MAP

Il Papa, fermare tragedia guerra prima che sia tardi

Papa XIV Leo: Qoy Kilsə yaralı dünyamızda birlik məktəbi olsun

Müqəddəs Peter və Paul bayramı günü etdiyi ənənəvi "Rəbbin mələyi" müraciətində Papa XIV Leo xristian birliyinin ortaq şəhidliyə və bağışlamanın dəyişdirici gücünə əsaslandığını vurğulayırb.

MÜQƏDDƏS HƏVARİLƏR PETER VƏ PAULUN BAYRAMI

“RƏBBİN MƏLƏYİ”

Müqəddəs Peter Meydanı
Rəbbin günü, 29 iyun 2025

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək olsun!

Bu gün həvarilər Peter və Paulun şəhadətindən doğan, onların və bir çox şəhidlərin qanından bəhrələnən Roma Kilsəsinin böyük bayramıdır. Bu gün də, bütün dünyada İncildən ilham alan, hətta canlarını fəda edəcək qədər səxavətli və cəsarətli olan xristianlar var. Biz qan ekumenizmindən, Xristian Kilsələri arasında hələ tam olmayan, gözə görünməyən, lakin dərin bir birlikdən danışa bilərik.   Bu təntənəli bayramda təsdiq etmək istərdim ki, mənim yepiskop xidmətim birliyə yönəldilib və Roma Kilsəsi, müqəddəs Peter və Paulun tökdüyü qanla bütün Kilsələrin birliyi naminə məhəbbətlə xidmət etməyə sadiqdir.

Peterin adını aldığı daş İsa Məsihdir. O, inşaatçıların rədd etdiyi daşdır, Allah onu güşə daşı etdi. Bu meydan və Müqəddəs Peter və Paulun papa bazilikaları bu çevrilişin bu günə qədər necə davam etdiyinə işarədir. Onlar şəhərin kənarında, indi də dediyimiz kimi “divarların xaricində” yerləşirlər. Bu gün bizə böyük və əzəmətli görünənlər, bu dünyanın düşüncə tərzi ilə ziddiyyət təşkil etdiyi üçün bir zaman rədd edilmiş və xaric edilmişlərdir. İsanın ardınca gedənlər, ruh yoxsulluğu, həlimlik, mərhəmət, aclıq, ədalətə və sülhə susamaqla müşayiət olunan,  müqavimət və hətta təqiblərlə qarşılaşan bəxtiyarlıq yolu ilə getməlidirlər. Buna baxmayaraq, Allahın izzəti Onun dostlarında parlayır və onları imandan imana bütün səyahətləri boyu formalaşdırmağa davam edir.

Əziz bacılar və qardaşlar, iki min ilə yaxındır ki, zəvvarlıq ünvanı olan həvarilərin məzarları qarşısında anlayırıq ki, biz də yolumuzu imandan imana gedə bilərik. Əhdi-Cədid,  böyük həvarilər kimi ehtiram etdiyimiz bu insanların səhvlərini, münaqişələrini və günahlarını gizlətmir. Onların böyüklüyü bağışlanma ilə formalaşmışdı. Dirilmiş Rəbb onları doğru yola qaytarmaq üçün bir neçə dəfə əlini onlara uzatdı. İsa heç vaxt yalnız bir dəfə çağırmır. Ona görə də biz həmişə ümid edə bilərik. Yubiley özü də bunu xatırladır.

Kilsədə və Kilsələr arasında birlik, əziz bacılar və qardaşlar, ailələrimizdən və icmalarımızdan başlayaraq bağışlanma və qarşılıqlı etimad vasitəsilə möhkəmlənir. Əgər İsa bizə etibar edə bilirsə, biz də Onun adına bir-birimizə etibar edə bilərik. Qoy Həvarilər Peter və Paul, Mübarək Məryəmlə birlikdə bizim üçün şəfaət etsinlər ki, Kilsə həmişə yaralı dünyamızda birlik evi və məktəbi olsun.

“Rəbbin mələyi” duasından sonra

Əziz bacılar və qardaşlar,

Şagirdlər arasında çoxsaylı ölüm və yaralanmalara səbəb olan faciəvi qəzadan sonra matəm saxlayan Mərkəzi Afrika Respublikasının Bangui şəhərindəki Barthélémy Boganda Liseyinin icmasını onları dualarımda xatırladığıma əmin etmək istərdim. Rəbbimiz ailələrə və bütün icmaya  səbr versin!

Hamınızı, xüsusən də Roma imanlılarını himayədarlarınızın bayramı münasibətilə salamlayıram! Sevgi dolu düşüncələrim kilsələrin baş keşişləri və Roma kilsələrində xidmət edən bütün keşişlərlədir. Onların xidmətinə görə minnətdarlığımı bildirirəm.

Bu bayram həm də Papa ilə birliyin və onun apostol xidmətində iştirakın əlaməti olan illik “Peterin Qəpiyi” ianəsinin toplanması ilə keçirilir. Hədiyyələri ilə Peterin davamçısı kimi ilk addımlarımı dəstəkləyən hər kəsə ürəkdən təşəkkür edirəm.

Romanın müqəddəs Peter və Paula bağlı məkanlarında keçirilən “Quo Vadis?” tədbirində iştirak edənlərin hamısına xeyir-dua verirəm. Mən bu təşəbbüsü təşkil etmək üçün çox çalışmış şəxslərə təşəkkür etmək istərdim, çünki bu, Romanın himayədarlarının təbliğinə və onlara ehtiramın təşviq edilməsinə yardım edir.

Bu gün palliumu alan mitropolit-arxiyepiskoplarını müşayiət edən müxtəlif ölkələrdən olan imanlıları salamlayıram. Mən Ukraynadan olan zəvvarları salamlayıram - mən həmişə Ukrayna xalqı üçün dua edirəm. Meksikadan, Xorvatiyadan, Polşadan, Amerika Birləşmiş Ştatlarından, Venesueladan, Braziliyadan olan imanlıları, İndoneziyadan olan Müqəddəs Peter və Paul xorunu, eləcə də Avropada yaşayan çoxsaylı Eritreyalı imanlılarını salamlayıram; Martina Franka, Pontedera, San Vendemiano və Corbetta qruplarını; Kolledəki Santa Cüstinadan olan ministrantları  və Sommariva del Boskodan olan gəncləri salamlayıram.

Romanın Pro Loco-suna və Via della Conciliazione və Piazza Pio XII meydanlarında çiçək nümayişini yaradan ustalara təşəkkür edirəm!

Mərkəzi və Cənubi İtaliyanın Guanellian Əməkdaşlarını, Kiari Könüllülər Assosiasiyasını, Fermo və Varesedən olan velosipedçiləri, Aniene 80 idman qrupunu və “Connessione Spirituale” zəvvarlarını salamlayıram.

Bacılar və qardaşlar, gəlin dua etməyə davam edək ki, hər yerdə silahlar sussun və sülh dialoq yolu ilə əldə olunsun.

Hər kəsin Rəbb günü mübarək olsun!

29 iyun 2025, 15:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Caeli'

Həmçinin oxuyun >