Müqəddəs Peterin atalıq vəzifəsi
Andrea Tornielli tərəfindən
Həvari Peterin varisi seçiləcək yeni Papa üçün çağırılan Konklav öncəsi gərgin saatlarda, Roma Yepiskopunun xidmətində əsas bir cəhəti — Allahın Xalqı tərəfindən xüsusilə hiss edilən bir yönü — atalıq vəzifəsini yada salmağa dəyər. Papa Fransiskin ölüm xəbəri gözlənilmədən elan olunduqda, milyonlarla insan özünü atasız hiss etdi — yetim qaldı.
Müqəddəs Papa VI Pavel, 1964-cü ilin dekabrında Hindistana etdiyi səfərdən qayıtdıqdan sonra filosof dostu Jan Qyutton ilə söhbətində atalıq təcrübəsi haqqında fikirlərini bölüşmüşdü. Papa oraya çatanda küçələrdə onu bütün dinlərdən olan bir milyondan artıq insan qarşılamışdı. Bu unudulmaz bir görüş idi. Küçələr insanlarla dolmuşdu, Papa VI Pavelin sonradan Kalkuttalı Tereza Anaya hədiyyə etdiyi üstü açıq Lincoln markalı maşının ətrafını sarmışdılar. Papa iki saat fasiləsiz olaraq insanları salamladı və xeyir-dua verdi.
O izdihamla görüşünü xatırlayarkən Papa VI Pavel Qyuttona belə demişdi: “Məncə, Papalığın bütün ləyaqətləri içində ən dəyərli olanı atalıqdır. Bir dəfə Papa XII Piusa təntənəli bir mərasim zamanı yoldaşlıq etmişdim. O, izdihama elə atılırdı ki, sanki Bet-Xasda hovuzuna dalırdı. İnsanlar ona sarılırdı, paltarını dartırdı. Və o, nur saçırdı. Və o, insanlarla bir araya gəldikcə, onlardan aldığı enerji ilə güclənirdi. Amma atalıq vəzifəsini müşahidə etməklə, onu icra etmək arasında nəhəng bir fərq var. Atalıq ruhu və qəlbi bürüyən, günün hər saatında bizi müşayiət edən, azalmayan, yalnız artan bir hissdir – çünki övladların sayı artır.”
Müqəddəs Papa VI Pavel əlavə etmişdi: ‘Bu, sadəcə bir vəzifə deyil, bir atalıqdlır. Və insan ata olmağı dayandıra bilməz… Mən özümü bütün bəşəriyyətin atası kimi hiss edirəm… Və bu hiss Papaların şüurunda daim təzədir, daim yenidir, hər zaman yenidən doğulur, azaddır və yaradıcıdır. Bu hiss nə yorur, nə də usandırır, əksinə hər bir yorğunluğu yüngülləşdirir. Heç bir an, heç bir vaxt, əlimi xeyir-dua vermək üçün qaldırarkən yorulduğumu hiss etməmişəm. Xeyr, heç vaxt xeyir-dua verməkdən və ya bağışlamaqdan usanmayacağam.’
“O zaman Bombeydə olarkən,” – deyə xatırlayırdı Papa, – “Konqres yerinə çatmaq üçün iyirmi kilometrlik bir yolu qət etməli olduq. Küçələr boyunca saysız-hesabsız insan seli sıralanmışdı — susqun, hərəkətsiz, sıx və möhtəşəm bir səssizlik içində. Yalnız Hindistanda rast gəlinən o imanlı və kasıb izdiham — diqqətli baxışlarla, yarıçılpaq bədənlərlə, ürək dolusu ümidlə baxan kütlə. Mən durmadan xeyir-dua verməli idim. Yaxınımda olan keşiş dostum — sanki Musanın köməkçisi kimi — qolumu havada tutaraq mənə dayaq olurdu. Və buna baxmayaraq, özümü heç də yuxarıda görmürdüm. Əksinə, bir qardaş kimi hiss edirdim özümü — hamıdan kiçik, hamıdan alçaq — çünki hamının yükünü çiynimdə daşıyırdım.”
Beləcə, Peterin Varisi bir qardaşdır, “hamıdan alçaqda,” çünki hamının yükünü daşıyır.
Hindistandakı bu təcrübədən bir neçə ay əvvəl VI Pavel artıq xalqın sevgi və coşqu dolu izdihamı içində itib-batmağın nə demək olduğunu hiss etmişdi. Bu, 1964-cü ilin yanvarında, mərhum Papanın çox arzuladığı Müqəddəs Torpaqlara etdiyi ilk Apostol Səfəri zamanı baş vermişdi.
Yerusəlimdə, Dəməşq Qapısı qarşısında izdiham o qədər böyük idi ki, planlaşdırılmış qarşılama mərasimi pozuldu. Papamobil bir gəmi kimi sağa-sola yellənirdi, VI Pavel isə maşından çətinliklə çıxa bildi, Kral Hüseynin əsgərlərinin mühafizəsi ilə Dəməşq Qapısından güclə keçdi — müşayiət edən heyət isə onunla birlikdə hərəkət edə bilmədi. Papa VI Pavel qədim Müqəddəs Şəhərin dar küçələri ilə sıx izdiham içində bütün Via Dolorosa yolunu piyada keçdi. Bəzən elə görünürdü ki, bu izdiham onu udacaq. Amma üzündəki təbəssüm dəyişmirdi, xeyir-dua verən əlləri havada idi.
Həmin axşam, Papanın yaxın dostu olan keşiş Culio Bevilakua, Yerusəlimdəki Apostol Nümayəndəliyinin qarşısında toplaşmış jurnalistlərə demişdi ki, illər əvvəl Covanni Battista Montini (Papa VI Pavelin adı) ona belə bir etiraf etmişdi: “Mən, saray dəbdəbəsindən və rəsmi qaydaların boğuculuğundan uzaq, sadə bir Papa xəyalı qururam, yalnız, öz diakonlarının arasında olan bir Papa…”
Və buna görə də ata Bevilakua belə nəticəyə gəlmişdi: “Buna görə də inanıram ki, bu gün, izdihamla əhatə olunsa da, o, Müqəddəs Peter Bazilikasına xüsusi bir taxtda oturaraq daxil olmaqdan daha xoşbəxtdir…”