Liturgiya oxunuşları: 7 AVQUST. Adi Dövrün XVIII həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Saylar 20,1-13
Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm oradaca öldü və elə orada da basdırıldı. İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar. Xalq Musaya narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik! Rəbbin camaatını bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü? Nə üçün bizi Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə belə, su yoxdur». Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər. Rəbbin izzəti onlara göründü. Rəbb Musaya dedi: «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt». Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü. Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?» Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər. Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız». Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi.
əڲ
Tanrı ilə mübahisə etmək absurd görünür, amma yenə də bu hərdən baş verir. Rəbblə ünsiyyət qurmağın müsbət yolu var ki, bu, Ondan həqiqətən böyük lütf istəməyə cəsarət edən dostlarına xasdır. Lakin mənfi bir yol da var, xüsusən də şikayət etmək və deyinməklə, biz özümüz Onun bizim üçün yerinə yetirmək istədiyi xilas niyyətinə maneəyə çevriləndə. Belə olan halda biz özümüzü Onun bizim üçün olan sevgi və nailiyyətlər planlarından kənarda qalmağa məhkum edirik. Bəzən Allahın kəlamına belə zidd görünən reallığın həqiqətlərinə baxmayaraq iman etmək heç kəs üçün asan iş deyil. Lakin əsas fərq də budur: yalnız Rəbbə tam və uşaq kimi güvənən insan Vəd Edilmiş Torpağı görə bilər.
İNCİL Matta 16,13-23
İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar. Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
əڲ
Peterin şəxsiyyətində güclü təzad, demək olar ki, ziddiyyət var: bir tərəfdən onun imanını etiraf etməsi, digər tərəfdən isə İsanın sirrini səhv başa düşməsi. Həvari, insanın Ruhun səsinə necə açıq ola biləcəyini və bir neçə dəqiqədən sonra, Rəbbin şiddətli məzəmmətinə səbəb olacaq dayaz insani düşüncələrinin əsirinə necə çevrilə biləcəyini göstərir. Bu mənzərənin bizim davranışımızla da oxşarlığı var: bizim Allaha münasibətdə həqiqətən nəcib arzularımız var, amma sonra bir ziddiyyət, nəfsimizə uyğun getməyən hansısa hadisə kifayət edir ki, əsassız mühakimə yürütməyə başlayaq. Bu cür səhv davranışlardan qaçmaq üçün biz Çarmıx yolunda Rəbbin ardınca getməyə çalışmalıyıq. Onun həqiqi dostları məhz həmin yolda görünür; Peter tezliklə bu dərsi öyrənəcək və illər sonra Romada Məsih üçün canını verəcək.