Liturgiya oxunuşları: 31 AVQUST. Adi Dövrün XXII RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Sir 3,17-18.20.28-29
Oğlum, işini həlimliklə icra et, Allaha məqbul olan adamlar tərəfindən sevilərsən. Böyüklüyün nə qədər artırsa, o qədər də həlim olmalısan, onda Rəbbin önündə lütf taparsan. Çünki Rəbb böyük qüdrətə malik olmasına baxmayaraq, həlim adamlar tərəfindən izzətlənər. Qürurlu adamın dərdinə çarə tapılmaz, çünki pis bir toxum onda kök salmışdır. Düşüncəli adamın ürəyi məsəllərə qiymət verir, müdrik insanın istəyi eşidən qulağa malik olmaqdır.
əڲ
Sirax oğlu Yeşuanın Kitabı həqiqətən də böyük həyat hikməti və ruhani məsh ilə doludur. Doğru mənada uğurlu insan, müqəddəs mətnə görə, təvazökar olan insandır, çünki o, elə bir ruh gücü nümayiş etdirir ki, başqalarını həlimliyi və mülayimliyi ilə fəth gəlir. Rəbb İsa Məsih də eyni şəkildə hərəkət etmirdimi? O, Özünü “həlim və təvazökar qəlbli” kimi təqdim etdi və məhəbbətinin dayanıqlı və silahsız gücü ilə şagirdləri cəlb etdi. O, bizimlə də belə rəftar edir: insana doğru ilk addımı İsa atır, sonsuz, mərhəmətli məhəbbətindən danışır və onu xilasedici əməlləri ilə təsdiqləyir.
İKİNCİ OXUNUŞ İbr 12, 18-19.22-24a
Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
əڲ
İbranilərə Məktubun müəllifi yazıçısı Allahın, insanı dəhşətə gətirən təbii fəlakətlərlə müşayiət olunan Əhdi-Ətiqdəki təzahürlərinə istinad edir. Lakin Məsihin təcəssümü ilə bütün bunlar artıq lazım deyil: Onun sayəsində biz artıq Allahdan nə lərzəyə gəlməli, nə də Onun üzünə baxaraq dərhal ölməliyik. Haqq-Taala Öz Oğlu vasitəsilə hər birimizə yaxınlaşdı, buna görə də biz müqəddəslərin və mələklərin həmvətənləri olduq. Bizim əsl vətənimiz Səmadır və biz Allaha o qədər yaxınlaşmışıq ki, Səmavi Atanın yeganə Oğlu İsa ilə səmimi və dərin dostluq edə bilərik. Bizim üçün bu, hər gün diqqət və minnətdarlıqla yaşanmalı olan yüksək məsuliyyətdir.
İNCİL Luka 14,1.7-14
Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi: «Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin. Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».
əڲ
Təəssüf ki, bizə qarşılıqlı fayda verə biləcək insanlara ehtiram göstərmək təbiətimizin xüsusiyyətlərindəndir. Belə münasibətə ədə də rast gəlmək olar. Lakin İsa bizi başqa cür yanaşmağa çağırır: bizə təşəkkür edə bilməyənlərə fədakarcasına səxavətli olmaq. Bununla biz birbaşa Allahdan ala biləcəyimiz mükafatı əlçatan edirik. Bu, həm də sonuncu yerləri seçmək ehtiyacını və sevincini yaradır: bu yolla biz Allahın diqqət və lütfünə layiq olacağımıza əmin ola bilərik, çünki O, Öz mücəssəməsi ilə “axırıncı” yeri tutmuşdur. Məsihin ardınca gedərək biz Onun sülhü ilə doluruq və həqiqi azadlığı tapırıq, Onun elçiləri və şahidləri olmaq üçün hər şeyə sahiblənirik.