Papa XIV Leo: “İndi dialoq və körpülər qurmaq zamanıdır”
MÜQƏDDƏS ATANIN DİGƏR KİLSƏLƏR, KİLSƏ İCMALARI VƏ DİGƏR DİNLƏRİN NÜMAYƏNDƏLƏRİNƏ MÜRACİƏTİ
Klementin Zalı
Bazar ertəsi, 19 may 2025
Əziz bacılar və qardaşlar,
Roma Yepiskopu və Peterin varisi kimi xidmətimin başlanğacı tədbirində iştirak edən digər Kilsələrin və Kilsə İcmalarının, eləcə də digər dinlərin nümayəndələri olan hamınıza böyük sevinclə səmimi salamlarımı çatdırıram. Mən Varfolomey müqəddəslərinə, III Teofil və III Mar Ava müqəddəslərinə qardaş məhəbbətimi etiraf edirəm və hər birinizə böyük təsəlli verən və ruhlandıran hüzurunuza və dualarınıza görə dərin minnətdarlığımı bildirirəm.
Papa Fransiskin pontifikatının güclü vurğularından biri ümumbəşəri qardaşlıq idi. Bu baxımdan, Müqəddəs Ruh həqiqətən onu əvvəlki Papaların, xüsusən də müqəddəs XXIII İoanndan bəri həyata keçirdikləri təşəbbüsləri böyük addımlarla həyata keçirməyə sövq etdmişdir. “Fratelli Tutti” (Hamımız qardaşıq) Papası həm ekumenik yolu, həm də dinlərarası dialoqu təbliğ edirdi. O, bunu hər şeydən əvvəl şəxsiyyətlərarası münasibətləri inkişaf etdirərək, kilsə bağlarını qoruyaraq, qarşılaşmanın insani xüsusiyyətini dəyərləndirərək edirdi. Allah bizlərə Onun şəhadətini dəyərləndirməyə kömək etsin!
Mənim seçilməm Nikea Birinci Ümumdünya Kilsə Məclisinin 1700 illik yubileyi ili ərzində baş tutdu. Bu Məclis bütün Kilsələr və Kilsə İcmaları tərəfindən qəbul olunan İman şəhadətinin formalaşmasında bir mərhələni təmsil edir. Biz bütün məsihçilər arasında tam birliyi bərpa etmək üçün yol gedərkən, bu birliyin yalnız iman birliyi ola biləcəyini dərk edirik. Roma Yepiskopu kimi mən Ata, Oğul və Müqəddəs Ruh olan Allaha eyni imanı etiqad edənlərin hamısı arasında tam və görünən birliyin bərpasını əsas vəzifələrimdən biri hesab edirəm.
Həqiqətən də, yepiskopluq xidməti üçün seçdiyim şüardan da göründüyü kimi, birlik həmişə mənim daimi qayğım olub: “In Illo uno unum” - müqəddəs Avqustinin bu ifadəsi bizə xatırladır ki, biz çox olsaq da, “Bir olanda – yəni Məsihdə – biz də birik”. Üstəlik, bizim ünsiyyətimiz Rəbb İsada rastlaşdığımız dərəcədə həyata keçirilir. Biz Ona nə qədər sadiq və itaətkar olsaq, bir o qədər bir-birimizlə birləşirik. Buna görə də biz xristianlar, hamımız dua etməyə və Müqəddəs Ruhun işi olaraq qalan bu məqsədə çatmaq üçün birlikdə addlm-addım çalışmağa çağırılmışıq.
Bundan əlavə, sinodallıq və ekumenizmin bir-biri ilə sıx bağlı olduğunu bilə-bilə sizi əmin etmək istərdim ki, Papa Fransiskin Katolik Kilsəsinin sinodal təbiətini təbliğ etməyinə və ekumenik münasibətlərdə daha da güclü sinodallıq üçün yeni və konkret formalar hazırlamağa bağlılığını davam etdirmək niyyətindəyəm.
