Papa XIV Leo: Müqəddəs Ruh bizim daxili zəncirlərimizi qırır və bizi dəyişdirir
Debora Kastellano Lubov tərəfindən
“Bu gün Yuxarı Otaqda baş verənlər yenidən bizim aramızda baş verir. Müqəddəs Ruhun ənamı bizi ağuşuna alan güclü külək kimi, bizi heyrətləndirən gurultu kimi, bizi nurlandıran alov kimi üzərimizə enir.”
Papa XIV Leo bu təsəlli bəxş edən sözləri Rəbb günü səhər Kilsə Hərəkatları, Assosiasiyalar və Yeni İcmaların Yubileyi üçün Müqəddəs Peter Meydanında keçirilən Müqəddəs Ruhun Enməsi Bayramının Messası zamanı söylədi.
Vəzi zamanı Müqəddəs Ata vurğuladı ki, Müqəddəs Ruh həvarilərin həyatında “qeyri-adi bir iş” yaratmışdır.
Həvarilərin daxili zəncirlərini qıran və onları məsh edən Ruh
Papa Leo qeyd etdi ki, “İsanın ölümündən sonra bağlı qapılar arxasında qalan, qorxu və kədərə qərq olunmuş həvarilər, baş verən hadisələri şərh etməyə və Dirilmiş Rəbbin hüzurunu dərindən hiss etməyə kömək edən yeni bir baxış tərzi, daxili anlayış əldə etdilər”.
Papa, Müqəddəs Ruhun “həvarilərin qorxusuna qalib gəldiyinə, daxili zəncirlərini qırdığına, yaralarını sağaltdığına, onları gücləndirmək üçün məsh etdiyinə və hər kəsə Allahın böyük işlərini təbliğ etmək üçün onlara cəsarət verdiyinə” heyrətini ifadə etdi.
Papa XIV Leo, 2005-ci il Pentikost günü mərhum Papa XVI Benediktin dediyi sözləri sitat gətirərək, Müqəddəs Ruhun Enməsi bayramında Yuxarı Otağın qapılarının açıldığını xatırlatdı, çünki Ruh sərhədləri açır: “Müqəddəs Ruh idrak bəxş edir. Ruh Babildə başlayan 'parçalanmaya', bizi bir-birimizə qarşı qoyan ağıl və ürək vəlvələsinə qalib gəlir. Ruh sərhədləri açır...”
“Ruh sərhədləri açır”
Bunu Pentikost bayramının bəlağətli obrazı adlandıran Papa XIV Leo bu ideya üzərində düşünməyə davam edərək qeyd etdi ki, Ruh hər şeydən əvvəl qəlbimizdə “sərhədləri açır” və O, “həyatımızı sevgiyə açıq edən Ənamdır”.
"Onun varlığı, ürəyimizin sərtliyini, düşüncə darlığımızı, eqoizmimizi, bizi iflic edən qorxuları və bizi yalnız özümüz haqqında düşünməyə vadar edən narsisizmi aradan götürür". Müqəddəs Ruh “bizə meydan oxumaq üçün gəlir,” deyə, Papa davam etdi.
Həyata yeni yanaşma
Üstəlik, Papa Leo vurğuladı ki, Ruh bizə həyata yeni yanaşma tapmağa imkan verir: "O, geyindiyimiz bütün maskalar altında gizlənmiş daxili mənliyimizlə təmasda olmağımıza imkan verir. O, bizi Rəblə görüşə aparır, Onun ənamı olan sevinci yaşamağa öyrədir."
“Ruh bizi əmin edir ki”, dedi Papa, “yalnız məhəbbətdə qalmaqla biz Onun sözünə sadiq qalmaq üçün güc tapacağıq və Onun bizi dəyişdirməsinə icazə verə biləcəyik.”
Qəlbimizi açmaq, sərtliyimizə və şər meyillərimizə qalib gəlmək
Papa, həmçinin Ruhun başqaları ilə münasibətimizdə də sərhədləri açdığına diqqəti çəkdi.
İsanın Ruh ənamı haqda “Onunla Ata arasında olan və içimizdə məskunlaşmağa gələn məhəbbətdir” izahını xatırladaraq, Papa dedi ki, bu, bizə “qəlbimizi qardaş və bacılarımıza açmağa, sərtliyimizə qalib gəlməyə, fərqli olanlara qarşı qorxumuzdan azad olmağa və daxilimizdə tüğyan edən şər meyillərimizə hakim olmağa” imkan verir.
Müqəddəs Ata vurğuladı ki, Ruh əlaqələrimizi pozan daha dərin, gizli təhlükələri, məsələn, şübhə, qərəz və ya başqalarını manipulyasiya etmək istəyini dəyişdirir. “Son zamanlar faciəvi şəkildə çoxsaylı qadın qətli halları göstərdiyi kimi, tez-tez zorakılığa gətirib çıxaran qeyri-sağlam üstünlük istəyi ilə müşayiət olunan münasibətlər haqqında böyük ağrı ilə düşünürəm”, deyə Papa Leo əlavə etdi.
“Kilsə üçün ən vacib meyar”
Papa izah etdi ki, Müqəddəs Ruh yaxşı və sağlam münasibətləri inkişaf etdirmək üçün içimizdəki bəhrələri yetkinliyə çatdırır və beləliklə, əlaqələrimizin sərhədlərini genişləndirir və bizi qardaşlıq sevincində yaşamağı öyrədir.
“Bu həm də Kilsə üçün vacib meyardır. Biz yalnız aramızda heç bir sərhəd və ya bölgü olmadıqda, Kilsədə dialoq quranda və bir-birimizi qəbul edəndə, fikir ayrılıqlarımızı barışdıra biləndə və Kilsə olaraq hamını qarşılayan qonaqpərvər məkan ola biləndə Dirilmiş Rəbbin həqiqi Kilsəsi və Pentikostun şagirdləri ola bilərik”, deyə Papa vurğuladı.
Pentikost yeniləyir
Müqəddəs Ata həmçinin Müqəddəs Ruhun xalqlar arasında sərhədləri açdığını söyləyərək vurğuladı ki, “Allahın “nəfəsi” bizim qəlblərimizi birləşdirir”, “başqalarını qardaş və bacılarımız kimi görməyə vadar edir” və “maneələri yıxır, laqeydlik və nifrət divarlarını sökür”.
Bunu nəzərə alaraq Papa XIV Leo bir daha təsdiqlədi ki, “Pentikost Kilsəni və dünyanı yeniləyir!”.
“Qoy Ruhun güclü küləyi bizə və daxilimizə nüfuz etsin, qəlblərimizin sərhədlərini açsın, bizə Allahla görüşmək lütfünü bəxş etsin, sevgimizin üfüqlərini genişləndirsin və sülhün hökm sürdüyü bir dünya qurmaq üçün səylərimizə dəstək olsun!”