MAP

Prima messa di Papa Leone XIV

Papa XIV Leo: “Biz İsaya olan sevinc dolu imanımıza şahidlik etməliyik”

267-ci Papa seçildikdən sonra XIV Leo Sikstin Kapellasında kardinal seçiciləri ilə birlikdə Müqəddəs Messanı keçirib və onlara “İsaya olan sevinc dolu imanımıza şahidlik etməliyik” deyə müraciət edib və qeyd edib ki, imanın yox olduğu yerlərdə həyatın mənası itirilir.

Debora Kastellano Lubov tərəfindən 

“Biz İsaya olan sevinc dolu imanımıza şahidlik etməyə çağırılmışıq...”

Papa XIV Leo bu səmimi çağırışı cümə günü ,9 May 2025-ci il tarixində Romada, Sikstin Kapellasında, kardinal seçicilər və digər kardinalların iştirakı ilə Papa kimi ilk Messası zamanı edib. Yeni Papa, Məsihlə şəxsi münasibətləri daim inkişaf etdirməyə çağırıb və iman olmadan həyatın mənasının da olmadığını təkidlə vurğulayıb. ABŞ mənşəli yeni Papa, vəzinə ingilis dilində bir neçə sözlə başlayıb və kardinal seçicilərə ona etimad etdiklərinə görə təşəkkür edib.

“Mən Məzmurun sözlərini təkrarlamaq istəyirəm: “Rəbbə yeni nəğmə oxuyacağam, çünki O, möcüzələr etdi. Həqiqətən də, Rəbb təkcə mənim deyil, hamımızın həyatında xariqələr yaradır. Kardinal qardaşlarım, bu səhər ibadətində mən sizi Rəbbin etdiyi möcüzələr, Rəbbin Peter Xidməti vasitəsilə hamımıza yağdırmaqda davam etdiyi xeyir-dualar haqqında düşünməyə dəvət edirəm.”

“Siz məni bu çarmıxı daşımağa və bu missiyanı yerinə yetirməyə çağırdınız və mən bilirəm ki, bu yolda hər birinizə güvənə bilərəm, çünki biz bir Kilsə, İsanın dostları, imanlılar olaraq, Müjdəni bəyan etmək, İncili dünyada yaymaq yolunu davam edirik”, o dedi.

Məsih bizə insan müqəddəsliyini göstərdi

Papa Leonun vəzi, Mattanın İncilinə istinad edərək ilk Papa olan Müqəddəs Peterin şəxsiyyəti və sözləri üzərində cəmlənmişdi: “Sən Var olan Allahın Oğlu Məsihsən”. Papa İncilin bu hissəsinə, Kilsənin apostol varisliyi ilə iki min il ərzində qoruyub saxladığı, dərinləşdirdiyi və nəsillərə təhvil verdiyi Rəbbə sarsılmaz iman sayəsində mümkün olan mirası təsvir etmək üçün müraciət etdi.  

Peterin Məsihlə münasibəti haqqında düşünən Papa xatırladı ki, yalnız Xilaskarımız İsa bizə Atanın üzünü aşkar edir.

“Allah Özünü kişilərə və qadınlara yaxın və əlçatan etmək üçün İsada Özünü bizə körpənin güvəndolu baxışlarında, gəncin həyatdolu zehnində və kişinin yetkin cizgilərində aşkar etdi, nəhayət, Öz izzətlənmiş cismi ilə Dirilişdən sonra şagirdlərinə göründü.”

“Bu yolla”, dedi Papa, “O, bizə bütün sərhədlərimizi və imkanlarımızı aşan əbədi tale vədi ilə birlikdə, hamımızın təqlid edə biləcəyimiz insan müqəddəsliyi modelini göstərdi”.

“İsa bizə bütün sərhədlərimizi və imkanlarımızı aşan əbədi tale vədi ilə birlikdə, hamımızın təqlid edə biləcəyimiz insan müqəddəsliyi modelini göstərdi.”

