Papa XIV Leo Diplomatik Korpusa: Sülhü ədalət, həqiqət və ümid üzərində qurun
ܲپ-əəٱə,
ܲپ-ə,
Xanımlar və Cənablar,
Sülh olsun sizə!
Mən, Kipr Respublikasının səfiri və Diplomatik Korpusun dekanı Zati-aliləri cənab Corc Pulidesə sizin adınızdan səmimi salamlarına görə və özünəməxsus enerjisi, sədaqəti və mehribanlığı ilə gördüyü yorulmaz işlərinə görə təşəkkür edirəm. Bu keyfiyyətlər ona Müqəddəs Taxt-Tacdakı diplomatik missiyası ərzində görüşdüyü bütün sələflərimin, xüsusən də mərhum Papa Fransiskin hörmətini qazandırıb.
Seçildiyim gündən bəri göndərdiyiniz çoxlu xoş diləkli məktublarınıza görə, habelə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Bu məktubların bəziləri Müqəddəs Taxt-Tacın diplomatik əlaqələri olmayan ölkələrdən də gəlib ki, bu da hörmətin dəyərli əlaməti və qarşılıqlı münasibətlərin möhkəmlənməsinin göstəricisidir.
Apardığımız dialoqda istərdim ki, biz həmişə ailə olmaq hissini qoruyaq. Həqiqətən, diplomatik korpus bütün xalqların ailəsini, həyatın sevincini və kədərini bölüşən ailəni, ona məna və istiqamət verən insani və mənəvi dəyərləri təmsil edir. Papa diplomatiyası Kilsənin universallığının ifadəsidir. Özünün diplomatik fəaliyyətində Müqəddəs Taxt-Tac, onu imtiyazlar axtarmağa deyil, bəşəriyyətə xidmət naminə müjdəçi missiyasını gücləndirməyə təşviq edən pastoral xidmətindən ilham alır. Hər cür laqeydliyə qarşı duraraq, Müqəddəs-Taxt-Tac vicdana müraciət edir. Bunu, yoxsulların və kənara atılmışların fəryadına, eləcə yaradılışın qorunmasından başlayaraq süni intellektə qədər olan müasir çağırışlara hər zaman diqqətli olan möhtərəm sələfimin daimi səyləri sübut edir.
Ölkələrinizin Apostol Taxtına hörmətinin əyani əlaməti olmaqla yanaşı, bu gün burada olmanız mənə bir hədiyyədir. Bu, mənə Kilsənin niyyəti, və mənim niyyətim olan, Yer üzündə həqiqətə, ədalətə və sülhə susayan bütün insanlara və millətlərə əl uzatmaq çatmaq və onları qucaqlamaq niyyətini yeniləməyə imkan verir! Müəyyən mənada Şimali və Cənubi Amerikanı və Avropanı əhatə edən həyat təcrübəm müxtəlif xalqlar və mədəniyyətlərlə qarşılaşmaq üçün sərhədləri aşmaq istəyi ilə səciyyələnmişdir.
Dövlət Katibliyinin daimi və səbirli işi vasitəsilə mən sizinlə və sizin ölkələrlə qarşılıqlı anlaşmanı və dialoqu gücləndirmək niyyətindəyəm. Onların bir çoxunu ziyarət etmək lütfü mənə artlq nəsib olmuşdur, xüsusən də Avqustinianların General Prioru olduğum müddətdə. İnanıram ki, Allah mənə sizin ölkələri tanımaq və dünyadakı çoxsaylı bacı-qardaşlarımızın imanını gücləndirmək və bütün xoşməramlı insanlarla yeni körpülər qurmaq lütfünü nəsib edəcək.
