Papa XIV Leo: “Hamınıza sülh olsun!”
Papa XIV Leo, Peterin varisi kimi ilk dəfə Müqəddəs Peter Bazilikasının eyvanından Roma şəhərini və bütün dünyanı aşağıdakı sözlərlə salamladı:
Papa XIV Leo: Romaya və dünyaya salam
Hamınıza sülh olsun!
Əziz bacı və qardaşlarım, bu, Allahın sürüsü üçün həyatını verən yaxşı Çobanın - dirilmiş Məsihin ilk salamı idi. Mən də istəyirəm ki, bu sülh salamı sizin qəlbinizə daxil olsun, ailələrinizə və harada olursa olsun, bütün insanlara, bütün xalqlara, bütün yer üzünə çatsın: Hamınıza sülh olsun!
Bu, Dirilmiş Məsihin sülhüdür – silahsızlaşdıran, təvazökar və qoruyucu bir sülh. Bu sülh Allahdan gəlir. O Allahdan ki, bizi — hər birimizi — heç bir sərhəd və şərt qoymadan sevir. Gəlin Papa Fransiskin zəif, amma hər zaman cəsarətli səsini xatırlayaq— o, Romaya və dünyaya Pasxa səhəri buradan xeyir-dua vermişdi.
İcazə verin, mən də o eyni xeyir-duanı davam etdirim: Allah bizi sevir, hamımızı sevir, pislik qalib gəlməyəcək. Biz hamımız Allahın əllərində olduğumuza görə qorxmadan, bir-birimizin əlindən tutaraq və Allahla birgə irəliləyəcəyik. Biz Məsihin şagirdləriyik. Məsih bizdən öndə gedir və bu dünya Onun işığına ehtiyac duyur. Bəşəriyyət, Allahı və Onun sevgisini tapmaq üçün bir körpüyə kimi Məsihə möhtacdır. Gəlin dialoq və görüşlər vasitəsilə körpülər qurmaq üçün bir-birimizə kömək edək ki, hamımız hər zaman sülh içində olan bir xalq ola bilək.
Təşəkkürlər, Papa Fransisk!
Məni Peterin varisi olaraq seçən kardinal qardaşlarıma təşəkkür edirəm. Bu yolu sizlərlə birlikdə, sülh və ədalət axtaran bir Kilsə olaraq, İsa Məsihə qorxmadan sadiq qalaraq, Məsihi təbliğ edərək və İncilə sadiq missionerlər kimi gedəcəyik.
Mən Müqəddəs Avqustinin oğluyam – bir avqustinianam. O demişdi: “Sizinlə birgə olanda xristianam, sizin üçün olanda - yepiskopam.” Elə isə gəlin birlikdə, Allahın bizim üçün hazırladığı o Səma vətəninə doğru yol alaq.
Roma Kilsəsinə xüsusi salam:
Gəlin birlikdə düşünək ki, körpülər qura bilən, dialoqa açıq, bu Meydan tək hər kəsə qucaq açan, bizim mərhəmətimizə, yaxınlığımıza, dialoqa, sevgimizə ehtiyacı olanlar üçün qucaq açan bir Kilsə ola bilək.
[İspan dilində]:
Hamınıza və xüsusilə də Peru’dakı Çiklayo yeparxiyamdakı insanlara salam! Onlar sədaqətli, imanlı bir xalqdır – yepiskopu ilə birgə yol gedən və ona kömək edən xalq.
[İtalyan dilinə qayıdaraq]:
Roma, İtaliya və dünyanın hər yerindən olan bütün bacı və qardaşlar, biz sinodal bir Kilsə olmaq istəyirik – birlikdə yol gedən, daim sülh, mərhəmət, yaxınlıq axtaran, xüsusilə də əzab çəkənlərə yaxın olan bir Kilsə.
Bu gün “Pompeyin Xanımı” Məryəm Anaya Dua Günüdür.
Mübarək Anamız Məryəm həmişə bizimlə birgə yol getmək, bizə yaxın olmaq, duaları və sevgisi ilə bizə kömək etmək istəyir. Elə isə gəlin birlikdə bu missiya üçün, bütün Kilsə üçün və dünyada sülh üçün dua edək.
Bu xüsusi lütfü Məryəm Anamızdan istəyirik.
“Salam Mübarək Məryəm...” (Müqəddəs Peter Meydanında və bütün dünyada xalqın birgə duasının müşayiəti ilə)