Papa XIV Leo "Səmavi Mələkə" duası zamanı: biz müharibədən əziyyət çəkənləri unuda bilmərik
MÜQƏDDƏS MESSANIN SONUNDA “SƏMAVİ MƏLƏKƏ” DUASI
Müqəddəs Peter Meydanı
Rəbbin günü, 18 may 2025
Bu tədbiri yekunlaşdırarkən mən sizin hamınızı, Romalıları və dünyanın bir çox yerindən iştirak etmək üçün gələn imanlıları salamlayıram və hamınınza təşəkkür edirəm.
Xüsusilə, bir çox ölkələrin rəsmi nümayəndələrinə, eləcə də Kilsələr və Kilsə İcmalarının və digər dinlərin nümayəndələrinə minnətdarlığımı bildirirəm.
Qardaşlıqların Yubileyi üçün bütün qitələrdən gələn minlərlə zəvvarlara səmimi salamlarımı çatdırıram. Əziz qardaş və bacılar, xalq təqvasının böyük irsini yaşatdığınız üçün sizə təşəkkür edirəm!
Messa zamanı mən göydən bizi müşayiət edən Papa Fransiskin ruhani varlığını hiss etdim. Müqəddəslərin ünsiyyətində iştirakımız haqqında düşünərək xatırlayıram ki, dünən Fransanın Şamberi şəhərində keşiş Kamil Kosta de Büreqarın mübarəklərin sırasına alınması mərasimi keçirilib. O, 1800-cü illərin sonundan 1900-cü illərin əvvəllərinə qədər yaşamış və böyük pastoral xeyriyyəçilik şahidi olmuşdur.
Bu iman və birlik sevinci anlarında biz müharibədən əziyyət çəkən bacı-qardaşlarımızı unuda bilmərik. Qəzzada uşaqlar, ailələr və qocalar aclıqdan ölür. Myanmada yeni döyüşlər günahsız gənclərin həyatını alır. Nəhayət, müharibədən əziyyət çəkən Ukrayna ədalətli və davamlı sülh üçün danışıqları gözləyir.
Buna görə də, Roma Yepiskopu, Ümumdünya Kilsəsinin Pastorunun xidmətini Məryəm Anaya həvalə edərkən, gəlin, "Peter Qayığından", ümid əlaməti olaraq, Dəniz Ulduzu, Xoş Məsləhətin Anası Məryəmə baxaq. Biz onun şəfaətini diləyirik: sülh üçün, əzab çəkənlərə dəstək və təsəlli üçün və hamımızın Dirilmiş Rəbbə şahid olmaq lütfü üçün.