Papa XIV Leo: Gəlin şəfa istəyimizi dilə gətirək
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 18 iyun 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. Şəfalar. 10. İflicin sağalması. “İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: Sağalmaq istəyirsənmi?” (Yəhya 5, 6)
Əziz bacılar və qardaşlar,
Gəlin şəfa verən İsa haqqında düşünməyə davam edək. Sizi, “bloklanmış” və “dalana dirənmiş” kimi hiss etdiyimiz vəziyyətlər haqqında düşünməyə dəvət etmək istərdim. Əslində, bəzən, ümid etməyə davam etmək mənasız görünür. Biz barışırıq və mübarizə aparmağa artıq həvəsimiz olmur. Bu vəziyyət İncildə iflicin obrazında təqdim olunur. Buna görə də bu gün mən Müqəddəs Yəhyanın İncilinin beşinci fəslində nəql edilən iflicin sağalması hekayəsi üzərində dayanmaq istərdim (Yəhya 5, 1-9).
İsa yəhudilərin bayramı üçün Yerusəlimə gedir. O, birbaşa Məbədə getmir. Əvəzində O, çox güman ki, qurban kəsiləcək qoyunların yuyulduğu qapıda dayanır. Bu qapının yanında qoyunlardan fərqli olaraq murdar sayıldıqları üçün Məbəddən kənarlaşdırılan çoxlu xəstə insanlar da var idi! Beləliklə, onların əzab-əziyyətində onlara kömək əlini uzadan İsanın Özüdür. Bu insanlar taleylərini dəyişə biləcək möcüzəyə ümid edirdilər; doğrudan da, qapının yanında suları möcüzəvi və şəfalı sayılan bir hovuz var idi: müəyyən anlarda hovuzun suları çalxalanırdı və o dövrün inancına görə, həmin anda suya ilk girən sağalırdı.
Beləliklə, orada bir növ “fəqirlər arasında müharibə” yaranırdı: yorğun-yorğun hovuza tərəf sürünən bu xəstələrin acınacaqlı mənzərəsini təsəvvür edə bilərik. Həmin hovuz Bet-Xasda – yəni “mərhəmət evi” adlanırdı. O, xəstələrin və kasıbların toplaşdığı və Rəbbin şəfa və ümid vermək üçün gəldiyi Kilsənin təsviri ola bilərdi.
İsa konkret olaraq təxminən otuz səkkiz il iflic olan bir insana müraciət edir. Həmin insan artıq vəziyyəti ilə barışıb, çünki su hərəkətə gələndə o heç vaxt hovuza girə bilmir (Yəhya 5, 7). Əslində bizi iflic edən çox vaxt məyusluq olur. Biz özümüzü ruhdan salırıq və apatiyaya düşmək riski ilə üz-üzə qalırıq.
İsa iflic xəstəsinə yersiz kimi səslənə biləcək bir sual verir: “Sağalmaq istəyirsənmi?” (Yəhya 5, 6). Əslində bu zəruri sualdır, çünki insan bu qədər il ərzində ilişib qalanda, onun hətta sağalmaq istəyi də sönə bilər. Bəzən biz başqalarını bizə qayğı göstərməyə məcbur edərək, xəstə qalmağı seçirik. Hərdən bu, həyatımızla nə edəcəyimizə qərar verməmək üçün bir bəhanəyə çevrilir. Məsih isə bu insanı ən həqiqi və ən dərin arzusuna qaytarır.
İflic adam İsanın sualına daha aydın şəkildə cavab verir və həyata olan həqiqi baxışını açıqlayır. O, hər şeydən əvvəl deyir ki, onu hovuzun sularına salacaq heç kimi yoxdur: günahkar o deyil, ona qayğı göstərməyənlərdir. Bu münasibət məsuliyyətdən yayınmaq üçün bəhanəyə bənzəyir. Bəs həqiqətənmi ona kömək edə biləcək kimsə yox idi? Budur, Müqəddəs Avqustinin aydınlıq bəxş edən cavabı: “Həqiqətən, onun sağalmaq üçün bir “insana” ehtiyacı var idi, lakin bu “insan” həm də Allah olmalı idi... Beləliklə, O – həmin İnsan gəldi: şəfa niyə yubadılsın ki?”
İflic daha sonra əlavə edir ki, hovuza girmək istəyəndə həmişə ondan əvvəl girən biri olur. Bu adam həyata fatalist baxışın nümunəsidir. Biz elə bilirik ki, başımıza gələn hadisələr bəxtimiz gətirmədiyi üçün baş verir, çünki tale bizə qarşıdır. Bu adam ruhdan düşüb. Həyat mübarizəsində özünü məğlub edilmiş hiss edir.
Bunun əvəzinə İsa ona həyatının həmçinin öz əllərində olduğunu anlamağa kömək edir. Onu ayağa qalxmağa, xroniki vəziyyətindən çıxmağa və döşəyini götürməyə dəvət edir (Yəhya 5, 8). Bu döşəyi saxlamaq və ya atmaq olmaz: döşək onun xəstə keçmişini, tarixini təmsil edir. Bu ana qədər keçmiş onun yolunu kəsirdi; onu ölü kimi uzanmağa məcbur edirdi. İndi o, döşəyini götürüb istədiyi yerə apara bilər: öz hekayəsi ilə nə edəcəyinə qərar verə bilər! Bu yol getmək, yolu seçmək məsuliyyətini daşımaq məsələsidir. Və bu, İsanın sayəsində mümkün olur!
Əziz qardaşlar və bacılar, gəlin Rəbbimizdən həyatımızın harda ilişib qaldığını anlamaq ənamını diləyək. Gəlin şəfa istəyimizi dilə gətirməyə çalışaq. Özünü iflic hiss edən, çıxış yolu görməyən bütün insanlar üçün dua edək. Həqiqi mərhəmət evi olan Məsihin Qəlbinə qayıtmağımızı və Onda yaşamağımızı diləyək!
&ܳ;鴡İƏ
Əziz bacılar və qardaşlar,
Kilsə, müharibənin viran qoyduğu yerlərdən, xüsusən də Ukrayna, İran, İsrail və Qəzzadan gələn ağrı fəryadları ilə pərişan olub. Biz heç vaxt müharibəyə alışmamalıyıq! Həqiqətən də, güclü və mürəkkəb silahlara müraciət etmək istəyi rədd edilməlidir. “Müasir elmin istehsal etdiyi hər cür silahın müharibədə istifadə edildiyi bu gündə, müharibənin vəhşiliyi, savaşanları keçmiş əsrlərin barbarlığını üstələyən vəhşiliyə sürükləyir” (İKİNCİ VATİKAN MƏCLİSİ, Gaudium et Spes Pastoral Konstitusiyası, 79). Bu səbəbdən insan ləyaqəti və beynəlxalq hüquq naminə mən məsul vəzifələrdə olanlara Papa Fransisin tez-tez etdiyi xəbərdarlığı təkrar edirəm: Müharibə hər zaman məğlubiyyətdir! Və Papa XII Piusun sözlərini təkrar edirəm:"Sülhlə heç nə itirilmir. Müharibə ilə hər şeyi itirmək olar!"