Papa XIV Leo Şərqi katoliklərə: Kilsənin sizə ehtiyacı var
MÜQƏDDƏS ATA XIV LEO-NUN ŞƏRQ KİLSƏLƏRİ YUBİLEYİNİN İŞTİRAKÇILARINA MÜRACİƏTİ
Audiensiya Zalı
Çərşənbə, 14 may 2025 il
Ata və Oğul və Müqəddəs Ruhun Adı ilə. Sülh olsun sizə.
Zati-müqəddəsləri, zati-həzrətləri, zati-aliləri,
Hörmətli keşişlər, rahiblər və rahibələr,
Əziz bacılar və qardaşlar,
Məsih dirildi. O, həqiqətən dirildi! Mən sizi bu sözlərlə salamlayıram ki, bir çox ölkələrdə şərq xristianları Pasxa dövründə təkrarlamaqdan yorulmurlar, çünki onlar bizim imanımızın və ümidimizin mahiyyətini iqrar edir. İsa Məsihin dirilməsinə sarsılmaz şəkildə köklənən Ümidimizin Yubileyi zamanı sizi burada görmək mənim üçün çox təsirlidir. Romaya xoş gəlmisiniz! Sizinlə olmaqdan və pontifikatımın ilk audiensiyalarından birini məhz Şərqin imanlılarına həsr etməkdən xoşbəxtəm.
Siz Allahın nəzərində dəyərlisiniz. Mən sizə baxdıqca mənşəyinizin müxtəlifliyini, şanlı tarixinizi və bir çox icmalarınızın çəkdiyi və ya çəkməyə davam etdiyi acı iztirabları düşünürəm. Papa Fransiskin bu fikrini bir daha təkrar etmək istərdim: “Şərq Kilsələri qoruduğu unikal ruhani və müdrik ənənələrə görə və xristian həyatı, birlik və liturgiya haqqında bizə deyə biləcəkləri hər şeyə görə əziz tutulmalı və qiymətləndirilməlidir. Biz Kilsə üçün əvəzolunmaz xəzinə olan qədim Atalar, Kilsə Məclisləri və rahiblik ənələləri haqqında düşünürük” (Şərq Kilsələri üçün Yardım Agentlikləri Toplantısının İştirakçılara Müraciət, 27 iyun 2024 il).
Kilsələrinizin məziyyətinə ayrıca bir sənəd həsr edən ilk Papa XIII Leo-nu da xatırlamaq istərdim. Həmin sənəd, hər şeydən əvvəl, Papa XIII Leo-nun sözləri ilə desək, “bəşəriyyətin xilası Şərqdə başlanıb” faktından ilhamlanıb. (Apostol Məktubu “Orientalium Dignitas”, 30 noyabr 1894 il). Həqiqətən, “Kilsənin ilkin doğulduğu yer kimi, sizin unikal və imtiyazlı rolunuz var.” (Müq. II İoann Pavel, “Orientale Lumen”, 5). Qeyd edilməsi vacibdir ki, bu günlərdə Romada müxtəlif adət-ənənələrinizə uyğun olaraq təntənəli şəkildə keçirdiyiniz liturgiyalarınızın çoxunda Rəbb İsanın dili istifadə edilir. Papa XIII Leo ürəkdən çağırış etmişdir ki, “Şərq liturgiyasının və nizam-intizamının qanuni müxtəlifliyi Kilsənin böyük şərəfinə və rifahına xidmət edə bilər” (Orientalium Dignitas). Onun arzusu həmişə aktual olaraq qalır. Bu gün bir çox şərqli qardaş və bacılarımız, o cümlədən sizlərdən bir neçəsi müharibə və təqiblər, qeyri-sabitlik və yoxsulluq ucbatından öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb. Qərbə çatanda isə onlar təkcə vətənlərini deyil, həm də dini kimliklərini itirmək riski ilə üzləşir. Nəticədə, nəsillərin dəyişməsi ilə Şərq Kilsələrinin çox dəyərli irsi itirilir.
