Papa XIV Leo "Səmavi Mələkə" müraciətində: "Dualarımız müharibədən əziyyət çəkənlər üçündür"
“SƏMAVİ MƏLƏKƏ” DUASI
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 25 may 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Mən hələ də xidmətimin başlanğıcındayam. Hər şeydən əvvəl, göstərdiyiniz sevginizə görə sizə təşəkkür etmək istəyirəm və dualarınız və yaxınlığınızla məni dəstəkləməyə davam etməyinizi sizdən xahiş edirəm.
Rəbbin bizi nə etməyə çağırmasından asılı olmayaraq, həm gündəlik həyatımızda, həm də iman səyahətimizdə özümüzü qeyri-kafi hiss etdiyimiz vaxtlar olur. Bununla belə, bu Rəbb gününün İncili (Yəhya 14, 23-29) bizə öz qabiliyyətlərimizə deyil, bizi seçmiş Rəbbin mərhəmətinə güvənməyə və Müqəddəs Ruhun bizə rəhbərlik etdiyinə və bizə hər şeyi öyrədəcəyinə əmin olmağa çağırır.
Rəbbin ölümü ərəfəsində həvarilər, çaşqınlıq və sıxıntı içində, Allahın Padşahlığına necə şahidlik etməyə davam edə biləcəkləri ilə maraqlanırdılar. Sonra İsa onlara Müqəddəs Ruhun ənamı haqqında danışdı. O, bu gözəl vədini verdi: “Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq” (Yəhya 14, 23).
Beləliklə, İsa şagirdlərinə “Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın” (Yəhya 14, 27) deyərək, onları təşvişdən azad edir. Çünki biz Onun məhəbbətində qalsaq, O, bizdə məskən salacaq və həyatımız Allahın məbədinə çevriləcək. Onun sevgisi bizi işıqlandırır, düşüncə və hərəkət tərzimizə təsir edir, başqalarına yayılır və həyatımızda olan hər bir vəziyyəti əhatə edir.
Qardaşlar və bacılar, Allahın içimizdəki bu varlığı, bizi əlimizdən tutan və gündəlik həyatımızda Allahın yaxınlığını hiss etməyimizə yardım edən Müqəddəs Ruhun ənamıdır, çünki O, bizi Öz məskəni edir.
Fərdi çağırışımızı, qarşılaşdığımız vəziyyətləri və qayğımıza həvalə edilmiş insanları, öhdəliklərimizi və vəzifələrimizi və Kilsədəki xidmətimizi nəzərə alsaq, hər birimiz əminliklə deyə bilərik: “Mənim zəifliyimə baxmayaraq, Rəbb mənim insanlığımdan utanmır, əvəzində o, mənim içimdə yaşamaq üçün gəlir. O, Ruhu ilə məni müşayiət edir; məni maarifləndirir və başqalarına, cəmiyyətə və dünyaya olan sevgisinin alətinə çevirir”. Bunu düşünmək necə də gözəldir.
Əziz dostlar, bu vədə əsaslanaraq, gəlin Rəbbin müqəddəs məbədinə çevrilmək üçün imandan doğan sevincdə irəliyə addımlayaq. Gəlin hər bir bacı və qardaşımızın Allahın məskəni olduğunu unutmadan və Onun hüzurunun hər şeydən əvvəl bizdən düşüncəli və mərhəmətli xristian olmağımızı xahiş edən kiçiklərdə - yoxsullarda və əziyyət çəkənlərdə təzahür etdiyini unutmadan, Onun məhəbbətini hər yerə çatdırmağa qərar verək.
Və gəlin özümüzü Müqəddəs Məryəmin şəfaətinə etibar edək. O, Müqəddəs Ruhun qüdrəti ilə “Allaha həsr olunmuş məskən” oldu. Qoy biz də onunla birlikdə Rəbbi həyatımızda qəbul etməyin və Onun məhəbbətinin əlamətləri və alətləri olmağın sevincini yaşayaq.
“Səmavi Mələkə” duasından sonra
Əziz bacılar və qardaşlar!
Dünən Poznanda (Polşa), yoxsullar və fəhlələr naminə gördüyü iş kommunist ideologiyasının davamçılarını qıcıqlandırdığı üçün və imana nifrət səbəbindən 1938-ci ildə öldürülmüş yeparxiya keşişi Stanislaus Kostka Streyx mübarək elan edildi. Qoy onun nümunəsi keşişləri İncilə və bacı-qardaşlarına səxavət və fədakarlıqla xidmət etməyə ilhamlandırsın.
Həmçinin dünən biz, Müqəddəs Məryəm – Xristianların Köməkçisi xatirəsi günündə, Papa XVI Benediktin təsis etdiyi Çin Kilsəsi üçün Dua Gününü qeyd etdik. Çində və dünyanın hər yerində kilsə və ziyarətgahlarda Çin katolikləri üçün narahatlıq, məhəbbət və onların Ümumdünya Kilsəsi ilə birliyinin əlaməti olaraq Allaha dualar edilirdi. Qoy Müqəddəs Məryəmin şəfaəti onlar üçün və bizim üçün də sınaqlar zamanı belə İncilin güclü və sevincli şahidləri olmaq lütfünü əldə etsin ki, biz həmişə sülhü və barışığı təşviq edə bilək.
Müharibədən əziyyət çəkən bütün xalqlar üçün də dualar edirik. Gəlin, dialoqa başlayanlara və səmimi sülh axtarışında olanlara cəsarət və əzm diləyək.
On il əvvəl Papa Fransisk ümumi evimizin qayğısına qalmağa həsr olunmuş “Laudato Si'” Ensiklik Məktubunu imzaladı. Bu məktub böyük təsir bağışladı, saysız-hesabsız təşəbbüslərə ilham verdi və hər kəsə Yerin və yoxsulların fəryadını dinləməyi öyrətdi. Mən “Laudato Si'” hərəkatını və ona sadiq olan hər kəsi salamlayıram və bu yolu davam etməyə təşviq edirəm.
İtaliyadan və dünyanın bir çox başqa yerlərindən gələn hamınızı, xüsusən də Valensiya və Polşadan olan zəvvarları, Polşada “Piekary Slaskie” Məryəm ziyarətgahına böyük səfərdə iştirak edənləri xeyir-duam ilə salamlayıram. Mənim salamlarım həmçinin Peskara, Sortino, Paterno, Kaltacirone, Massarosa Nord, Malnate Palagonia və Çerello imanlılarını, həmçinin Romadakı İsa və Məryəmin Müqəddəs Qəlbləri kilsəsindən olanları, San-Teodoro-dan, Tempio-Ampurias Yeparxiyasından, Genuya Arxiyepiskopluğundan olan konfirmantları və Paderno Dunyano və Palermodan olan Bersaglieri velosipedçilərini salamlayıram.
Rəbb gününüz mübarək olsun!