Papa XIV Leo: İnsanlar həyatın daha dolğun mənasını axtarır
“RƏBBİN MƏLƏYİ”
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 06 iyul 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Bugünkü İncil (Luka 10, 1-12. 17-20) bizə hər birimizin öz vəzifəsinə və Rəbbin bizi yerləşdirdiyi konkret vəziyyətlərə uyğun olaraq çağırıldığımız missiyanın əhəmiyyətini xatırladır.
İsa yetmiş iki şagirdini göndərir (Luka 10,1). Bu simvolik rəqəm onu göstərir ki, İncil ümidi bütün xalqlar üçün nəzərdə tutulub. Budur Allahın qəlbinin genişliyi və məhsulunun bolluğu. Həqiqətən də, Allah dünyada işləməyə davam edir ki, bütün övladları Onun məhəbbətini tanısınlar və xilas olsunlar.
Eyni zamanda İsa deyir: “Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin.” (Luka 10, 2).
Bir tərəfdən, Allah səxavətli bir əkinçi kimi tarix boyu dünyaya çıxıb və insanların qəlbinə əbədi, dolğun həyat və bizi azad edən qurtuluş arzusu səpib. Beləliklə, məhsul boldur. Allahın Padşahlığı yerdəki bir toxum kimi böyüyür və bu günün qadınları və kişiləri, hətta bir çox başqa şeylərə görə məyus olmuş kimi görünsələr də, yenə də həqiqətə daha çox can atırlar; onlar öz həyatlarının daha dolğun mənasını axtarır, ədaləti arzulayır və qəlblərində əbədi həyata həsrət daşıyırlar.
Digər tərəfdən, Rəbbin toxum əkdiyi tarlaya çıxacaq işçilər azdır; az adam İsanın gözü ilə biçin üçün yetişmiş yaxşı taxılı ayırd edə bilir (Yəhya 4,35-38). Rəbb bizim həyatımızda və bəşər tarixində böyük işlər etmək istəyir, lakin bunu dərk edən, Rəbbin ənamını qəbul etmək üçün ayaq saxlayan və sonra onu bəyan edib başqaları ilə bölüşənlər azdır.
Əziz bacılar və qardaşlar, Kilsənin və dünyanın, imanı yalnız zahiri bir nişan bilib öz dini vəzifələrini yerinə yetirən insanlara ehtiyacı yoxdur. Bizim missionerlik sahəsində işləməyə can atan işçilərə, hər yerdə Allahın Padşahlığına şahidlik edən sevən şagirdlərə ehtiyacımız var. Ola bilsin ki, ara-sıra hansısa dini hisslərin təsiri altında hərəkət edən və ya ara-bir tədbirlərdə iştirak edən “vaxtaşırı xristianların” çatışmazlığı yoxdur. Lakin Allahın tarlasında hər gün çalışmağa, ürəklərində İncil toxumunu böyütməyə və sonra onu ailələrində, işdə və ya məktəbdə, sosial şəraitdə və ehtiyacı olanlarla bölüşməyə hazır olan çox az insan var.
Bunun üçün bizə pastoral planlar haqqında çoxlu nəzəri fikirlər lazım deyil. Əvəzində, məhsulun Sahibinə dua etməliyik. Buna görə də, Rəbblə münasibətimizə və Onunla dialoqumuzu inkişaf etdirməyə üstünlük verilməlidir. Beləliklə, O, bizi Öz işçiləri edəcək və Padşahlığına şəhadət etmək üçün dünya tarlasına göndərəcək.
Gəlin xilas işində iştirak etmək üçün Rəbbə bütün səxavətilə “bəli” deyən Müqəddəs Məryəmdən xahiş edək ki, bizim üçün şəfaət etsin və Rəbbin ardınca getdiyimiz yolda bizi müşayiət etsin ki, biz də Allahın Padşahlığının sevinc dolu işçiləri ola bilək.