Bir əsrdən çox əvvəl, XIII Leo qeyd etmişdir ki, “Şərqi ayinlərinin qorunub saxlanması düşündüyümüzdən daha vacibdir”. O, bu fikrində daha da irəli gedir və qərara alır: “Əgər Latın ənənəsinə mənsub olan hər hansı missioner, istər dünyəvi birləşmənin, istərsə də ruhaniliyin nümayəndəsi olsun, Şərq ənənəsinə mənsub bir katolikin Latın ənənəsinə keçməsini məsləhəti və ya dəstəyi ilə təşviq edirsə, o xidmətindən və vəzifəsindən uzaqlaşdırılmalıdır”. Xristian Şərqini, xüsusən də diasporu qorumaq və təşviq etmək üçün bu çağırışı həvəslə təkrar edirik. Mümkün və münasib olan yerlərdə Şərq Kilsələri sərhədlərini müəyyən etməklə yanaşı, Latın ənənəsinə mənsub xristianlar arasında da maariflənmə daha çox təşviq edilməlidir. Bununla əlaqədar olaraq, fəaliyyətinə görə təşəkkür etdiyim Şərq Kilsələri üzrə Dikasteriyadan xahiş edirəm ki, Latın yepiskopları, diasporadakı Şərq katoliklərinə canlı ənənələrini qorumaq və beləliklə, yaşadıqları icmaları zənginləşdirmək səylərində konkret dəstək verə bilsinlər deyə müvafiq prinsipləri, normaları və təlimatları müəyyən etməkdə mənə kömək etsinlər.
Kilsənin sizə ehtiyacı var. Xristian Şərqinin bu gün bizə təklif edə biləcəyi töhfə çox böyükdür! Sizin liturgiyalarınızda - İnsan şəxsiyyətini bütünlüklə cəlb edən, qurtuluşun gözəlliyini tərənnüm edən və Allahın əzəmətinin insan zəifliyimizi necə ağuşuna aldığına dair heyrət hissi doğuran liturgiyalarınızda canlı qalan Sirr hissini bərpa etməyə böyük ehtiyacımız var!
Xüsusilə xristian Qərbində Allahın Aliliyi hissini, mistaqogiyanın əhəmiyyətini və Şərq mənəviyyatına xas olan dəyərləri - şəfaət, tövbə, oruc və öz günahlarına və bütün bəşəriyyətin günahlarına görə fəryad etmək (πενθοσ) dəyərlərini yenidən kəşf etmək də vacibdir! Buna görə də, adət-ənənələrinizin istehlakçılıq və utilitarizm zehniyyəti tərəfindən pozulmaması üçün, onları praktiklik və ya rahatlıq xatirinə zəiflətmədən qorumağınız çox vacibdir.
Qədim, lakin həmişə yeni olan dini ənənələriniz şəfavericidir. Onlarda bəşəriyyətin iztirab dramı Allahın mərhəmətinə olan heyrətlə birləşir ki, bizim günahkarlığımız ümidsizliyə səbəb olmasın, əksinə, bizi şəfalanmış, ilahiləşmiş və səma zirvələrinə yüksəlmiş varlıqlara çevrilmək lütfünü qəbul etməyə açsın. Bunun üçün biz Rəbbə sonsuz həmd və şükür etməliyik. Süryani Müqəddəs Əfrəmlə birlikdə dua edib Rəbb İsaya deyə bilərik: “Çarmıxını ölüm üzərində körpü kimi qoyan Sənə həmd olsun... Özünü fani insanın bədəninə bürüyən və onu bütün insanlar üçün həyat mənbəyi edən Sənə izzət olsun” (Rəbb haqqında vəz, 9). Buna görə də, Şərqin digər Böyük Atalarından biri olan Ninevalı İshaqın “ən böyük günah Dirilmənin gücünə inanmamaqdır” sözlərini xatırlayaraq həyatın hər sınaqında Pasxanın şübhəsizliyini görmək və ruhdan düşməmək üçün lütf istəməliyik (Müq. Ninevalıl İshaq, “Sermones ascetici” I, 5).
Sizdən daha yaxşı kim zorakılıq uçurumunda olsa belə ümid nəğməsini oxuya bilər? Sizdən başqa kim müharibənin dəhşətlərini o qədər yaxından yaşayıb ki, hətta Papa Fransisk sizi “Şəhid Kilsələri” adlandırıb? Müqəddəs Torpaqlardan Ukraynaya, Livandan Suriyaya, Yaxın Şərqdən Tiqraya və Qafqaza qədər nə qədər zorakılıq görürük! Bu dəhşətin içindən, hərbi istila adına qurban gətirilən və buna görə də qəzəb doğuran bu qədər gəncin qətli içindən bir çağırış eşidilir.: bu Papanın deyil, Məsihin Özünün səsidir: “Sülh olsun sizə!” (Yəhya 20, 19.21.26). Və Məsih əlavə edir: "Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm onu sizə vermirəm" (Yəhya 14, 27). Məsihin sülhü münaqişədən sonra hökm sürən qəbir sükutu deyil; o zülmün bəhrəsi deyil, hamı üçün nəzərdə tutulan, yeni həyat gətirən bir ənamdır. Barışıq, bağışlanma və səhifəni çevirib yenidən başlamaq cəsarəti olan bu sülh üçün dua edək.
