Liturgiya oxunuşları: 8 AVQUST. Adi Dövrün XVIII həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Qan 4,32-40
İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur. Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz. Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki, sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin. 39 Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».
əڲ
İsrail Allah tərəfindən sevildiyinə dair çoxlu sübutlar almışdır. Musa xüsusilə vurğulayır ki, bu məhəbbət naminə Uca Yaradan o qədər mərhəmətli və səbirli idi ki, xalqı ilə birbaşa danışırdı: israillilər Onun səsini eşidirdilər və Onun yaxınlığını hiss edirdilər. Allahın onlardan yalnız bir tələbi var idi - kəlamına itaət etmək: axı bu əmrlərdə İsrailin xoşbəxtliyinin sirri var idi. Buna görə də, həmin əmrlərdən hər dəfə uzaqlaşdıqda, seçilmiş xalq bədbəxtlik və sürgün yaşayacaq. Allah onlardan imkansız və ya son dərəcə çətin olanı istəmir, O, yalnız kəlamına əməl etmələrini xahiş edir, çünki yalnız bu yolla biz xoşbəxt və dinc yaşaya bilərik.
İNCİL Matta 24-28
Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq. İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».
əڲ
İncilin bu fəslində İsanın ən təsirli kəlamlarından biri səslənir: “Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq”. Məsihin mesajının mahiyyətini ehtiva edən bu paradoksal sözlər bizi Onun danışıq tərzi ilə tanış edir, demək olar ki, Onun səsinin tembrini çatdırır. Biz Məsih naminə necə “həyatımızı itirə bilərik”? Bu, iki yolla baş verə bilər: imanı açıq etiraf etməklə və ya dolayı yolla həqiqəti müdafiə etməklə. Şəhidlər Məsih naminə həyatın qurban verilməsinin ən gözəl nümunəsidir. İki min ildən artıqdır ki, saysız-hesabsız kişilər və qadınlar İsa Məsihə və Onun İncilinə sadiq qalmaq üçün öz həyatlarını qurban veriblər. Bu gün də dünyanın bir çox yerlərində Məsih üçün özlərini qurban verən, Xilaskardan imtina etmək istəmədikləri üçün öldürülən çoxlu şəhidlər var. Lakin “gündəlik şəhidlik” də var ki, bu da ölüm demək deyil, “Məsih naminə canı itirmək” deməkdir. Bu, İsanın məntiqinə - ənam və qurban məntiqinə görə vəzifələrimizi məhəbbətlə yerinə yetirməklə həyata keçirilir.