Papa XIV Leo "Səmavi Mələkə" müraciətində: "Bir daha müharibə olmasın!"
REGINA CAELI – SƏMAVİ MƏLƏKƏ
Müqəddəs Peter Bazilikasının xeyir-dua eyvanı
Rəbbin günü, 11 may 2025-ci il
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Roma Yepiskopu kimi xidmətimin ilk Rəbb gününün Pasxa bayramının dördüncü Rəbb günü olan Yaxşı Çoban gününə təsadüf etməsi Allahın hədiyyəsi hesab edirəm. Bu Rəbbin günü Messasında biz həmişə Yəhyanın İncilinin onuncu fəslindən bir parçanı eşidirik. İsa özünü həqiqi Çoban kimi göstərir: qoyunlarını tanıyan və sevən və onlar üçün canını verən bir Çoban kimi.
Bu Rəbb günü həm də son altmış iki ildə qeyd etdiyimiz Çağırışlar üçün Ümumdünya Günüdür. Bu gün Romada həm də Ansambllar və Populyar Əyləncə xadimlərinin Yubileyi keçirilir. Mən bütün zəvvarları məhəbbətlə salamlayıram və onlara təşəkkür edirəm, çünki onlar öz musiqiləri və çıxışları ilə Kilsəni Müqəddəs Ruh ilə idarə edən Yaxşı Çoban Məsihin bayramını daha da canlı edirlər.
İncildə İsa deyir ki, o, qoyunlarını tanıyır və onlar onun səsinə qulaq asıb onun ardınca gedirlər (Yəhya 10, 27). Həqiqətən də, Papa Müqəddəs Böyük Qriqorinin öyrətdiyi kimi, insanlar “onları sevənlərin məhəbbətinə cavab verirlər” (Vəz 14, 3-6).
Bu gün qardaşlar və bacılar, mən sizinlə və bütün Allahın xalqı ilə yeni ruhani çağırışlar üçün, xüsusən də keşişlik və rahiblik çağrışları üçün dua etməkdən xoşbəxtəm. Kilsənin onlara çox böyük ehtiyacı var! Çağırış səyahətində olan gənc kişi və qadınların öz icmalarında qəbul, dinləmə və dəstək tapmaları və Allaha və bacı-qardaşlarına səxavətlə xidmətin etibarlı nümunələri görə bilmələri vacibdir.
Gəlin Papa Fransiskin bugün üçün hazırladığı müraciətindəki dəvəti qəbul edək: gəncləri sevgi ilə qarşılamaq və onları müşayiət etmək dəvətini. Gəlin Səmavi Atamızdan xahiş edək ki, bir-birimizə xidmət etməkdə bizə kömək etsin: hər birimiz həyat şəraitimizə uyğun olaraq, Onun Ürəyinə yatan çobanlar (Yer 3:15) kimi bir-birimizə məhəbbət və həqiqət yolunda irəlləməyə kömək edə bilək. Gənclərə isə deyirəm: "Qorxmayın! Kilsənin və Rəbb Məsihin dəvətini qəbul edin!"
Qoy bütün həyatı Rəbbin çağırışına cavab olan Bakirə Məryəm İsanın ardınca getdiyimiz yolda həmişə bizi müşayiət etsin.
“Səmavi Mələkə” duasından sonra
Əziz bacılar və qardaşlar,
İkinci Dünya Müharibəsinin böyük faciəsi səksən il əvvəl, mayın 8-də altmış milyon insanın həlak olması ilə başa çatdı. Papa Fransiskin dəfələrlə dediyi kimi, üçüncü dünya müharibəsinin bugünkü dramatik ssenarisində mən də. dünya liderlərinə müraciət edərək, daim aktual olan çağırışı təkrarlayıram: “Bir daha müharibə olmasın!”.
Mən sevimli Ukrayna xalqının əzablarını ürəyimdə daşıyıram. Mümkün qədər tez bir zamanda həqiqi, ədalətli və davamlı sülhə nail olmaq üçün mümkün olan hər şey edilsin. Bütün məhbuslar azad edilsin, uşaqlar öz ailələrinə qayıtsınlar.
Qəzza zolağında baş verənlərdən çox kədərlənirəm: dərhal atəşkəs əldə olunsun! Zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilsin, bütün girovlar azad edilsin.
Digər tərəfdən, mən Hindistan və Pakistan arasında atəşkəsin elan edilməsini məmnunluqla qarşıladım və ümid edirəm ki, qarşıdan gələn danışıqlar vasitəsilə tezliklə uzunmüddətli razılıq əldə olunacaq.
Lakin dünyada nə qədər başqa münaqişələr var! Mən bu səmimi istəyimi Sülhün Mələkəsinə etibar edirəm ki, O, bizə sülh xariqəsini əldə etmək üçün bu duamı Rəbb İsaya təqdim etsin.
İndi isə mən sizin hamınızı, romalıları və müxtəlif ölkələrdən olan zəvvarları ürəkdən salamlamaq istərdim. Britaniya və Xarici Bibliya Cəmiyyətinin üzvlərini, Qranadadan (İspaniya) həkimlər qrupunu, Malta, Panama, Dallas (Texas), Valyadolid, Torrelodones (Madrid), Montesilvano və Çinisi (Palermo) imanlılarını salamlayıram.
Mən “Gəlin həyatı seçək” hərəkatının iştirakçılarını, Reggio Emiliadan olan Mübarək Məryəm və Assizili Müqəddəs Fransisk Qardaşlığının gənclərini salamlayıram.
Bu gün İtaliyada və digər ölkələrdə biz Analar Gününü qeyd edirik. Həyatda olan və dünyadan köçmüş bütün analar üçün dua edərək onların hamısına xoş salamlarımı göndərirəm.
Bütün anaların Analar Günü mübarək!
Hamınıza təşəkkür edirəm, Rəbb gününüz mübarək olsun!