Papa Fransisk: Biz həmişə yenidən başlaya bilərik
MÜQƏDDƏS ATA TƏRƏFİNDƏN HAZIRLANMIŞ KATEXİZİS
Çərşənbə, 26 mart 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. 2-ci Görüş. Samariyalı qadın. “Mənə su ver, içim” (Yəhya 4, 7)
Əziz bacılar və qardaşlar,
İsanı tapmaq üçün yola çıxan Nikodim ilə İsanın qarşılaşması haqqında düşünəndən sonra, bu gün biz o anlar haqqında düşünəcəyik ki, harada ki O, sanki həyatımızın məhz bu kəsişməsində bizi gözləyir. Belə görüşlər bizi təəccübləndirir və ilk anlarda biz bəlkə də bir az çəkinə bilərik; biz ehtiyyatlı olmağa və nə baş verdiyini anlamağa çalışırıq.
Bu, yəqin ki, Yəhyanın Müjdəsinin dördüncü fəslində bəhs edilən samariyalı qadının da yaşadığı təcrübə olub (Yəhya 4, 5-26). O, günorta saatlarında quyuda kişiyə rast gələcəyini gözləmirdi. Üstəlik, o heç kimə rast gəlməyəcəyinə ümid edirdi. Əslində o günün ən isti olan vaxtında quyudan su gətirməyə gedir. Bəlkə də bu qadın həyatından utanır, bəlkə də özünü mühakimə olunduğunu, qınandığını, səhv başa düşüldüyünü hiss edib və bu səbəbdən özünü təcrid edib, hamı ilə münasibətini kəsib.
Yəhudeyadan Qalileyaya getmək üçün İsa Samariyadan keçməməli, başqa yolla getməli idi. Yəhudilər və samariyalılar arasındakı gərgin münasibətləri nəzərə alsaq, bu, daha təhlükəsiz olardı. Əvəzində O, Samariyadan keçmək istəyir və elə həmin anda quyunun yanında dayanır! İsa bizi gözləyir və bizim üçün heç bir ümid qalmadığını düşündüyümüz zaman bizə Ona rast gəlmək imkanını bəxş edir. Qədim Yaxın Şərqdə quyu – görüş yeri, bəzən nikahların bağlandığı məkan, nişan yeri idi. İsa bu qadına, onun sevilmək istəyinə həqiqi cavabı haradan ala biləcəyini anlamağa kömək etmək istəyir.
İstək mövzusu bu qarşılaşmanı başa düşmək üçün əsasdır. sa arzusunu ilk dilə gətirdi: “Mənə su ver, içim” (Yəhya 4, 10). Dialoqa başlamaq naminə İsa qarşı tərəfi sakitləşdirmək üçün Özünü möhtac göstərir ki, qadının qorxmayacağına əmin olsun. Susuzluq çox vaxt, hətta Müqəddəs Kitabda da, arzu, istək kimi başa düşülür. Amma burada İsa ilk növbədə qadının xilas olmasını istəyir. Müqəddəs Avqustin deyir: “Su İstəyən - qadının imanına susamışdı”. [1]
Nikodim İsanın yanına gecə getdiyi halda, İsa samariyalı qadınla günorta vaxtı, işığın ən çox olduğu vaxtda rastlaşır. Bu, həqiqətən, bir vəhy anıdır. İsa Özünü ona Məsih kimi tanıdır və həmçinin Öz həyatına işıq salır. İsa qadına mürəkkəb və ağrılı olan tarixini yenidən oxumağa kömək edir: onun beş əri olub və indi ər olmayan altıncı kişi ilədir. Altı rəqəmi təsadüfi deyil, adətən bu rəqəm qeyri-kamilliyi göstərir. Bəlkə də bu, bu qadının həqiqətən sevilmək istəyini nəhayət təmin edəcək yeddinci talibə işarədir. Və bu Bəy yalnız İsa ola bilər.
İsanın onun həyatını bildiyini başa düşdükdə qadın söhbəti yəhudilərlə samariyalıları ayıran dini məsələyə çevirir. Bu, bəzən dua etdiyimiz zaman bizim də başımıza gəlir: Allahın həyatımıza, onun problemlərinə toxunduğu anda biz bəzən bizə uğurlu dua illüziyasını verən düşüncələrə qapılırıq. Əslində biz qoruyucu maneələr çəkmişik. Bununla belə, Rəbb həmişə daha böyükdür və mədəni qaydalara görə danışmamalı olduğu samariyalı qadına ən yüksək vəhyi verir: O, ona ruhda və həqiqətdə səcdə edilməli olan Atadan danışır. Qadın yenə təəccüblənərək, bu məsələlərdə Məsihi gözləməyin daha yaxşı olduğunu bildirdikdə, İsa ona deyir: “Səninlə danışan Odur, O Mənəm” (Yəhya 4, 26). Bu sevgi etirafı kimi səslənir: Gözlədiyin Mənəm; sevilmək istəyinə nəhayət cavab verə biləcək Mənəm.
Bu anda qadın kəndin adamlarını çağırmağa qaçır, çünki missiya məhz sevildiyini hiss etmək təcrübəsindən qaynaqlanır. Əgər başa düşülmək, qəbul edilmək, bağışlanmaq təcrübəsi olmasaydı, o nələri bəyan edəcəkdi? ? Bu, bizi müjdələmək üçün yeni yolların axtarışı haqda düşünməyə vadar edən görüntüdür.
Aşiq insan kimi, samariyalı qadın da su qabını unudur və onu İsanın ayaqları altına buraxıb qaçır. Başındakı o küpün ağırlığı hər dəfə evə qayıdanda ona düşdüyü vəziyyəti, sıxıntılı həyatını xatırladırdı. Amma indi küp İsanın ayaqları altında qalıb. Keçmiş artıq bir yük deyil; o barışıb. Bu, bizim üçün də belədir: gedib İncili vəz etmək üçün ilk növbədə həyat tariximizin yükünü Rəbbin ayaqları altına qoymalı, keçmişimizin ağırlığını Ona tapşırmalıyıq. Müjdəni yalnız barışmış insanlar gətirə bilər.
Əziz qardaşlar və bacılar, ümidimizi itirməyək! Həyat tariximiz bizim üçün ağır, mürəkkəb, bəlkə də məhv edilmiş görünsə belə, bizim həmişə onu Allaha etibar etmək və səyahətimizə yenidən başlamaq imkanımız var. Allah mərhəmətlidir və həmişə bizi gözləyir!