Bizim ümumi yolumuz hər kəsi əhatə edən geniş mənada, yuxarıda qeyd etdiyim insani qardaşlıq ruhunda başa düşülə bilər və başa düşülməlidir. İndi dialoqun və körpülərin qurulmasının vaxtıdır. Buna görə də, İradəsi hər zaman insanlara və bütün xilqətə yalnız sevgi və həyat bəxş etmək olan Allahı axtaran digər dini ənənələrin nümayəndələrinin burada olduğundan məmnunam və onlara minnətdaram.
Siz Papa Fransiskin dinlərarası dialoq lehinə diqqətəlayiq səylərinin şahidi oldunuz. Sözləri və hərəkətləri ilə o, “dialoq mədəniyyətini bir yol kimi; qarşılıqlı əməkdaşlığı davranış kodeksi kimi; qarşılıqlı anlaşmanı bir metod və standart kimi” təşviq etmək üçün yeni görüş yollarını açdı (Dünya Sülhü və Birgəyaşayış naminə İnsan Qardaşlığı haqqında Sənəd, Əbu Dabi, 4 fevral 2019-cu il). İnsan qardaşlığına əsaslanan münasibətlərin qurulmasına yönəlmiş görüşləri və konkret mübadilələri təşviq edən bu səbirli işdə oynadığı mühüm rola görə Dinlərarası Dialoq üzrə Dikasteriyaya təşəkkür edirəm.
Yəhudi və müsəlman bacı və qardaşlarımızı xüsusi olaraq salamlayıram. Xristianlığın yəhudi kökləri səbəbindən bütün xristianların yəhudiliklə özəl əlaqəsi var. “Nostra Aetate” birgə Bəyannaməsi (№ 4) xristianların və yəhudilərin paylaşdıqları mənəvi irsin böyüklüyünü vurğulayır, qarşılıqlı tanıma və hörməti təşviq edir. Xristianlar və yəhudilər arasında teoloji dialoq mənim üçün hər zaman vacib və ürəyimə yaxın olub. Münaqişələr və anlaşılmazlıqlarla müşayiət olunan bu çətin dövrlərdə belə, bu qiymətli dialoqumuzu davam etdirmək lazımdır.
Katolik Kilsəsi ilə müsəlmanlar arasında münasibətlər dialoqa və qardaşlığa artan sadiqlik ilə səciyələnir və “Bir olan, mərhəmətli və qüdrətli, göylərin və yerin Yaradanı, bəşəriyyətlə danışan” Allaha ibadət edən bu qardaş və bacılarımıza olan ehtiramla dəstəklənir. Qarşılıqlı hörmət və vicdan azadlığına əsaslanan bu yanaşma icmalarımız arasında körpülərin qurulması üçün möhkəm təməldir.
Başqa dini ənənələrin nümayəndələri, bu görüşdə iştirakınıza və sülh işinə verdiyiniz töhfəyə görə hamınıza minnətdarlığımı bildirirəm. Zorakılıq və qarşıdurmalarla yaralanan dünyada burada təmsil olunan icmaların hər biri bəşəriyyətin rifahı və ümumi evimizin qorunması naminə öz müdrikliyi, şəfqəti və sadiqliyini bəxş edir. Əminəm ki, əgər biz həmfikir olsaq və ideoloji və siyasi şərtləşmədən azad olsaq, biz effektiv şəkildə müharibəyə “yox” və sülhə “hə”, silahlanma yarışına “yox” və silahsızlanmaya “hə”, xalqları və Yer kürəsini yoxsullaşdıran iqtisadiyyata “yox” və inteqrasiyalı inkişafa “hə” deyə bilərik.
Ümid edirəm ki, təsirli jestlərlə göstərə biləcəyimiz qardaşlığımızın şəhadəti, şübhəsiz ki, bütün xoşməramlı kişi və qadınların ürəklərində arzuladığı daha dinc bir dünyanın qurulmasına töhfə verəcəkdir.
Əziz dostlar, yaxınlığınız üçün bir daha təşəkkür edirəm. Gəlin qəlbimizdə Allahdan xeyir-dua diləyək: Onun sonsuz xeyirxahlığı və müdrikliyi bizə Onun övladları kimi, bir-birimizə qardaş və bacı kimi yaşamağa kömək etsin ki, dünyada ümid artsın. Sizə ürəkdən minnətdarlığımı bildirirəm.