Papa Leo: Qapımızı döyən Rəbbi salamlayın
“RƏBBİN MƏLƏYİ”
Azadlıq meydanı - Piazza della Libertà (Castel Gandolfo
Rəbbin günü, 20 iyul 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!
Bugünkü liturgiya bizi İbrahimin və onun arvadı Saranın, daha sonra isə İsanın dostları olan Marta və Məryəm bacılarının göstərdikləri qonaqpərvərlik haqqında düşünməyə çağırır (Yar 18, 1–10; Luka 10, 38–42). Hər dəfə biz Rəbbin Şam Süfrəsinə dəvət olunanda və Yevxaristiyanı bölüşəndə Allahın Özü “bizə xidmət etməyə gəlir” (Luka 12, 37). Allah əvvəldən qonaq olmağın nə demək olduğunu bilirdi və bu gün də O, bizim qapımızı döyür (Vəhy 3,20). İtalyan dilində eyni söz həm "qonaq", həm də "ev sahibi" mənasını verə bilər. Bu yay bazar günü gəlin, göstərdiyimiz və qəbul etdiyimiz qonaqpərvərliyin bu qarşılıqlı əlaqəsi üzərində düşünək, çünki onsuz həyatımız yoxsullaşır.
Təvazökarlıq təkcə qonaqpərvərlik göstərmək üçün deyil, həm də onu qəbul etmək üçün lazımdır. Qonaqpərvərlik həm də nəzakət, diqqət və açıqlıq tələb edir. İncildəki səhdənə Marta bu ünsiyyətin sevincini itirmək riski ilə üz-üzə durur. Onun başı, İsanı qarşılamaq üçün hazırlıqlara o qədər qarışıb ki, az qalsın ki görüşün unikal anını məhv etsin. Marta səxavətli insandır, lakin Rəbb onu səxavətdən daha üstün bir şeyə çağırır. Onu hazırlıqlarını buraxıb və gəlib Onunla vaxt keçirməyə çağırır.
Əziz qardaş və bacılar, həyatımız ancaq özümüzdən daha böyük, bizə xoşbəxtlik və məmnunluq gətirən bir şeyə açıq olmağı öyrənsək çiçəkləyə bilər. Marta şikayət edir ki, bacısı onu xidmət etməkdə tək qoyub (Luka 10, 40), lakin Məryəm tamamilə İsanın sözlərinə qapılıb. O, bacısından heç də az praktik, heç də az səxavətli deyil, amma ən vacib olanı dərk etdi. Buna görə İsa Martanı qınayır. Çünki Marta, ona böyük sevinc gətirə biləcək bir anı İsa ilə bölüşmək fürsətini əldən verir (Luka 10, 41-42).
Yay mövsümü bizə yavaşlamağı və Martadan daha çox Məryəm kimi olmağı öyrənməyə kömək edə bilər. Bəzən biz də ən yaxşısını seçə bilmirik. İstirahət etmək üçün vaxt ayırmalı və qonaqpərvərlik sənətinə daha yaxşı yiyələnməyə çalışmalıyıq. Tətil sənayesi bizə hər cür "təəsüratlar" satmaq istəyir, amma bəlkə də, həqiqətən axtardığımızı deyil. Hər bir həqiqi görüş təmənnasız olur; onu pulla almaq olmaz - istər bu görüş Allahla, istər başqa insanlarla, istərsə də təbiətlə olsun. Biz yalnız qonaqpərvərlik sənətini öyrənməliyik ki, bura həm başqalarını qəbul etmək, həm də özümüzün qəbul edilməsinə imkan vermək bacarığı daxildir. Verəcəyimiz və alacağımız çox şey var. İbrahim və Sara ahıl yaşlarına baxmayaraq, Rəbbin Özü ilə üç qonağın simasında görüşdükdən sonra valideyn oldular. Bizim də qarşımızda qəbul ediləcək çoxlu həyat var.
Gəlin Rəbbimizi qəbul edən, Onu bətnində daşıyan və Yusiflə birlikdə Ona sığınacaq verən Əqdəs Məryəmə dua edək. Onda biz hamıya açıq bir ev olmaq və bununla da qapımızı döyən və içəri daxil olmaq üçün icazə istəyən Rəbbini qarşılamaq üçün çağırışımızın gözəlliyini, Kilsənin çağırışını görürük.