MAP

2018.08.29 Martirio di San Giovanni Battista

Liturgiya oxunuşları: 29 AVQUST. Vəftizçi Yəhyanın Şəhidliyi

“Vəftizçi Yəhyanın şəhadəti bizə xatırladır ki, biz Məsihə, Onun Kəlamına və Həqiqətinə olan məhəbbətimizdən güzəştə gedə bilmərik. Bizdən tələb olunan İncilə gündəlik sədaqət şəhidliyidir, yəni Məsihin bizdə böyüməsinə və düşüncələrimizə və hərəkətlərimizə rəhbərlik etməsinə icazə vermək üçün cəsarət. Davamlı, güvən dolu dua həyatı yaşasaq, Allah Özü bizə xoşbəxt və dinc yaşamaq, çətinliklərə qalib gəlmək və Ona cəsarətlə şəhadət etmək qabiliyyəti və qüvvəsi verəcəkdir” (XVI Benedikt).

Bu gün biz Vəftizçi Yəhyanın şəhadətinin liturgik xatirəsini qeyd edirik. Bu, dünyanın qücündən qorxmayan xristianların şəhadət cəsarəti üzərində düşünmək üçün bir fürsətdir. Hirodiyanın (qardaşı arvadının) şıltaqlığı ilə Hirod, həqiqəti güzəştə getməyən Vəftizçi Yəhyanı edam edərək susdurur. Müqəddəs Avqustin belə şərh edir: “Ehtiyatsız bir and cinayətkarcasına yerinə yetirildi”. Bununla belə, Vəftizçinin səsi çoxalacaq, həqiqətə dair şəhadəti ilə tarixə nüfuz edəcək. Onun ölümü İsa Məsihin çarmıxda ölümünü qabaqlayan bir obrazdır: dünyanın qələbəsi xəyalidir. Güclülər öz hiylələrinə qapılıb qalırlar, Allaha təslim olanlar isə əbədi həyatı qazanırlar. Papa Fransisk xatırladır: "Şəhidlərin həyatını təsvir etmək asan deyil. Şəhidlik bir xidmət, bir sirr, çox xüsusi və böyük bir həyat hədiyyəsidir”.

BİRİNCİ OXUNUŞ Yer 1, 17-19

Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.

əڲ

Yeremya peyğəmbər Allahdan iki xüsusi əmr alır: Ondan eşitdiyini söyləmək və qorxmamaq. Bunun çətin olacağını anlayan peyğəmbər, Allahın iradəsini yerinə yetirdiyi təqdirdə çəkəcəyi əzablara görə ümidsizliyə qapanır. Lakin Yeremya bilir ki, onun söylədiyi sözlər ona məxsus deyil, o, sadəcə elçidir. Allahın adından danışmaq xüsusi istedad tələb etmir. Biz Onun Kəlamını eşidəndə və ona əməl etməyə çalışanda, Allahın Özü bizdə işləməyə başlayır və Onun xeyirxahlığı haqqında başqalarına şəhadət etmək üçün bizə güc verir. Kəlamının insan qəlbində yaşamasına yol açan Allahdır.

İNCİL Mark 6, 17-29

Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi. Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

əڲ  

Vəftizçi Yəhya hər peyğəmbərin taleyini bölüşür. O, hər zaman tələbkar olan və vicdanı oyadan Allahın Kəlamının bəyan edilməsinin haqqını şəxsən öz həyatı ilə ödəyir. O, çox gözəl bilirdi ki, bu, onun missiyası idi, lakin o, başqa bir həqiqəti də dərk etdi: ona Məsihin sələfi olmaq, yəni hər şeydə, o cümlədən çarmıxda ölüm də daxil olmaqla, Məsihə yol hazırlamaq yazılmışdır. Bu mənada Yəhyanın ölümü İsanın ölümünün timsalına çevrilir. Bəzi şeyləri açıq demək asan deyil, xüsusən də onlar günah və Allahdan və Onun lütfündən uzaqlaşmaq haqqında olduqda. Lakin biz həqiqəti söyləməkdən qaça bilmərik.

29 avqust 2025, 09:57