XIV Leo mərhum Papa Fransiskin məzarı önündə dua edib
Debora Kasellano Lubov tərəfindən
Şənbə axşamı Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin verdiyi məlumata görə, Vatikana qayıdarkən Papa XIV Leo “Santa Maria Maggiore” Bazilikasında dayandı və burada həm mərhum Papa Fransiskin məzarı, həm də “Salus Populi Romani” adlı Məryəm Ana ikonası önündə dua etdi.
Papa XIV Leo sonuncu dəfə mərhum Papa Fransiskin məzarı önündə Pasxadan sonrakı ikinci Rəbb günü – Allahın Mərhəməti Günündə, günorta dua etmişdi. Həmin vaxt kardinal olan Robert Prevo, Kardinallar Kollegiyasının üzvləri ilə birlikdə, artıq ictimaiyyətin ziyarətinə açılmış məzar önündə dua etmək üçün “Santa Maria Maggiore” pontifikal azilikasına gəlmişdi.
Papa seçilməsindən 48 saat sonra XIV Leo Vatikan xaricinə ilk səfərini edərək, Romadan bir qədər kənarda yerləşən Cennedzano şəhərindəki “Xoş Məsləhətin Anası” müqəddəs ziyarətgahına getmişdi.
Orada etdiyi çıxışında Papa deyib: “Yeni xidmətimin ilk günlərində buraya gəlmək arzusunda idim… Kilsənin mənə etibar etdiyi bu xidməti Məryəm Ananın himayəsinə tapşırmaq istədim.”
Avqustinianların çox sevdiyi Məryəm ziyarətgahı
XIV Leo, Avqustinianlar tərəfindən 1200-cü ildən bəri idarə olunan bu müqəddəs məkana günorta saat 4:00 radələrində şəxsi ziyarət üçün gəlmişdi.
Ziyarətgahda qədim bir Məryəm ikonası saxlanılır – bu ikona Albaniyanın Şkoder şəhərindən gətirilmiş və Papa XIII Leonun çox sevdiyi bir ikonadır.
Meydanda toplaşan və pəncərələrdən, eyvanlardan baxan yüzlərlə insan Papanı alqışlarla qarşıladı.
İmanlılar sevinclə küçələrə axışdı
İnsanlar “Leone, Leone” – (“Leo, Leo”) deyə qışqırırdı və yaxınlıqdakı küçələr adamlarla dolmuşdu. Kilsəyə daxil olduqdan sonra, Papa Avqustinian keşişlərlə görüşdü və əvvəlcə qurbangah önündə, daha sonra isə Məryəmin ikonasının qarşısında dua etdi. Orada olanlarla birlikdə Papa Müqəddəs II İoann Pavelin Xoş Məsləhətin Anası ümün yazdığı duanı oxudu.
Papa XIV Leo xidmətini Mübarək Məryəmin şəfaətinə tapşırdı.
O, Avqustinian Ordeninin Prioru seçildikdən sonra bu ziyarətgahı ziyarət etməsini və həyatını Kilsəyə həsr etmə qərarını xatırlatdı.
XIV Leo bir daha Xoş Məsləhətin Anasına olan etimadını ifadə etdi və Qanadakı toyda Məryəmin xidmətçilərə söylədiyi sözləri sitat gətirdi: “O nə deyirsə, onu edin.” Daha sonra Papa Avqustinian icması ilə qapalı görüş keçirdi.
XIV Leo ilk olaraq Romadan kənarda yerləşən Məryəm ziyarətgahına səfər etdi (@Vatican Media)
Papa XIV Leo hələ Kardinal olduğu dövrdə – 25 aprel 2024-cü ildə – bu ziyarətgahda Messa keçirmişdi.
Həmin gün verdiyi vəzində kardinal Prevo Məryəmə olan bağlılığını bildirmiş və imanlıları Məryəmdən ilham alaraq dünyada sülh və barışıq yaymağa çağırmışdı.