MAP

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 5 SENTYABR. Adi Dövrün XXII həftəsinin cüməsi

“Əbədi Oğul olan Məsihdə yaradılmış dünya lap əvvəldən öz daxilində Qəzavü-Qədərin ilk ənamını - bizim Məsihdə müqəddəratımızın girovunu daşıyır. Bu ənam dünyanın son məqsədi olan esxatolojı qurtuluşu, ilk növbədə insanın qurtuluşu ilə bağlıdır” (Müq. II İoann Pavel, Ümumi Audiensiya 28.05.1986).

BİRİNCİ OXUNUŞ Kol 1,15-20

Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

əڲ

Müqəddəs Paul Kolosdakı məsihçilərə müraciət edərək, onları İsa Məsihin Allah və insanlar arasında yeganə vasitəçi kimi mərkəzi roluna diqqət yetirməyə çağırır. Koloss icmasının bəzi üzvləri bütpərəst ayinlərə qayıtmağa başladıqları halda, həvari onlara xatırladır: onların imanlarına heç bir şey əlavə etməyə ehtiyac yoxdur. İsa Məsih hər şeydir. Paul Onu “Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan” adlandırır. Bu sözlər Əhdi-Ətiqin bütün gözləntilərinin İsada yerinə yetirildiyini göstərir. Millətlərin həvarisi daha sonra vurğulayır ki, hər şey İsa tərəfindən və İsa üçün yaradılmışdır: səmavi taxtlar, ağalar, başçılar, hakimlər. O, Bədəni olan ənin Başçısıdır. Bu o deməkdir ki, bütün kainat və onun içindəki görünən və görünməyən hər şey İsa Məsihdə öz mənasını və məqsədini tapır. Paul bildirir ki, İsa hər şeyi Səmavi Ata ilə barışdırmaq üçün gəldi. O, həm yer üzündə, həm də səmada olan hər şeyi “Çarmıxda axıdılan qanı ilə” barışdırdı. Bu o deməkdir ki, İsanın Çarmıxı Allahla insanın və əslində bütün məxluqatın barışdığı məkan oldu. Bu, təkcə bəşər sivilizasiyasının uzun tarixindəki böyük hadisələrdən biri deyil, sözün əsl mənasında hər şeyi dəyişdirən hadisədir. Bu, bizi soruşmağa vadar edir: İsa həyatımızda hansı yeri tutur? O, həqiqətən də mərkəzdədir, yoxsa imanımıza əlavə etməyə çalışdığımız başqa “praktikalar” və “ideyalar” var? İsada özümüzü barışmış hiss edirikmi?

İNCİL Luka 5,33-39

Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar». İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”».

əڲ  

İsa orucu rədd etmir, lakin hər şeyin öz vaxtı olduğunu izah edir. O deyir: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi?» Bu məsəldə bəy İsanın Özü, qonaqlar isə Onun şagirdləridir. Onun varlığı sevinc, bayram və şənlik vaxtıdır, ona görə də indi oruc tutmaq üçün heç bir səbəb yoxdur. Oruc tutmaq tövbə və təvazökarlıq əlamətidir, toy məclisində isə şadlıq və sevinc olur. Ruhani qaydalar və ayinlər insanın Allaha yaxınlaşmasına kömək etmək üçün yaradılmışdır, Allahı əvəz etmək üçün yox. Lakin Əhdi-Cədid dövrünün fariseyləri qaydaları insandan və onların Allahla münasibətindən üstün tuturdular. İsa xatırladır ki, bizi xilas edən qaydalar deyil, Onunla şəxsi münasibət və dostluqdur. Müqəddəs Lukanın İncilindən olan bu parça bizi Məsihlə münasibətimizi istənilən qaydalardan üstün tutmağa və Onun həyatımızda var olmasının həmişə sevinc üçün səbəbi olduğunu xatırlamağa çağırır.

04 sentyabr 2025, 13:02