Papa Leo: “Fikirlərim müharibələrdən əziyyət çəkən ailələrlədir”
“SƏMAVİ MƏLƏKƏ” DUASI
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 01 iyun 2025
Bu Yevxaristiyanın sonunda mən Ailələr, Uşaqlar, Nənələr və Babalar və Yaşlılar Yubileyində iştirak edən hər kəsi səmimi salamlayıram! Siz dünyanın hər yerindən, 131 ölkədən nümayəndə heyəti ilə buraya toplaşmısınız.
Bizə ümidimizi qaytaran bu qədər uşaqları salamlamaqdan xüsusilə şadam! Mən İncil mesajının qəbul edildiyi və ötürüldüyü kiçik ev kilsələri olan bütün ailələri salamlayıram. Müqəddəs II İoann Pavel deyirdi ki, ailə “Yaradanın yaratdığı dünyaya sevgisindən qaynaqlanır” (Ailələrə məktub “Gratissimam Sane”, 2). Ailələrimizdə iman, ümid və sevgi daim artsın. Mən xüsusilə nənələri və babaları, yaşlıları salamlayıram, siz həqiqi iman örnəyisiniz və gənc nəslə ilham verirsiniz. Gəldiyiniz üçün təşəkkür edirəm!
Mən bütün zəvvarları, xüsusən Piemontdakı Mondovi yeparxiyasından olanları salamlayıram.
Bu gün İtaliyada və dünyanın bir çox yerlərində Rəbbin Göylərə Qalxması bayramı qeyd olunur. Bu, bizi yer üzündəki səyahətimizin məqsədini səbirsizliklə gözləməyə vadar edən gözəl bir bayramdır. Bununla əlaqədar olaraq qeyd etmək istərdim ki, dünən Polşanın Branievo şəhərində Kristofora Klomfass və Müqəddəs Yekaterina, Bakirə və Şəhid konqreqasiyasının digər on dörd rahibələri mübarək elan edildilər; onlar 1945-ci ildə, Qırmızı Ordu Polşaya hücum edərkən qətl edilmişdilər. Katolik inancına qarşı nifrət və terror mühitinə baxmayaraq, onlar xəstələrə və yetimlərə xidmətdə böyük şövq göstərdilər. Gəlin, özlərini Allahın Padşahlığına səxavətlə həsr edən dünyadakı bütün rahibələr üçün yeni mübarək şəhidlərin şəfaətini diləyək.
Mən həmçinin xatırlatmaq istərdim ki, bu gün Ümumdünya Komminikasiya Günüdür və mesajlarının etik keyfiyyətini təmin etməklə ailələrə təlim-tərbiyə işlərində kömək edən media işçilərinə təşəkkür edirəm.
Mübarək Məryəm Ana dünyanın hər yerində ailələrə xeyir-dua versin, sınaqlarında onlara dəstək olsun. Mən xüsusilə Yaxın Şərqdə, Ukraynada və dünyanın digər yerlərində gedən müharibələrdən əziyyət çəkən ailələri düşünürəm. Allahın Validəsi sülh yolunda birlikdə irəliləməkdə bizə kömək etsin.