Papa XIV Leo: “Mərhəmət, dini məsələdən öncə bir insanlıq məsələsidir!”
ÜMUMİ AUDİENSİYA
Müqəddəs Peter Meydanı
Çərşənbə, 28 may 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. Məsəllər 7. Samariyalı. “O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.” (Luka 10, 33)
Əziz bacılar və qardaşlar,
Biz Müjdənin bəzi məsəlləri üzərində düşünməyə davam edəcəyik. Bu məsəllər baxış bucağımızı dəyişdirmək və qəlbimizi ümidə doğru açmaq üçün bir imkandır. Ümidsizlik bəzən hadisələrə müəyyən sərt və qapalı baxış tərzinə köklənməyimizdən irəli gəlir və məsəllər onlara başqa nöqteyi-nəzərdən baxmağa kömək edir.
Bu gün mən sizinlə bir insan haqqında danışmaq istərdim. O mütəxəssisdir, biliklidir, Qanun müəllimidir, lakin o, öz üzərində cəmləşib, başqalarının fərqinə varmadığı üçün baxış bucağını dəyişdirməlidir (Luka 10, 25-37). Həqiqətən də, o, İsadan əbədi həyatın necə “miras alındığını” soruşur və onun birmənalı haqq kimi başa düşülməsinə işarə edən bir ifadə işlədir. Amma bu sualın arxasında bəlkə də məhz diqqətə ehtiyac gizlənir: İsadan izah etməsini xahiş etdiyi yeganə söz “qonşu” ifadəsidir ki, bu da hərfi mənada “yaxın olan” deməkdir.
Buna görə də İsa bu sualı “məni kim sevir?”-dən “kim sevib?” sualına dəyişdirmək üçün vasitə olan bir məsəl danışır. Birinci sual yetişməmiş, kal sualdır, ikincisi, həyatının mənasını dərk etmiş yetkin bir insanın sualıdır. Birinci sual küncdə oturub gözlədiyimiz zaman verdiyimiz sualdır, ikinci sual bizi hərəkətə sövq edən sualdır.
İsanın dediyi məsəldə, əslində, bir yol var və bu, həyat kimi çətin və keçilməz bir yoldur. Bu, bir adamın dağdakı şəhər olan Yerusəlimdən dəniz səviyyəsindən aşağıda yerləşən Yerixoya enən yoludur. Bu, artıq baş verə biləcəkləri qabaqcadan xəbər verən görüntüdür: adama hücum edilir, o döyülür, qarət edilir və yarı ölü halda tərk edilir. Vəziyyətlər, insanlar, hətta bəzən güvəndiyimiz insanlar belə əlimizdən hər şeyi alıb bizi yolun ortasında qoyub gedirlər: bu bir həyat təcrübəsidir.
Lakin həyat qarşılaşmalardan ibarətdir və bu qarşılaşmalarda bizim həqiqi kimliyimiz üzə çıxır. Bu görüşlərdə biz başqalarının kövrəkliyi və zəifliyi ilə üzləşirik və onlara qayğı göstərməyə və ya hər şeyin yaxşı olduğunu iddia etməyə qərar verə bilərik. Kahinlə levit eyni yolla gedirlər. Onlar Yerusəlim Məbədində xidmət edən, müqəddəs məkanda yaşayan insanlardır. Bununla belə, ibadət etmək insanı avtomatik olaraq şəfqətli etmir. Həqiqətən də, mərhəmət, dini məsələdən öncə bir insanlıq məsələsidir! Biz imanlı olmaqdan əvvəl insan olmağa çağırılmışıq.
Təsəvvür edə bilərik ki, Yerusəlimdə uzun müddət qaldıqdan sonra bu kahin və bu levit evə qayıtmağa tələsirlər. Bu tələskənlik həyatımızda o qədər yer alıb ki, çox vaxt mərhəmətli olmağımıza mane olur. Öz yolunun daha vacib olduğuna inanan insanlar, başqasının xatirinə dayanmaq istəmirlər.
Ancaq burada həqiqətən dayanmağı bacaran biri gəlir: o, Samariyalıdır, deməli, xor baxılan xalqa mənsubdur (2 Padşahlar, 17). Onun yolunun məqsədi mətndə göstərilmir, yalnız onun səyahət etdiyi bildirilir. Dindarlığın bununla heç bir əlaqəsi yoxdur. Bu samariyalı ona görə dayanır ki, o, köməyə ehtiyacı olan başqa bir insanla qarşılaşıb.
Şəfqət əməli jestlərlə ifadə olunur. Müjdəçi Luka bizim “xeyirxah” adlandırdığımız, lakin mətndə adi bir insan olan samariyalının hərəkətləri haqqında düşünür: samariyalı bəlaya düşən insanın yanına yaxınlaşır, çünki kiməsə kömək etmək istəyirsənsə, məsafə saxlaya bilməzsən, müdaxilə etməlisən, çirklənməlisən, bəlkə də özünü murdarlamalısan; o, yaraları yağ və şərabla təmizləyib, bağlayır; yükü öz üzərinə götürərək onu atına mindirir, çünki biri digərinə kömək etmək istəyirsə, onun ağrısının yükünü də hiss etməyə hazır olmalıdır; onu mehmanxanaya aparır, onun yerinə az-çox iki iş günün dəyəri olan “iki gümüş pul” verir; və o, geri qayıtmağı və sonda daha çox ödəməyi öhdəsinə götürür, çünki söhbət çatdırılmalı olan bir bağlamadan deyil, qayğıya ehtiyacı olan bir insandan gedir.
Əziz qardaşlar və bacılar, bəs biz nə vaxt yolumuzu dayandırıb şəfqət göstərəcəyik? Küçədəki yaralının hər birimizi təmsil etdiyini anlayanda. Və sonra İsanın bizə qayğı göstərmək üçün dayandığı bütün anların xatirəsi bizi daha çox mərhəmətli edəcək.
Gəlin dua edək ki, insanlıqda böyüyə bilək və münasibətlərimiz daha doğru və mərhəmətlə zəngin olsun. Gəlin İsanın Ürəyindən lütf diləyək ki, getdikcə daha çox Onunla eyni hissləri yaşaya bilək.
***
&ܳ;鴡İƏ
Bu günlərdə fikrim tez-tez dinc əhaliyə və infrastruktura qarşı yeni ciddi hücumlardan əziyyət çəkən Ukrayna xalqına yönəlir. Bütün qurbanlara, xüsusən də uşaqlara və ailələlərə yaxınlığımı və dualarımı təsdiq edirəm.
Mən müharibəni dayandırmaq və dialoq və sülh üçün hər bir təşəbbüsü dəstəkləmək üçün çağırışımı qətiyyətlə təkrar edirəm. Hər kəsdən Ukraynada və müharibədən əziyyət çəkən hər yerdə sülh üçün duaya qoşulmağı xahiş edirəm.
Uşaqların cansız bədənlərini qucaqlayan, bir az yemək və bombardmanlardan daha etibarlı sığınacaq axtarışında dayanmadan köçməyə məcbur edilən ana və ataların fəryadı artan güclə səmalara ucalır.
Mən liderlərə çağırışımı təkrar edirəm: atəşi dayandırın, bütün girovları azad edin, humanitar qanunlara tam hörmət edin. Ey Sülhün Mələkəsi Məryəm, bizim üçün dua et.