Ənam və yol

Papa qeyd etdi ki, Peter cavabının həm "Allahın bir ənamı", həm də "bu ənam ilə özünü dəyişdirməyə icazə vermək üçün getməli olduğu yol" olduğunu başa düşür. Bu yol və ənam, bəşəriyyətin rifahı naminə Kilsəyə tapşırılmış xilas işinin ayrılmaz iki xüsusiyyətidir.  

"Həqiqətən, analarımızın bətnində surət almamışdan əvvəl Onun tərəfindən seçilmiş, Vəftiz sularında yenidən doğulmuş, məhdudiyyətlərimizi aşaraq və heç bir layiqliyimiz olmadan bura gətirilib və buradan göndərilmiş olan bizlərə bu ənam və yol əmanət edilib ki, Müjdə hər kəsə elan olunsun.", Papa XIV Leo heyrətlə əlavə edib.

Məni Kilsəyə sadiq olmağa çağırdı

Yeni Papa xatırladıb ki, dünən günortadan sonra 267-ci Papa seçilməsi ilə Allah onu Peterin davamçısı olmağa çağırıb və beləliklə, “bu xəzinəni mənə həvalə edib ki, Onun köməyi ilə Kilsənin bütün mistik Bədəninin rifahı naminə Onun sadiq xidmətçisi olum”.

“Bununla belə, Peter”, Papa xatırlatdı, “Məsihin “insanlar Bəşər Oğlunun kim olduğunu deyir?” sualına cavab olaraq öz imanını iqrar edir.”

Papa Leo vurğuladı ki, bu sual əhəmiyyətsiz deyil və “xidmətimizin mühüm aspektinə, yəni məhdudiyyətləri və potensialı, sualları və inancları ilə yaşadığımız dünyaya” aiddir.

İki fərqli münasibət

“İnsanlar Bəşər Oğlunun kim olduğunu deyir?”, yeni Müqəddəs Ata sualı təkrar edərək qeyd etdi: "Əgər biz bu səhnə üzərində düşünsək, iki fərqli münasibəti xarakterizə edən iki cavabı görə bilərik."

Birinci cavab, "Onun varlığından, sərt mənəvi tələblərindən narahat olan, Onu rədd etməkdən və aradan götürməkdən çəkinməyəcək" dünyanın cavabıdır.

İsanın sualına başqa cavab da var. Onu “dürüst və cəsarətli insan” kimi görən adi insanların cavabı; lakin onlar üçün "O, yalnız bir insandır və buna görə də təhlükə anında, Onun Əzabları zamanı onlar da Onu tərk edir və məyus halda Ondan uzaqlaşırlar".

Missioner fəaliyyəti, şahidlik etmək çətin olan yerlərdə lazımdır

Papanın sözlərinə görə, bu iki münasibətdə diqqəti çəkən məqam onların bugünkü aktuallığıdır, çünki onlar, Müqəddəs Atanın etiraf etdiyi kimi, bizim dövrümüzdə bir çox kişi və qadınlardan  asanlıqla eşidə biləcəyimiz mövqeləri təcəssüm etdirirlər, hətta mahiyyətcə eyni olub, fərqli dillərdə ifadə olunsalar belə.

"Hətta bu gün, bir çox hallarda dünya xristian inancını absurd hesab edir, onun zəiflər və ağılsızlar üçün nəzərdə tutulduğunu deyir, texnologiya, pul, uğur, güc və ya dünyavi ləzzətlər kimi zəmanətlərə üstünlük verir".

Papa, dünyada “İncilin bəyan edilməsinin, onun həqiqətinə şəhadət verilməsinin asan olmadığı, imanlıların ələ salındığı, təqib və nifrət edildiyi və ya ən yaxşı halda dözüldüyü ya kiçik tutulduğu” halların mövcud olduğunu vurğuladı.

