Liturgiya oxunuşları: 1 SENTYABR. Adi Dövrün XXII həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ 1 Sal 4, 13-18
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik. Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
əڲ
Həvari Paul Salonikililərə Məktubunda xristianları kədərdən təsəlliyə keçməyə çağırır. Bunun əsas səbəbi Məsihin ikinci gəlişinə və Onun ölüm üzərində qələbəsinə inamdır. Paul öz nəsihətini “kədərlənməyinizi istəmirəm” sözləri ilə başlayır və “bir-birinizə təsəlli verin” çağırışı ilə bitirir. Beləliklə, imanın kədər deyil, sevinc və ümid gətirməli olduğunu vurğulayır. Salonikidəki ilk məsihçilər ölən yaxınlarının Məsihin gəlişi zamanı Onunla görüşə bilməyəcəyinə görə kədərlənirdilər. Paul onlara müraciət edərək təsəlli verir: Məsihdə dirilənlər dirilərlə birlikdə Rəbbi göydə qarşılayacaqlar. Həvari vurğulayır ki, ən böyük təhlükə bu həqiqəti bilməmək və ya inkar etməkdir. Qədim dövrlərdə olduğu kimi, bu gün də insanlar tez-tez həqiqəti onları sevincdən məhrum edən məlumat axını ilə qarışdırırlar: xəbərlər, texnologiya və ya ən son trendlər haqqında hər şeyi bilmək olar, ancaq həyatın və ölümün mənası məsələlərində "savadsız" qalmaq, sevincsiz bir həyat sürükləmək olar, çünki biz özümüzü hər şeyin mərkəzinə qoyuruq, əsl "yol göstərən ulduzun" Allah olduğunu unuduruq. Yalnız O, sevincimizin və ümidimizin mənbəyidir. Diqqətimizi özümüzə yönəltməklə bu ümidimizi itiririk, lakin Allaha üz tutduqda əsl xoşbəxtliyi tapırıq. Mahiyyət etibarı ilə, bu, “millətlərin həvarisinin” mesajı - prioritetlərimizə yenidən baxmağa çağırış və imanın təkcə bilik deyil, həm də hər cür kədərə qalib gələcək dərin, sarsılmaz ümid verdiyinə dair xatırlatmadır.
İNCİL Luka 4,16-30
İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı: «Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, korlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi». Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı. Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu». Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.
əڲ
İsanın doğma şəhəri olan Nazaretin sakinləri Onu yaxşı tanısalar da, həmvətənlərini qəbul edə bilmirdilər. Qərəz və özünə inam onların həqiqəti görməsinə mane olurdu. Rəbb sinaqoqda “bu Müqəddəs Yazı bu gün yerinə yetdi” deyəndə Onun sözləri dinləyicilərdə qarışıq hisslər oyadır: təəccüb və qəzəb. Onların reaksiyası qərəzlə izah olunur. Onlar əmin idilər ki, artıq Onun haqqında hər şeyi bilirlər, axı O, onların arasında böyüyən dülgər oğlu idi; tanış bir insanın yeni və böyük bir şey gətirə biləcəyinə hazır deyildilər. Bu onu göstərir ki, sadəcə olaraq “bilmək” (faktlarla tanış olmaq) kifayət deyil. Həqiqi iman “tanımaq” (yeniliyə açıq olmaq, həqiqəti qəbul etmək) qabiliyyətini tələb edir. Nazaretlilər İsanı bir insan kimi tanıyırdılar, lakin Onu Məsih kimi tanıya bilmirdilər. İman sadəcə qaydalar və ya düsturlar toplusu deyil, o, daim bizi təəccübləndirmək və sevindirmək istəyən Allahla canlı münasibətdir. Bu münasibətin çiçəklənməsi üçün qərəzli fikirlərdən azad olmaq və dəyişməyə hazır olmaq lazımdır. İsa izah edir ki, bütpərəstlər və qəriblər Onu daha çox qəbul edirdilər, çünki onlar qərəz zəncirlərindən azad idilər. Onların İsa ilə heç bir “tarixi” yox idi və Onda öz qərəzli düşüncələrini deyil, ürəklərinin görə bildiyini görə bilirdilər. Qoy hər bir insan özündən soruşsun: “Rəbbin məni təəccübləndirməsinə icazə verirəmmi?” Əslində, İncilin bu hissəsi bizi Allah və iman haqqında qərəzli təsəvvürlərimizi tərk etməyə və Onunla daima yeni, canlı görüşə açıq olmağa çağırır.