MAP

2025.08.16 Gesù Cristo, Vangelo della domenica

Liturgiya oxunuşları: 7 SENTYABR. Adi Dövrün XXIII RƏBB GÜNÜ

“İsanın şagirdi bütün nemətlərdən imtina edir, çünki o, ən böyük neməti İsada tapmışdır. Bütün digər nemətlər Onda öz həqiqi dəyərini və mənasını tapır: ailə bağları, qonşularla münasibət, iş, mədəni və iqtisadi nemətlər və s. Məsihçi hər şeydən uzaqlaşır və hər şeyi İncil məntiqində, sevgi və xidmət məntiqində tapır” (Fransisk, Rəbbin Mələyi 08.09.2013).

BİRİNCİ OXUNUŞ Müd 9, 13-18

Axı Allahın niyyətlərini hansı insan dərk edə bilər? Rəbbə məqbul olanı kim anlaya bilər? Ölümlü olanların düşüncələri sabit deyil, bizim fikirlərimiz dəyişkəndir. Çünki ölümlü bədən cana yük olar, maddi cisim çoxlu qayğısı olan ağlı zora salar. Hətta yerdə olanları dərk etmək, əlimizin altındakıları anlamaq ağır işdir. Bəs göydə olanları kim öyrənə bilər? Sən hikmət bəxş etməsən, yuxarıdan Öz müqəddəs olan ruhunu göndərməsən, Sənin iradəni kim dərk edə bilər? Beləcə yer üzündə yaşayanlar düz yola yönəldilər, insanlar Sənə məqbul olanı öyrəndilər və hikmətin vasitəsilə xilas oldular.

əڲ

Bu oxunuş bizə Allahın iradəsini anlamağa kömək edir və biz yalnız təvazökar olaraq Onun həyat hadisələrində varlığını görə bilərik. Süleymanın Müdriklik Kitabına görə insan ağlı çox məhduddur: “Rəbbə məqbul olanı kim anlaya bilər?” Biz yerdə nə baş verdiyini belə çətin anlaya bilirik, Səmada olanları necə dəek edək? Bu o deməkdir ki, Allahın niyyətlərini yalnız öz məntiqimiz və hikmətimizlə başa düşmək mümkün deyil. “Atanın Hikməti” adlandırılan İsa bizə sadəcə suallara cavab tapmağı deyil, düzgün suallar verməyi öyrədir. Həmin suallardan əsas olanı: "Rəbb burada və indi məndən/bizdən nə istəyir? O, bu və ya digər təcrübə vasitəsilə bizə nə demək istəyir?" Bu onu göstərir ki, iman hazır həll yolları axtarmaq deyil, müəyyən bir vəziyyətdə Allahın niyyətinə açıq olmaq deməkdir.

İKİNCİ OXUNUŞ Flm 9-10.12-17

İndi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram. Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm. Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun. Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır. İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et.

əڲ

Zindanda olarkən Paul öz çətinliklərindən daha çox dostu Filimonu keçmiş qulu Onisimlə barışdırmaq haqda düşünür. Həvari Filimona məhəbbətlə və qayğıkeşliklə müraciət edərək deyir: «Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var». Paul Filimondan Onisimi “artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi” qəbul etməsini xahiş edir. Bu, əsas məqamdır. Paulun nəzərində Onisimin xristianlığı qəbul etməsi onun statusunu tamamilə dəyişdi. Onlar artıq köləliklə deyil, Məsihdə qardaşlıq məhəbbəti ilə bağlıdırlar. Həvari hətta deyir: «məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et». Bu, Paulun bütün sosial maneələri silən İncilin dəyişdirici gücünə imanının dərinliyini nümayiş etdirir. Millətlərin həvarisi bizi dostluğun mənasını və başqaları ilə necə rəftar etdiyimizi düşünməyə çağırır. O, bizə qonşularımıza onların keçmiş və ya sosial statusu baxımından deyil, gələcəkdə kim olmaq istədikləri mövqeyindən baxmağı öyrədir. Həqiqi məsihi məhəbbəti və dostluğu, Paul kimi bağışlamağı və insana yeni şans verməyi bilir.

İNCİL Luka 14,25-33

İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: «Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa, Mənim şagirdim ola bilməz. Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz. Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək: “Bu adam tikintiyə başlayıb qurtara bilmədi”. Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz? Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.

əڲ  

İsa insanlara izah edir ki, Onu ailəsindən və hətta öz canından çox sevməyən Onun şagirdi ola bilməz. Bu o demək deyil ki, Məsih bizi sevdiklərimizə nifrət etməyə çağırır: O, həyatımızda mütləq üstünlüyünü vurğulamaq üçün paradoksal hiperboladan istifadə edir. Rəbb, şübhəsiz ki, bütün insan bağlılıqlarından və eqoizmdən üstün olmalı və birinci yeri tutmalıdır. Məsihin ardınca getmək, ilk növbədə, şəxsi seçimdir. İsanın ardınca gedənlər “kütlə” olsa da, hər bir insan Onun ardınca getmək üçün şəxsi qərar verməlidir. Bu o deməkdir ki, həyatımızı bizim ambisiyalarımız yox, Allahın müdrikliyini idarə etməlidir. İkinci ən vacib cəhət -  çarmıxın qəbul edilməsidir: İsanın şagirdi olmaq “çarmıxını götürüb Onun ardınca getmək” deməkdir. Bu, yalnız əzabların qəbulu edilməsi deyil, Məsihin sevgi məntiqinin, qeyd-şərtsiz və sərhədsiz məhəbbətin qəbul edilməsidir. Rəbb vəd edir ki, bizi tərk etməyəcək, çünki O, Özü günaha, şərə və ölümə qalib gəlib. Beləliklə, həqiqi şagirdlik təkcə xristian mühitində olmaq deyil, lakin hətta çətin və narahat görünsə belə, şüurlu şəkildə İsanın ardınca getmək, Onu birinci yerə qoymaq və Onun yolunu qəbul etmək deməkdir.

06 sentyabr 2025, 15:51