MAP

2019.08.05 MARIA VIANNEY cure d'ars  160 ° anniversario della morte del santo

Liturgiya oxunuşları: 4 AVQUST. Müq. İoann Maria Vianney

“Bizim Allahın Kəlamı çörəyinə ehtiyacımız var, çünki “insan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” (Matta 4,4). Şübhəsiz ki, insanlar da dəyərli sözlər danışa bilirlər. Lakin tarix göstərir ki, insan sözləri bəzən yetərsiz, qeyri-müəyyən, məyusedici, təəsübkeş olur; halbuki Allahın Kəlamı həqiqətlə doludur; o saleh, əmin və əbədidir” (Müq. II İoann Pavel, Vəz 29.07.1979).

BİRİNCİ OXUNUŞ Saylar 11, 4-15

Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı! Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük». Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi. Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı. Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi. Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi. Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan? Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?  Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər. Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır. Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».

əڲ

Musa, Allahın niyyətlərinə münasibətdə inadkar və axmaq olan insanlara görə məsuliyyətinin bütün ağırlığını hiss edir. Məhz Rəbbin Musa vasitəsilə israillilərə dair böyük niyyətlərini açdığı anda onlar, şıltaqlıqları və şikayətləri ilə, Misir soğanı üçün peşmançılıq həddinə çatan mənəvi xırdaçılıq nümayiş etdirirlər! Biz də tez-tez belə oluruq: Allah bizə aid böyük planlarından danışır, biz isə xırda şeylərdən şikayətlənirik, baxmayaraq ki, Allah onların da qayğısına qalır. Əsl məsihçi daima Allahın bəsirətinə imanını gücləndirməyə, ürəyini “genişləndirməyə” çalışır: Rəbb bizim ehtiyaclarımızı mükəmməl bilir. Böyük, məhəbbət dolu bir ürək, Uca Yaradanın Öz anlaşılmaz xilas niyyətində onun üçün hazırladığı bütün ümid planlarını sevinclə qəbul edir.

İNCİL Matta 14,13-21

İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».  Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». İsa «onları buraya, Mənə gətirin» dedi. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.

əڲ

İsa çörəyi və balıqları çoxaldan zaman, azdan başlayır. Bəzən deyirik: “Mənim istedadım, gücüm, iradəm, təhsilim, təcrübəm, təxəyyülüm, keyfiyyətlərim yoxdur...”. Halbuki problem çox şey etməkdə və ya bacarmaqda deyil, əsas onu bəxş etmək, başqalarının ixtiyarına verməkdir. Əlimizdə olan azı  - bacarıqlarımızı və resurslarımızı paylaşmalıyıq, çünki onlar çoxa çevrilə bilər, axı bunun qayğısına qalan Rəbbin Özüdür. Nemətlər paylaşdıqca çoxalır: həm başqaları,həm də bizim üçün.  Qoy Rəbb, çörəklərin və balıqların çoxalmasının möcüzəsi ilə işıqlandırılan bu həqiqəti dərk etməkdə və öyrənməkdə bizə kömək etsin.

04 avqust 2025, 10:36