İstərdim ki, dialoqumuzda biz Kilsənin missioner fəaliyyətinin sütunlarını və Müqəddəs Taxt-Tac diplomatiyasının məqsədini təmsil edən üç əsas sözü xatırlayaq. İlk söz sülhdür. Çox vaxt biz bu sözü “inkari” mənada, müharibə və münaqişənin olmaması kimi düşünürük, çünki qarşıdurma insan təbiətinin ayrılmaz hissəsidir və o bizi evdə, işdə və cəmiyyətdə daimi “münaqişə vəziyyətində” yaşamağa gətirib çıxarır. O zaman sülh, sadəcə bir möhlət, bir mübahisə ilə digəri arasında fasilə kimi görünür; nə qədər çalışsaq da, gərginlik həmişə olacaq, küllərin altında yanan, hər an alovlanmağa hazır olan kömürlər kimi.
Xristian nöqteyi-nəzərindən, həm də digər dini ənənələrdə də, sülh ilk növbədə bir ənamdır. Bu, Məsihin ilk hədiyyəsidir: “Sizə sülhümü verirəm” (Yəhya 14,27). Bununla belə, bu ənam aktiv və tələbkardır. O, mədəni mənşəyimizdən və ya dini mənsubiyyətimizdən asılı olmayaraq hər birimizi cəlb edir, çağırır və tələb edir ki, biz hər şeydən əvvəl öz üzərimizdə işləməyək. Sülh, qürur və intiqamı aradan qaldıraraq, sözləri ehtiyyatla seçərək, qəlblərdə qurulur və qəlblərdən gəlir. Axı, təkcə silah deyil, sözlər də yaralaya və hətta öldürə bilər.
Bu baxımdan inanıram ki, dinlər və dinlərarası dialoq sülh mühitinin möhkəmləndirilməsinə əsaslı töhfə verə bilər. Bu, təbii olaraq, hər bir ölkədə etiqad azadlığına tam hörməti tələb edir, çünki dini təcrübə insan şəxsiyyətinin mühüm ölçüsüdür. Onsuz sülh münasibətləri qurmaq üçün zəruri olan qəlbin saflanmasına nail olmaq çətindir, hətta qeyri-mümkündür.
Hamımızın iştirak etməyə çağırıldığı bu səy, bütün münaqişələrin əsas səbəblərini və hər bir dağıdıcı istila niyyətini aradan qaldırmağa başlaya bilər. Bu, qarşıdurmadan daha çox ünsiyyət qurmaq istəyindən ilhamlanan dialoqa başlamaq üçün həqiqi istək tələb edir. Nəticə etibarı ilə, çoxtərəfli diplomatiyaya və ilk növbədə beynəlxalq ictimaiyyətdə yarana biləcək mübahisələri həll etmək üçün düşünülmüş və nəzərdə tutulmuş beynəlxalq qurumlara yeni həyat vermək zərurəti yaranır. Təbii ki, məhvedici və ölüm alətlərinin istehsalını dayandırmaq qətiyyəti də olmalıdır, Papa Fransisk sonuncu “Urbi və Orbi” Müraciətində qeyd etdiyi kimi: “Həqiqi tərk-silah olmadan heç bir sülh mümkün deyil və hər bir xalqın öz müdafiəsini təmin etməsi tələbi yenidən silahlanma yarışına çevrilməməlidir.”[1].
İkinci söz ədalətdir. Sülh üçün çalışmaq ədalətli davranmağı tələb edir. Artıq qeyd etdiyim kimi, mən öz adımı hər şeydən əvvəl ilk böyük sosial ensiklikanın - “Rerum Novarum”-un müəllifi olan Papa XIII Leo-nu düşünərək seçdim. Bu epoxal dəyişiklik dövründə Müqəddəs Taxt-tac, ən azı, yararsız iş şəraitinə və getdikcə parçalanmış və münaqişələrlə dolu cəmiyyətlərə səbəb olan çoxlu natarazlıqlar və ədalətsizliklər qarşısında öz səsini qaldırmaya bilməz. Qitələr, ölkələr və hətta ayrı-ayrı cəmiyyətlər arasında dərin uçurumlar yaradan zənginlik və yoxsulluq arasında qlobal bərabərsizlikləri aradan qaldırmaq üçün hər cür səy göstərilməlidir.
