phatha - sanki bizə onun səsini və nəfəsini "şəxsən" eşitməyə imkan verir. Bu sadə və gözəl söz İsanın dinləməyi və danışmağı dayandırmış bu adama ünvanladığı dəvəti ehtiva edir. Sanki İsa ona deyir: "Səni qorxudan bu dünyaya açıl! Səni məyus edən münasibətlərə açıl! Vazgeçdiyin həyata açıl!”  Özünə qapanmaq, əslində, heç vaxt həll yolu deyil.

İsa ilə qarşılaşdıqdan sonra həmin şəxs nəinki yenidən danışmağa başlayır, həm də bunu “açıq-aşkar” edir (Mark 7, 35). Müjdəçinin daxil etdiyi bu zərf insanın susmasının səbəblərində daha dərin nəyinsə olduğunu göstərir. Ola bilsin ki, bu adam yalnış tərzdə danışdığını hiss etdiyi üçün danışmağı dayandırıb və ya bəlkə də özünü bacarıqsız hiss edib. Hamımız səhv başa düşülməyin, həqiqətən eşidilmədiyimizi hiss etməyin nə demək olduğunu bilirik. Biz hamımız Rəbbdən ünsiyyət tərzimizi sağaltmasını xahiş etməliyik ki, nəinki daha təsirli ola bilək, həm də sözlərimizlə başqalarını yaralamayaq.

Yenidən düzgün danışmağa başlamaq səyahətin başlanğıcıdır, hələ təyinat yeri deyil Üstəlik, İsa bu adama onun başına gələnlər haqqında danışmağı qadağan edir (Mark 7, 36). İsanı həqiqətən tanımaq üçün səyahəti başa çatdırmaq lazımdır; insan Onunla qalmalı və həm də Onun Əzablarından keçməlidir. Biz Onu alçaldılmış və əzab çəkdiyini görəndə, Onun Çarmıxının xilasedici gücünü hiss etdikdə, Onu həqiqətən tanıdığımızı deyə bilərik. İsanın şagirdi olmaq üçün qısa yol yoxdur.

Əziz qardaşlar və bacılar, gəlin Rəbbimizdən bizə dürüst və müdrik ünsiyyət qurmağı öyrətməsini diləyək. Başqalarının sözləri ilə yaralanan hər kəs üçün dua edək. Gəlin Kilsə üçün dua edək ki, o, insanları İsaya aparmaq missiyasında heç vaxt zəifləməsin ki, onlar Onun Kəlamını eşitsinlər, onunla şəfa tapsınlar və beləliklə Onun xilas mesajının daşıyıcıları olsunlar.

30 iyul 2025, 14:54

Ən son Audiensiyalar

Həmçinin oxuyun >