Liturgiya oxunuşları: 24 AVQUST. Adi Dövrün XXI RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Yeş 66,18-21
«Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək. Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
əڲ
Artıq Yeşaya peyğəmbərin dövründə bu peyğəmbərlik qəribə səslənməli idi: Allah bütpərəst xalqlar arasından Özünə sadiq olanları necə seçə bilər? Məgər İsrail Onun seçilmiş xalqı deyilmi? Bəs niyə digər xalqlar arasında kahinlər axtarıb onları levililərlə, yəni Rəbbin məbədində ibadət edənlərlə eyniləşdirmək lazımdır? Lakin peyğəmbərin mesajı həqiqətən də düşündürücüdür: Uca Allah ilk növbədə Ona qəlbən sadiq olanları, Onun kəlamına riayət etməyə çalışanları axtarır. Əgər biz Onun bəyəndiyi əməlləri etməsək, heç bir titulla fəxr edə bilmərik - hətta bu titul seçilmiş xalqa aidiyyatı göstərən bir titul olsa belə.
İKİNCİ OXUNUŞ İbr 12,5-7.11-13
Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. Çünki Rəbb sevdiyini tərbiyələndirər, qəbul etdiyi hər oğulu döyər». Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin? Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
əڲ
Əgər nə vaxtsa kimisə onun xeyri üçün məzəmmət etməli olmusunuzsa, bu sözlərin mənasını daha yaxşı başa düşəcəksiniz: çox vaxt məzəmmət edən məzəmmət olunandan daha çox əziyyət çəkir. Bəzən islahın insan üçün şəfalı xilas mənbəyi olduğunu bilən Allahla da bu baş verir. Heç kim danlanmağı və nəsihət eşitməyi xoşlamır: bunun bizim xeyrimizə olduğuna inanmaq həqiqətən böyük iman tələb edir! Amma buna görə ruhdan düşməməliyik. Gəlin bizim başımıza gələn hər bir əzab-əziyyəti Allahın bizə daxili, mənəvi inkişafın getdikcə daha böyük və mükəmməl səviyyəsinə çatmağa kömək etmək cəhdi kimi görməyə çalışaq. Bu, bizi sevən və həmişə yalnız bizim üçün ən yaxşısını istəyən Allaha imanla yaşamağın ən yaxşı yoludur.
İNCİL Luka 13,22-30
İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
əڲ
Bizim meyyarlarımız Allahın meyyarlarından nə qədər fərqlidir! İncildən olan parçadakı insan kimi, biz də iman həyatımızın ikinci dərəcəli təfərrüatlarına diqqət yetiririk ki, bu da çox vaxt yalnız marağımızı təmin etməyə xidmət edir. Rəbb istəyir ki, biz xilasın, ilk növbədə, Allahın ənamı olduğunu başa düşək. Və bu ənam çox vacib olduğuna görə, Rəbbin belə səbirlə səpdiyi kəlamı ürəkdə bəsləyərək, onu tam həvəslə və diqqətlə qəbul etmək lazımdır. Əks halda, hətta Onun adı ilə möcüzələr göstərmək və ya böyük xütbələr söyləmək heç bir xeyir gətirməyəcək. Bu, son nəticədə Allah qarşısında cavab yükümüzü artıracaq. Buna görə də, fövqəltəbii peyğəmbərlikləri gözləmək əvəzinə, gəlin Səmavi Padşahlıq üçün sevgi və sədaqətlə çalışaq.