Hökumət liderləri harmonik və dinc vətəndaş cəmiyyətinin yaradılması istiqamətində çalışmaq üçün məsuliyyət daşıyırlar. Buna, hər şeydən əvvəl, “hər bir vətəndaş cəmiyyətindən öncə gələn kiçik, lakin həqiqi, cəmiyyət” olan, kişi və qadının möhkəm ittifaqına əsaslanan ailəyə sərmayə qoymaqla nail olmaq olar [2]. Üstəlik, doğulmamış körpələrdən qocalara qədər, xəstələrdən işsizlərə qədər, istər vətəndaş, istərsə də miqrant olan hər bir insanın, xüsusilə də ən zəif və ən həssas təbəqənin ləyaqətinə hörməti təmin etmək niyyətindən heç kim azad olunmayıb.
Mənim öz hekayəm – mühacirlər nəslindən olan bir vətəndaşın hekayəsidir. Hər birimiz həyatımız boyu sağlam və ya xəstə, işləyən və ya işsiz, öz vətənində və ya yad ölkədə yaşayan ola bilərik, amma ləyaqətimiz həmişə dəyişməz qalır: bu, Allahın razı qaldığı və sevdiyi varlığın ləyaqətidir.
Üçüncü söz həqiqətdir. Həqiqət olmadan, dinc münasibətlər, o cümlədən beynəlxalq aləmdə, qurula bilməz. Sözlər qeyri-müəyyən və ikili mənalar daşıdıqсa və virtual dünya, reallığı təhrif edərək, üstünlüyü nəzarətsiz şəkildə ələ keçirdikсə, ünsiyyət üçün obyektiv və real ilkin şərtlər olmadığından həqiqi münasibətlər qurmaq çətin olur.
Kilsə Öz növbəsində, heç vaxt bəşəriyyət və dünya haqqında həqiqəti söyləməkdən azad ola bilməz. Bunun üçün O, lazım olduqda, əvvəlcə anlaşılmazlıq yarada biləcək sərt dilə də müraciət edir. Lakin həqiqət, təməlində hər bir kişi və qadının həyatı və rifahı naminə qayğı olan mərhəmətdən heç vaxt ayrıla bilməz. Bundan əlavə, xristian nöqteyi-nəzərindən həqiqət mücərrəd və cisimsiz prinsiplərin bərqərar edilməsi deyil, imanlılar icması arasında yaşayan Məsihin Şəxsiyyəti ilə qarşılaşmadır. Deməli, həqiqət parçalanma yaratmır, əksinə, miqrasiya, süni intellektin etik istifadəsi və sevimli Yer planetimizin qorunması kimi dövrümüzün çağırışları ilə daha qətiyyətlə üzləşməyə imkan verir. Bütün bunlar hamıdan öhdəlik və əməkdaşlıq tələb edən çağırışlardır, çünki heç kim onlarla təkbaşına bacara bilməz.
Hörmətli səfirlər,
Mənim xidmətim ümidə həsr olunmuş Yubiley İlinin ortasında başladı.
Bu, çevrilmə və yenilənmə zamanıdır və hər şeydən əvvəl, münaqişələri arxada qoyub, birlikdə çalışaraq, hər birimiz öz hisslərimizə və məsuliyyətimizə uyğun olaraq, hər kəsin həqiqət, ədalət və sülh şəraitində əsl insan həyatı yaşaya biləcəyi bir dünya qura biləcəyimizə əmin olaraq yeni yola başlamaq imkanıdır. Ümid edirəm ki, Ukrayna və Müqəddəs Torpaq kimi ən çox əziyyət çəkən yerlərdən başlayaraq, hər yerdə belə olacaq.
Ölkələrinizlə Müqəddəs Taxt-Tac arasında körpülərin qurulması istiqamətində gördüyünüz bütün işlərə görə sizə təşəkkür edirəm və sizə, ailələrinizə və xalqlarınıza ürəkdən xeyir-dua verirəm. Təşəkkür edirəm! Etdiyiniz bütün işlərə görə təşəkkür edirəm!
___________________________________________
[1] FRANSİSK, “Urbi et Orbi” Müraciəti, 20 aprel 2025.
[2] XIII LEO, “Rerum Novarum” Ensiklikası, 15 may 1891, 9.