MAP

Leone a Piazza San Pietro in papamobile, saluta i fedeli

Papa XIV Leo: Allahın eşitmədiyi fəryad yoxdur

Papa XIV Leo həftəlik Ümumi Audiensiya zamanı, İsaya fəryad edən və görmə qabiliyyəti bərpa edildikdən sonra Onun ardınca getməyə qərar verən kor adamın şəfa tapması haqqında İncil hekayəsinə dair düşüncələrini bölüşüb.

ÜMUMİ AUDİENSİYA

Müqəddəs Peter Meydanı
Çərşənbə, 11 iyun 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. Şəfalar. 9. Bartimay. “Cəsarətli ol, qalx, O səni çağırır” (Mark 10, 49)

Əziz bacılar və qardaşlar,

Bu katexizis ilə diqqətimizi İsanın həyatının başqa bir mühüm aspektinə, Onun şəfa verməsinə cəlb etmək istərdim. Bu səbəbdən mən sizi həyatınızdakı ən ağrılı və kövrək məqamları, ilişib qalmış və bloklanmış kimi hiss etdiyiniz anları Məsihin Qəlbinin qarşısına gətirməyə dəvət edirəm. Gəlin Rəbbimizdən fəryadımızı eşitməsini və bizə şəfa verməsini imanla diləyək!

Bu katexizis zamanı bizi müşayiət edən şəxs bizə anlamağa kömək edəcək ki, özümüzü itirilmiş hiss etdiyimiz zaman belə, heç vaxt ümidimizi itirməməliyik. Bu şəxs, İsanın Yerixoda qarşılaşdığı kor və dilənçi Bartimaydır (Mark 10, 46-52). Qarşılaşma yerinin mənası var: İsa Yerusəlimə gedir, lakin O, səyahətinə dəniz səviyyəsindən aşağıda yerləşən Yerixo şəhərində, məcazi mənada “yeraltı dünyasında” başlayır. Həqiqətən də, İsa Öz ölümü ilə, dibə qədər tənəzzül etmiş və hər birimizi təmsil edən Adəmi geri qaytarmaq üçün gedir.

Bartimay "Timayın oğlu" deməkdir: bu insan ailə münasibətləri vasitəsilə təsvir olunur, lakin o, dramatik dərəcədə yalqızdır. Eyni zamanda, bu ad həm də onun düşdüyü vəziyyətə tamamilə zidd olan “şərəf oğlu” və ya “heyranlıq oğlu” mənasını da verə bilər. İnsanın adı yəhudi mədəniyyətində çox önəmlidir və buna o deməkdir ki, Bartimay öz çağırışına uyğun yaşaya bilmir.

Bundan əlavə, İsanın ardınca gedən böyük izdihamın hərəkətdə olmasından fərqli olaraq, Bartimay hərəkətsizdir. Müjdəçi deyir ki, o, yolun kənarında oturub və buna görə də onu qaldırıb yoluna davam etməsinə kömək edəcək birinə ehtiyacı var.

Çıxış yolu görünməyən bir vəziyyətdə olduğumuz halda biz nə edə bilərik? Bartimay bizə içimizdə olan və bizim bir hissəmiz olan imkanlara müraciət etməyi öyrədir. O dilənçidir, istəməyi bacarır, və hətta qışqıra bilər! Əgər biz bir şeyi həqiqətən istəyiriksə, o zaman başqaları bizi məzəmmət etsə belə, alçaltsa belə, vəziyyətlə barışmağı təklif etsə belə, biz istədiyimizə çatmaq üçün hər şeyi edirik. Bunu həqiqətən istəyiriksə, qışqırmağa davam edirik!

Markın İncilindəki Bartimayın fəryadı: "Ey Davud Oğlu İsa! Mənə rəhm elə!" (Mark 10, 47) – Şərq ənənəsində çox məşhur bir duaya çevrildi. Biz də o duadan istifadə edə bilərik: “Ey Var Olan Allahın Oğlu Rəbb İsa Məsih, mən günahkara rəhm et”.

Bartimay kordur, lakin paradoksal olaraq o, başqalarından daha yaxşı görür və İsanın kim olduğunu tanıyır! İsa dayanıb onu çağırır (Mark 10, 49), çünki biz Allahı çağırdığımızdan xəbərsiz olsaq belə, Allahın eşitməyəcəyi fəryad yoxdur (Çıx 2, 23). Qəribədir ki, İsa adamın kor olduğunu bilib dərhal onun yanına getmir. Lakin fikirləşsək görəcəyik ki, bu, Bartimayın həyatını yenidən aktivləşdirməyin bir yoludur. İsa onu yenidən ayağa qalxmağa təşviq edir, onun yerimə qabiliyyətinə inanır. Bu adam yenidən ayaq üstə dayana bilər, ölüm əzabından qalxa bilər. Lakin bunun üçün o, çox əhəmiyyətli bir jest etməlidir: o, üst paltarını atmalıdır (Mark 10, 50)!

Dilənçi üçün üst paltar hər şeydir: onun təhlükəsizliyidir, evidir, mühafizəsidir. Hətta Qanun dilənçi paltarını qoruyur və girov götürüldüyü təqdirdə axşam geri qaytarılmasını tələb edirdi (Çıx 22, 25). Çox vaxt yolumuza mane olan -  özümüzü müdafiə etmək üçün geyindiklərimiz, əvəzində isə yeriməyimizə mane olan xəyali zəmanətlərdir.  İsanın yanına getmək və Ondan şəfa almaq üçün Bartimay Onun qarşısında bütün zəifliyi ilə durmalıdır. Bu, hər hansı bir şəfa yolunda əsas addımdır.

Hətta İsanın ona verdiyi sual da qəribə görünür: “Nə istəyirsən, sənin üçün edim?” (Mark 10, 51). Əlində, dərdlərimizdən sağalmaq niyyətimiz hər zaman səmimi olmur. Bəzən məsuliyyəti öz üzərimizə götürməkdənsə, durduğumuz yerdə qalmağı üstün tuturuq. Bartimayın cavabı dərindir: o, “yenidən görmək” mənasını verən, lakin “yuxarı baxmaq” kimi də tərcümə edilə bilən “anablepein” felindən istifadə edir. Doğrudan da, Bartimay təkcə yenidən görmək istəmir; ləyaqətini qaytarmaq istəyir! Yuxarı baxmaq üçün başımızı qaldırmalıyıq. Bəzən insanlar ilişib qalırlar, çünki həyat onları alçaltmışdır və onlar sadəcə olaraq öz dəyərini yenidən tapmaq istəyirlər.

Bartimayı və hər birimizi xilas edən imandır. İsa bizi sağaldır ki, biz azad ola bilək. O, Bartimayı onun ardınca getməyə dəvət etmir, lakin ona öz yoluna başlamağı deyir (Mark 10, 52). Bununla belə, Mark hekayəsini Bartimayın İsanın ardınca getməyə başladığını söyləməklə bitirir: o, könüllü olaraq, Yol olan Məsihin ardınca getməyə qərar verdi!

Əziz bacılar və qardaşlar, gəlin öz dərdlərimizi də, yaxınlarımızın dərdlərini də inamla İsaya etibar edək; özünü itirilmiş hiss edən və çıxış yolunu görməyənlərin ağrısını Ona gətirək. Gəlin onlar üçün də fəryad edək və əmin ola bilərik ki, Rəbb bizi eşidəcək və ayaq saxlayacaq.

11 iyun 2025, 16:43

Ən son Audiensiyalar

Həmçinin oxuyun >