Liturgiya oxunuşları: 6 SENTYABR. Adi Dövrün XXII həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Kol 1, 21-23
Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.
əڲ
Müqəddəs Paul Kolosdakı məsihçilərə Məsihin ölümü və dirilməsi vasitəsilə əldə etdikləri Allahla barışmaq kimi böyük hədiyyəni xatırladır və onları imanda möhkəm qalmağa çağırır. Həvari onların əvvəllər Allahdan uzaq olduqlarını vurğulayaraq yazır: “Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz”. Lakin, indi “Məsih cismən ölməklə Öz bədəni vasitəsilə” onları barışdırmışdır. Bu o deməkdir ki, Məsihin Çarmıxı sadəcə tarixi hadisə deyil, onların Allahla münasibətlərini tamamilə dəyişdirərək onları “müqəddəs, ləkəsiz və nöqsansız” edən əsas məqamdır. Bu, məntiqli sual doğurur: Məsihi tərk edərək köhnə olana qayıtmaq nəyə lazımdır? Paulun əsas çağırışı “iman əsasında möhkəm və sabit durmaq”dır. Bu möhkəmlik həyatın yeganə həqiqi təməli olan və mərkəzində Rəbb İsa Məsih olan İncil ümidinə əsaslanır. Boş fikirlər və təkliflərin təsiri ilə “çaşdırılmaq” əvəzinə, daim qəlbimiz və ağlımızla bizi azad edən və xilas edənə qayıtmaq gərəkir. İnsan həyatını ancaq Allah təmin edə bilər. İmanımız və ümidimiz bir gün bizi məyus edəcək keçici şeylərə deyil, yalnız Məsihə yönəlməlidir.
İNCİL Luka 6, 1-5
Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».
əڲ
İsanın şagirdləri şənbə günü sünbüllər qoparırlar. Fariseylər onları qınayır və İsa, ac olanda yalnız kahinlərin yeyə biləcəyi müqəddəs çörəyi yeyən padşah Davudun nümunəsini misal çəkərək onalara cavab verir. Bu, insanın ehtiyaclarının sərt qaydalardan daha vacib olduğunu göstərir. İsa cavabını belə yekunlaşdırır: “Bəşər Oğlu Şənbə gününün Sahibidir”. Bu o deməkdir ki, Şənbə gününün mərkəzi qanun deyil, Rəbb İsadır. Şənbə günü insan üçün yaradılmışdır, insan şənbə üçün deyil. Həftənin bu xüsusi gününün məqsədi sadəcə bekar qalmaq deyil, Allahın sevincində iştirak etmək və həftə ərzində Onun həyatımızda etdiklərini düşünməkdir. İman qaydalara və qadağalara kor-koranə itaət etmək deyil, Allah ilə şəxsi, canlı münasibətdir. Biz işləmək üçün yaşamırıq, yaşamaq üçün işləyirik: necə ki, kor-koranə qaydalara riayət etmək üçün yaşamırıq. Bu qaydalar insanların Allahla tam münasibətdə yaşamasına kömək etmək üçün mövcuddur. Həqiqi iman həmişə İsa ilə şəxsi görüşdə, Onun xilaskar, fədakar, mərhəmətli məhəbbətinə olan səmimi cavabımızdadır.