Papa XIV Leo: Həyatın mənasını axtarırsınız? Allaha tərəf dönün!
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 04 iyun 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. Məsəllər 8. Üzüm bağının işçiləri. “Onlara da dedi: siz də üzüm bağına gedin və haqqınızı düz verərəm” (Matta 20,4)
Əziz bacılar və qardaşlar,
Mən İsanın məsəllərindən birinə yenidən baxmaq istərdim. Bu ümidimizi gücləndirən bir hekayədir. Doğrudan da, bəzən özümüzə elə gəlir ki, sanki həyatımızın mənasını tapa bilmirik: özümüzü lazımsız, uyğunsuz, bazarda kiminsə onları işə götürməsini gözləyən işçilər kimi hiss edirik. Bəzən vaxt keçir, həyat keçir, lakin biz özümüzü qəbul edilmiş və dəyərləndirilmiş hiss etmirik. Ola bilsin ki, gecikdik, bizdən əvvəl başqaları gəldi və ya problemlər bizi digər yerdə saxladı.
Bazar metaforası bizim dövrümüzə çox uyğun gəlir, çünki bazar ticarət yeridir, təəssüf ki, hətta məhəbbətin və ləyaqətin də pul qazanmaq naminə alınıb satıldığı məkandır. Və özümüzü dəyərli, qəbul edilmiş hiss etmədikdə, biz özümüzü ilk gələnə satmaq riski ilə üzləşirik. Bundan fərqli olaraq, Rəbb bizə həyatımızın layiqli olduğunu xatırladır və Onun arzusu bunu dərk etməyimizə kömək etməkdir.
Bu gün şərh etdiyimiz məsəldə də gün ərzində kiminsə onları işə götürməsini gözləyən işçilər var. Biz Matta İncilinin 20-ci fəslindəyik və burada biz davranışı qeyri-adi olan, bizi təəccübləndirən və bizə meydan oxuyan bir obrazla rastlaşırıq. Bu, işçilərini axtarmağa şəxsən çıxan üzüm bağının sahibidir. Görünür, o, onlarla şəxsi münasibət qurmaq istəyir.
Dediyim kimi, bu, ümidverici bir məsəldir, çünki bizə deyir ki, bu torpaq sahibi bir neçə dəfə çıxır və həyatının mənasını tapmaq istəyənləri axtarır. Torpaq sahibi səhər tezdən evini tərk edir və sonra hər üç saatdan bir üzüm bağına göndəriləcək işçiləri axtarmaq üçün yenə də çölə çıxır. Bu cədvəl üzrə, günorta saat üçdə bayıra çıxandan sonra yenidən çıxmağın heç bir mənası yox idi, çünki iş günü saat altıda bitirdi.
Nəyin bahasına olursa olsun hər birimizin həyatına dəyər vermək istəyən bu yorulmaz torpaq sahibi, əvəzində saat beşdə çıxır. Bazarda qalan fəhlələr yəqin ki, bütün ümidlərini itirmişdilər. O gün onlar üçün nəticəsiz idi. Ancaq kimsə hələ də onlara inanırdı. İş gününün son saatında fəhlələri işə götürməyin nə mənası var? Bununla belə, həyatda edə biləcəyimizin çox az olduğunu düşünsəkdə, onu etmək həmişə dəyər. Məna tapmaq imkanı həmişə var, çünki Allah həyatımızı sevir.
Və bu torpaq sahibinin orijinallığı da günün sonunda, maaş vaxtı görünür. Sahib sübh çağı üzüm bağına girən ilk işçilərə adi gündəlik əmək haqqı olan bir dinar verməyə razılaşdı. Başqalarına da ədalət üzrə layiq olduqlarını verəcəyini deyir. Və bu məsəl bizi təhrik edir: ədalətli olan nədir? Üzüm bağının sahibi üçün, yəni Allah üçün ədalət ondadır ki, hər bir insanın yaşaması üçün hər şeyi olsun. O, işçiləri şəxsən çağırıb, onların ləyaqətini tanıyır və bunun əsasında da hər birinə bir dinar verir.
Hekayədə deyilir ki, ilk saatlarda gələn işçilər məyus oldular: onlar haqsız olmayan, sadəcə olaraq səxavətli olan torpaq sahibinin jestinin gözəlliyini görə bilmirlər; sahib təkcə edilən xidməti deyil, həmçinin ehtiyacı da nəzərə alır. Allah hər kəsə Öz Padşahlığını, yəni tam, əbədi və xoşbəxt həyatı bəxş etmək istəyir. İsa bizimlə belə davranır: o, rütbələr yaratmır, Özünü tamamilə ürəklərini Ona açanlara verir.
Bu məsəlin işığında müasir məsihçi belə bir fikir vəsvəsinə düşə bilər: "İşə niyə dərhal başlamalıyam ki? Əgər maaş eynidirsə, daha çox işləmək nəyə lazım?" Müqəddəs Avqustin bu şübhələrə belə cavab verir: “Nə üçün mükafatına əmin olduğun, lakin onu alacağın gündən əmin olmadığın halda, səni çağıranı gecikdirirsən? Ehtiyatlı ol ki, ləngliyin üzündən vəd olunandan özünü məhrum etməyəsən.”
Xüsusilə gənclərə demək istərdim ki, bizi öz bağında işləməyə çağıran Rəbbin çağırışına həvəslə cavab verin. Tərəddüd etməyin, qollarınızı çırmayın, çünki Rəbb səxavətlidir və məyus etməz! Onun üzüm bağında işləyərək, içinizdə daşıdığınız o dərin sualın cavabını tapacaqsınız: həyatımın mənası nədir?
Əziz bacılar və qardaşlar, gəlin ruhdan düşməyək! Həyatın qaranlıq anlarında belə, zaman keçdikcə axtardığımız cavabları almadıqda belə, gəlin Rəbbimizdən yenidən çölə çıxmasını və Onu gözlədiyimiz yerdə bizi tapmasını diləyək. O, səxavətlidir və bizi tezliklə tapacaq!