Papa Leo: Ümid insanın yaşından asılı olmayaraq sevinc gətirir
Kristofer Uels tərəfindən
Bu il iyul ayının 27-də keçiriləcək Nənələr və Babalar Günü ərəfəsində etdiyi müraciətində Papa Leo yazır ki, “ümid insanın yaşından asılı olmayaraq daim sevinc gətirir”. O əlavə edir: “Bu ümid uzun illər ərzində çətinliklərlə sınaqdan keçibsə, o zaman daha da dərin bir xoşbəxtlik gətirir.”
Papa müraciətində Müqəddəs Kitabdan ahıllıqla bağlı fikirlərə yer verib. Papa qeyd edib ki, İbrahim və Sara, Zəkəriyya və Elizabet, Musa kimi insanlar qocalıqda Allah tərəfindən seçilmişdilər ki, Onun planında iştirak etsinlər.
Yaşlı insanlar – ümidin simvoludur
Müqəddəs Kitaba görə, Allah üçün qocalıq xeyir-dua və lütf zamanıdır. Yaşlı insanlar Onun üçün ümidin ilk şahidləridir. Papa deyir ki, yaşlı nəsil gənclərin dəstəyinə ehtiyac duya bilər, amma eyni zamanda onların təcrübəsi gənclərə gələcəyi daha ağıllı qurmaqda kömək edə bilər.
Papa bildirir ki, yaşlı insanların iman, ailəyə sədaqət, cəmiyyətə xidmət və digər yaxşı nümunələri bizim üçün hər zaman minnətdarlıq və səbirli olmaq üçün çağırışdır.
Yaşlılar üçün ümid
Papa qeyd edir ki, yaşlıların da ümidə ehtiyacı var. O vurğulayır ki, Yubiley ili azadlıq ili sayılır və biz hamımız çalışmalıyıq ki, yaşlı insanlar tək və diqqətsiz qalmasınlar.
Papa deyir ki, müasir cəmiyyətdə çox vaxt yaşlı insanlar diqqətdən kənarda qalır və unudulur. “Belə bir vəziyyətdə,” o izah edir, “bütün Kilsənin məsuliyyəti üzərinə götürdüyü aydın şəkildə görünən bir dəyişiklikliyə ehtiyac duyulur”.
Papa vurğulayır ki, hər bir kilsə yaşlılara dəstək olmalıdır. Onları unudulmuş hiss etdirməyəcək münasibətlər qurmaq lazımdır. Xristian ümidi bizə deyir ki, yaşlılara onların layiq olduğu qayğı və dəyəri qaytarmaq üçün çalışmalıyıq.
Papa mərhum pontifik Fransiskin də arzusunu xatırladır: tək yaşayan yaşlı insanlar axtarılıb tapılsın. Həmçinin, Yubiley ilində Romaya gedə bilməyənlər, yaşlıları ziyarət etsələr, tam bağışlanma (indulgensiya) ala bilərlər.
Ümid üçün səbəblər
Papa Leo yaşlılara deyir ki, qocalıqda da sevmək və dua etmək mümkündür. “Sevdiklərimizə olan məhəbbət gücümüz azalsa belə bitmir. Əksinə, bizə güc və təsəlli verir.”
Bu cür ümid nişanələri bizə cəsarət verir. Yaşımız artsa da, daxili gücümüz təzələnə bilər.
“Xüsusən yaşlandığımız dövrdə, Allahın bizə verdiyi ümidlə irəliləyək. Gündəlik dua və Messa ilə özümüzü yeniləyək. İllərlə yaşadığımız imanı başqalarına ötürək. Allaha şükürlər edək və insanlar arasında birlik yaradaq.”
“Bu yolla,” Papa Leo yekunlaşdırır, “Belə etsək, yaşımızdan asılı olmayaraq biz ümidin simvoluna çevriləcəyik”.