Mən öz tərəfimdən bu sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyəm. Müqəddəs Taxt-Tac həmişə düşmənləri bir araya gətirməyə, üz-üzə, bir-biri ilə danışmağa kömək etməyə hazırdır ki, xalqlar bir daha ümid tapsınlar və layiq olduqları sülhə nail olsunlar. Dünyamızın xalqları sülh istəyir və mən onların rəhbərlərinə bütün qəlbimlə müraciət edirəm: Gəlin görüşək, gəlin söhbət edək, gəlin danışıqlar aparaq! Müharibə heç vaxt qaçılmaz olmur. Silahlar susdurula bilər və susdurulmalıdır, çünki onlar problemləri həll etmir, əksinə onları artırır. Tarixi yaradanlar əzab toxumu səpənlər deyil, sülhpərvərlərdir. Qonşularımız bizim düşmənimiz deyil, insanlıqda qardaşlarımızdır; nifrət ediləcək cinayətkarlar deyil, danışa biləcəyimiz digər kişilər və qadınlardır. Gəlin manixey düçüncəsinə xas olan dünyanı yaxşılara və pislərə bölən zorakılıq zehniyyətini rədd edək.
Kilsə təkrarlamaqdan heç vaxt yorulmayacaq: silahlar sussun. Səssizcəsinə, dua və fədakarlıqla sülh toxumu səpən hər kəsə görə Allaha şükr edirəm. Hər şeydən əvvəl Yaxın Şərqdə əzmkarlıq nümayiş etdirən və öz vətənlərində qalan, onu tərk etmək istəyinə müqavimət göstərən həm şərqli, həm də latın xristianlara görə Allaha şükr edirəm. Xristianlara sözdə deyil, təhlükəsiz yaşamaq üçün lazım olan bütün hüquqlarla təmin olunub öz doğma torpaqlarında qalmaq imkanı verilməlidir. Xahiş edirəm, gəlin bunun üçün çalışaq!
Həqiqət Günəşi olan İsanın doğduğu torpağın, Şərqin əziz bacıları və qardaşları, sizə, “dünyaya nur” olduğunuz üçün (Matta 5,14) təşəkkür edirəm: imanınız, ümidiniz və mərhəmətinizlə fərqlənməyə davam edin, başqa heç nə ilə. Qoy Kilsələriniz nümunəvi olsun və ruhani rəhbərləriniz, xüsusən Yepiskoplar Sinodlarında, birliyi təşviq etsinlər ki, Kilsələriniz qardaşlıq və həqiqi birgə məsuliyyət məkanları olsunlar. Əmlakın idarə edilməsində şəffaflığı təmin edin və şan-şövkətə, dünyəvi gücə və ya görünüşə əhəmiyyət vermədən Allahın müqəddəs xalqına təvazökar və tam mənsubiyyətin əlamətləri olun. Yeni İlahiyyatçı Müqəddəs Şimon bu mövzuda bəlağətli bir obraz işlətmişdir: “Yanan ocağın alovuna toz atan onu söndürdüyü kimi, bu həyatın qayğıları, xırda və dəyərsiz şeylərə hər cür bağlılıq da əvvəllər alovlanan qəlbin hərarətini məhv edir” (Əməli və Teolojı Fəsillər, 63). Bu gün Xristian Şərqinin əzəməti Allaha itaətdə və Müjdə şahidliyində sadiq qalmaq üçün bütün dünyəvi bağlılıqlardan və birliyə zidd olan bütün meyllərdən azad olmağı həmişəkindən daha çox tələb edir.
Bunun üçün sizə təşəkkür edirəm və ürəkdən xeyir-dua verərək sizdən xahiş edirəm ki, Kilsə üçün və mənim xidmətim üçün güclü şəfaət dualarınızı edəsiniz. Təşəkkür edirəm!