MAP

2025.05.25 Celebrazione Eucaristica e insediamento sulla Cathedra Romana del Vescovo di Roma Leone XIV - Basilica di San Giovanni in Laterano

Roma Papası XIV Leo: "Sizə əlimdə olan və olduğum azı təklif edirəm"

Papa XIV Leo Roma Yepiskopunun kafedral kilsəsi olan Müqəddəs Yəhya Lateran Bazilikasında ilk Messasını keçirərək, yeni yeparxiya ailəsini salamlayıb.

Çeçiliya Mutual tərəfindən

Biz başqalarına və hər şeydən əvvəl Allahın səsinə qulaq asmalıyıq.

Bu, Roma Papası XIV Leo-nun Roma Yepiskopunun kafedral kilsəsi, Müqəddəs Yəhya Lateran Bazilikasında keçirdiyi Rəbb gününün axşam Messasında söylədiyi vəzin mərkəzi fikri idi.

Roma Kafedralına getməzdən əvvəl Müqəddəs Ata şəhərin mülki və demokratik hakimiyyətinin yerləşdiyi Romanın Kapitoli təpəsini ziyarət edib və burada Ali Pontifiki şəhərin meri Roberto Qualtieri qarşılayıb.

Roma Papası paytaxtın merinə və mülki hakimiyyət orqanlarına səmimi qəbula görə təşəkkür edib və ümid etdiyini bildirib ki, “Roma hər zaman, həyat gücü İncildən qaynaqlanan humanizm və sivilizasiya dəyərləri ilə seçiləcək”.

Müqəddəs Yəhya Lateran Bazilikasındakı vəzinin əvvəlində kardinalları, yepiskopları, “əziz keşişləri” və sevimli imanlıları salamladıqdan sonra, Papa vurğuladı ki, “Roma Peterin, Paulun və saysız-hesabsız şəhidlərin şəhadətinə əsaslanan böyük bir tarixin varisidir və onun, bu kafedral kilsənin fasadında yazıldığı kimi, özünəməxsus bir missiyası var: Mater ómnium Ecclesiarum, bütün kilsələrin anası olmaq missiyası.

Daha sonra Müqəddəs Ata, tez-tez “bizi Kilsənin ana ölçüsü və Kilsəsin analığını müəyyən edən zəriflik, fədakarlıq, və nəinki yardım etməyə, hətda ehtiyaclar və gözləntilər ifadə edilməmişdən əvvəl onları qabaqcadan sezməyə imkan verən dinləmə qabiliyyəti kimi xüsusiyyətləri haqqında düşünməyə dəvət edən” Papa Fransiskdən sitat gətirdi.

“Ümid edirik ki, bu keyfiyyətlər hər yerdə Allahın xalqında, o cümlədən bizim böyük yeparxiya ailəmizdə: imanlılar arasında, keşişlər arasında və hər şeydən əvvəl mənim özümdə böyüməyə davam edəcək" dedi XIV Leo.

Allahın səsini dinləmək

İlk xristian icmasının İncili təbliğ etmək üçün bütpərəst dünyaya açılmaq problemi ilə necə üzləşdiyini izah edən günün oxunuşlarından ilham alaraq, Müqəddəs Ata vurğuladı ki, bütün proses boyu hər şeyi mümkün edən ən vacib şərt Allahın səsini dinləmək idi. Bu şəkildə bizə xatırladılır ki, birlik hər şeydən əvvəl “diz üstə”, yəni duada və davamlı olaraq imanda böyüməyə sadiqliklə qurulur”.   “Yalnız bu şəkildə hər bir insan öz daxilində “Abba, Ata” deyə səsləyən Ruhun səsini hiss edə bilər və nəticədə başqalarını qardaş və bacı kimi eşidə və anlaya  bilər.”

Ruh tərəfindən idarə olunmaq

"İncil də bu fikri dəstəkləyir ki, həyatımızla bağlı qərar verərkən biz tək deyilik".

Ruh bizi dəstəkləyir və İsanın söylədiklərinin hamısını “öyrədərək” və “xatırladaraq” getməli olduğumuz yolu bizə göstərir.

Hər şeydən əvvəl, Papa izah etdi, Ruh bizə Rəbbin sözlərini öyrədir, onları artıq daş lövhələrə deyil, ürəyimizə yazılan qanunun Bibliyadakı təsvirinə uyğun olaraq bizim daxilimizə həkk edir. Bu, bir-birimiz üçün “Məsihin məktubu” olana qədər böyüməmizə yardım edən bir ənamdır.

“Və bu, həqiqətən də, belədir: biz Müjdəni təbliğ etmək qabiliyyətinə o qədər malik oluruq, nə qədər ki özümüzə Ruh tərəfindən fəth olunmağa və Onun vasitəsilə dəyişməyə imkan veririk, nə qədər ki Ruhun gücünə varlığımızın dərinliklərində bizi təmizləməyə, sözlərimizi sadə və səmimi, istəklərimizi dürüst və saf, əməllərimizi isə səxavətli etməyə imkan veririk.”

Burada başqa bir fel işə düşür: “xatırlatmaq” feli, dedi Müqəddəs Ata. “Yəni qəlbin diqqətini yenidən yaşadıqlarımıza, öyrəndiklərimizə yönəltmək, onların mənasını daha dərindən dərk etmək və gözəlliyindən bir daha dadmaq”.

26 may 2025, 11:33