"Bununla belə, məhz bu səbəbdən," o dedi, "onlar bizim missioner fəaliyyətimizə ən çox ehtiyac duyulan yerlərdir."

Həyatın mənasızlığı ilə müşayiət olunan iman çatışmazlığı

"İmansızlıq çox vaxt həyatın mənasının faciəvi şəkildə itirilməsi, mərhəmətin inkar edilməsi, insan ləyaqətinin dəhşətli şəkildə alçaldılması, ailə böhranı və cəmiyyətimizi incidən bir çox başqa yaralar ilə müşayiət olunur", deyə Papa Leo vurğulayıb.

Müqəddəs Ata qeyd etdi ki, "bu gün, bir çox hallarda, İsa insan kimi dəyərləndirilsə də, O, bir növ xarizmatik lider və ya supermen səviyyəsinə endirilir".

Bunun "təkcə imansızlar arasında deyil, həm də bir çox vəftiz olunmuş xristianlar arasında" baş verdiyini etiraf edən Papa Leo xəbərdarlıq etdi ki, onlar əslində "praktiki ateizm vəziyyətində yaşayırlar".

Bunu nəzərə alaraq Papa Leo ibadətdə iştirak edənləri əmin etdi ki, “bu dünya, bizə əmanət edilmiş dünyadır. Və Papa Fransiskin bizə dəfələrlə öyrətdiyi kimi, biz, bu dünyada Xilaskar İsaya olan sevinc dolu imanımıza şahidlik etməyə çağırılmışıq”.

"Buna görə də," Papa davam etdi, "bizim də, Peterlə bərabər, təkrar etməyimiz vacibdir: "Sən Məsihsən, Var Olan Allahın Oğlusan".

Gündəlik çevrilmə səyahəti

Papa dedi ki, bunu, ilk növbədə, Rəbb ilə şəxsi münasibətimiz üçün, “gündəlik çevrilmə yoluna” sadiq qalmağımız üçün etmək vacibdir.  

Sonra biz eyni şeyi Kilsə olaraq etməliyik ki: “Rəbbə sədaqətimizi birlikdə yaşayıb Müjdəni hamıya çatdıra bilək”.

Romada Papa XIV Leo-nun Kardinallarla ilk Messası
Romada Papa XIV Leo-nun Kardinallarla ilk Messası   (ANSA)

“Mən bunu ilk növbədə Peterin varisi olaraq, Roma yepiskopu kimi vəzifəmə başlayarkən özümə deyirəm”, dedi Papa, və bunu Antioxiyalı Müqəddəs İqnatiusun məşhur ifadəsinə uyğun olaraq “Ümumdünya Kilsəsinə məhəbbətdə başçılıq etmək” üçün etdiyini söylədi.

Papa xatırlatdı ki, “həyatını qurban vermək üçün bu şəhərə zəncirlənib gətirilən Müqəddəs İqnatius oradakı xristianlara yazırdı: Mən o zaman həqiqətən İsa Məsihin şagirdi olacağam, nə zaman ki, dünya artıq cismimi görməyəcək”.

Məsihə yer vermək üçün kənara çəkilmək

"İqnatius, arenada vəhşi heyvanlar tərəfindən yeyilməkdən danışırdı - və belə də oldu" Papa Leo izah etdi. "Lakin onun sözləri, daha geniş mənada Kilsədəki bütün səlahiyyət sahiblərinə aiddir".

Papa vurğuladı ki, vəzifəmiz, “Məsihə yer vərmək üçün kənara çəkilmək, tanınması və izzətlənməsi üçün özümüzü kiçik etmək, hamının Onu tanımaq və sevmək imkanı əldə etməsi üçün özümüzü sona qədər sərf etməkdir”.

Papa XIV Leo vəzini dua ilə yekunlaşdırdı. “Kilsənin Anası Məryəmin məhəbbət dolu şəfaəti ilə Allah bu lütfü mənə bəxş etsin”.  

09 may 2025, 21:53