XIV Leo Pontifikatının Başlanğıcı Messasında: “Gəlin Allaha doğru gedək və bir-birimizi sevək”
"Vatican News" tərəfindən
Dünyanın müxtəlif ölkələrindən olan 200.000-dən çox zəvvarı, ölkə rəhbərlərini və xristian məzhəblərinin nümayəndələrini salamlayan Papa XIV Leo-nun Peter Xidmətinin sevincli başlanğıcı mayın 18-i Müqəddəs Peter Meydanında keçirilən Messa zamanı rəsmi şəkildə elan edildi.
Təntənəli mərasimdə müxtəlif dinləri təmsil edən nümayəndə heyətləri də iştirak edib. Onların arasında yəhudilər, müsəlmanlar, hindular, buddistlər, siqhlər, zərdüştilər və caynistlər də var idi.
Minnətdarlıqla dolu bir ürək
Pontifik xidmətinə başlayarkən göstərilən dua və sevinc dolu dəstəyə görə dərin minnətdarlığını bildirən Papa XIV Leo son həftələrdə yaşanan duyğu dolu anları yada saldı:
“Papa Fransiskin vəfatından sonra biz özümüzü çobansız quzular kimi hiss etdik, Pasxa Günü onun son xeyir-duasını alaraq iman, ümid və sevinc dolu gözlərlə Rəbbin öz xalqını heç vaxt tək qoymadığını xatırladıq.”
Papa həmçinin, Həvari Peterin varisini seçmək üçün keçirilən konklav zamanı Kardinallar Kollegiyasını dualarla müşayiət edən hər kəsə təşəkkür etdi.
“Biz Müqəddəs Ruhun təsirini hiss etdik – O, bizi musiqi alətləri kimi bir ahəng içində birləşdirdi ki, qəlbimizin telləri tək bir melodiya ilə səslənsin.”
Sevgi və birlik
“Mən heç bir xidmətim olmadan seçildim və indi, böyük həyəcan içində, qardaşınız kimi - imanınızın və sevincinizin xidmətçisi olmaq istəyən biri kimi sizə tərəf gəlirəm. Allahın məhəbbəti yolunda sizinlə birgə yürümək istəyirəm, çünki O bizi bir ailə kimi birləşdirmək istəyir.”
Papa XIV Leo xatırlatdı ki, sevgi və birlik – bunlar İsa tərəfindən Peterə tapşırılmış vəzifənin iki əsas tərəfidir.
Rəbb günü oxunan İncildə İsa şagirdlərinə tapşırır ki, onlar “insan ovçuları” olsunlar və “İncilin ümidini” hər kəsə çatdırsınlar, “belə ki, hamı Allahın qucağını hiss edə bilsin.”
Papa izah etdi ki, Peterin “Allahın sonsuz və şərtsiz sevgisini” yaşaması ona bu missiyanı qəbul edib yerinə yetirməyə imkan verdi.
Fədakar sevgi
Papa Leo xatırlatdı ki, Peterə verilən vəzifə, “daha çox sevmək” və “quzular uğruna həyatını vermək”, yəni “özünü fəda edən bir sevgidən ibarətdir”.
Kilsə – birlik və ünsiyyətin nişanəsi
Papa “birliyə və ünsiyyətə şahidlik edən bir Kilsəyə”, “barışmış dünyanın mayası olacaq” bir Kilsəyə ümid etdiyini açıqladı.
Papa vurğuladı ki, nifrət, zorakılıq, ayrı-seçkilik, qorxu və “Yer üzünün sərvətlərini istismar edən, yoxsulları isə kənara atan” iqtisadi sistemlə dərindən yaralanan bir dünyada, “biz birliyin, ünsiyyətin və qardaşlığın kiçik bir mayası olmaq istəyirik.”
“Ona görə də dünyaya təvazökarlıq və sevinclə demək istəyirik: Məsihə baxın! Ona yaxınlaşın! Onun işıq saçan və təsəlli verən kəlamını qəbul edin! Onun sevgi dəvətini dinləyin və Onun bir ailəsi olun: bir Məsihdə, biz birik” deyə Papa çağırış etdi. Bu, sülhün hökm sürdüyü yeni bir dünya qurmaq üçün birlikdə getməli olduğumuz yoldur – yalnız öz aramızda deyil, həmçinin digər kilsələrdən olan xristian bacı-qardalarla, başqa dinlərin imanlıları ilə, Allahı axtaranlarla və xoş niyyətli bütün qadın və kişilərlə birlikdə getməli olduğumuz yol!”
Papa missioner ruhunun əhəmiyyətini vurğuladı və bildirdi ki, bu yanaşma Kilsəni kiçik qruplara qapanmaqdan və dünyaya qarşı üstünlük hissinə qapılmaqdan qoruyacaq.
“Biz hər kəsə Allahın sevgisini bəxş etməyə çağırılmışıq ki, fərqllərimizi silməyən, hər bir insanın şəxsi həyat hekayəsini, hər bir xalqın sosial və dini mədəniyyətini dəyərləndirən həqiqi birliyə nail ola bilək” – deyə Papa əlavə etdi.
Sonda, Papa XIV Leo bütün xristianlara çağırış etdi ki, Müqəddəs Ruhun nuru ilə aydınlansınlar ki, biz Allahın sevgisi üzərində qurulan, birliyin nişanəsi olan, dünyaya qollarını açan, Kəlamı bəyan edən, tarixin çağırışları qarşısında “rahatlığını itirməkdən” çəkinməyən və bəşəriyyət üçün ahəngin mayasına çevrilən bir Kilsə qura bilək.