Liturgiya oxunuşları: 20 AVQUST. Müq. Bernard
BİRİNCİ OXUNUŞ Hak 9,6-15
Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi. Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin. Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”. Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?” Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”. Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?” Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”. Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?” Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”. Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”.
əڲ
Tarix ədalətsizliklə doludur və Avimelek müqəddəs tarixdə haqsızlıq edənlərin simvolu kimi xatırlanır. Hiylə ilə padşah olan və öz qardaşlarını öldürməklə özünü ləkələyən o, törətdiyi qırğından xilas olan ən kiçik qardaşı tərəfindən ifşa olundu. İnsanlar ən ağır günahları qaranlıqlarda gizlətməyə çalışsalar da, gec-tez həqiqət üzə çıxır. Odur ki, bizi heç bir şeyə görə qınamayan təmiz və qüsursuz vicdandan yaxşı heç nə yoxdur. Əgər vicdanımız bizi bir şeyə görə məzəmmət edərsə, Tövbə Sirrinə müraciət etmək və ondan sonra edilən pisliyi mümkün qədər düzəltməyə çalışmaq lazımdır.
İNCİL Мatta 20,1-16a
Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. Onlar da bağa getdilər. Altıncı† və doqquzuncu saat‡ radələrində yenə çıxıb belə etdi. On birinci saat§ radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
əڲ
Sırf insani olan və çox vaxt eqoizm və şəxsi mənfəət arzusu ilə işarələnən və buna görə də Uca Allahın həqiqi niyyətlərinə uyğun gəlməyən qiymətləndirmə meyarlarını Allaha aid etmək böyük səhv olardı. Bu halda İsa şagirdlərinə başa salmaq istəyir ki, Allah tərəfindən seçilmək zaman məsələsi deyil, ürəyin iradəsi ilə bağlıdır. Həqiqətən, Məsih bildirir ki, bəzən məhz bizim Allaha yaxın saymadığımız kəslər, bəlkə də, illərlə Messə gedən, lakin o qədər də səxavətli olmayan bir çoxlarından daha açıq və hazır ürəkli olurlar. Buna görə də, insan zahiri görünüşə aldanmamalıdır: Allahı və Onun sözünü dinləmək istəyi və bacarığı həqiqi xristian yolunun əsl təminatıdır. Qalan hər şey ürəyimizin illüziyası ola bilər ki, bu da əslində bizi Rəbbdən uzaqlaşdıra bilər.